Prezident: Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır
Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır.
azxeber.com bildirir ki, bunu Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilir. Onu da deməliyəm ki, bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək.
Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq.
Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti - bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut - Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək.
İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb.
Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək".

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Proqramçılar üçün TOP-5 Freelance sayt