Biznesə aid 2023-cü ildə qüvvəyə minən qanunvericilik aktlarının icmalı - 1-Cİ HİSSƏ
Ötən 2022-ci ildə sahibkarlıq sahəsində bir sıra qanunvericilik aktları qəbul edilmişdir. Onların arasında həm yeni qanunlar, fərmanlar və sərəncamlar, həm də mövcud aktlara, o cümlədən, məcəllələrə əlavə və dəyişikliklər vardır. Eyni zamanda, bir sıra normativ hüquqi aktlar 2023-cü ildə qüvvəyə minirlər. Beləliklə, bu yazıda sahibkarlıq sahəsində 2022-ci ildə qəbul edilmiş və qüvvəyə minmiş, yaxud, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən bir sıra qanunvericilik aktlarından bəhs edilir.
"Qida təhlükəsizliyi haqqında" Qanun
30 iyun 2022-ci il tarixdə dərc edilən "Qida təhlükəsizliyi haqqında" 5 may 2022-ci il tarixli Qanun bəzi istisnalarla (Qanunun 38.6-cı, 38.7-ci və 38.8-ci maddələri nəzərə alınmaqla) 2023-cü il yanvarın 1-dən qüvvəyə minir (bu Qanunun qüvvəyə mindiyi gündən "Yeyinti məhsulları haqqında" Qanun da ləğv edilir).
9 fəsildən və 38 maddədən ibarət olan bu Qanun Azərbaycan ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Fəsillərdə qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi, qida təhlükəsizliyinin əsas prinsipləri, qida təhlükəsizliyi sahəsində normativ tənzimləmə, tələblər, qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə, qida subyektlərinin hüquq və vəzifələri barədə müddəalar əks edilir.
Bu Qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə, əlavə olaraq, qida məhsulları ilə təmasda olan material və məmulatlara, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə şamil olunur.
Qanunda verilmiş anlayışa əsasən, qida məhsulları - insanların qidalanması üçün nəzərdə tutulan emal olunmamış, yarımemal olunmuş və ya tam emal olunmuş məhsullar, o cümlədən qida əlavələri, bioloji aktiv qida məhsulları, qida xammalı, içkilər (alkoqollu və alkoqolsuz), içməli su (qablaşdırılmış), duz və saqqızdır. Bu anlayışa yem məhsulları, istehlak üçün hazır olmayan diri heyvanlar, toxum, məhsulun yığımına qədər bitkilər, dərman vasitələri, ətriyyat-kosmetik vasitələr, tütün və tütün məhsulları, narkotik və psixotrop maddələr və çirkləndirici maddələr daxil deyil.
Qanunda risklərin elmi sübutlarla təhlili, həyat və sağlamlığa mümkün təhlükənin qarşısının alınması üçün müvəqqəti tədbirlərin tətbiqi, qida təhlükəsizliyi sahəsində istehlakçıların hüquqlarının müdafiəsi kimi qida təhlükəsizliyinin əsas prinsipləri qeyd edilmişdir.
Qanuna əsasən, təhlükəli (o cümlədən, zərərli, istehlak üçün yararsız) qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır. Müvafiq orqan (qurum) tərəfindən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestri aparılır.
Qanunda xüsusi təyinatlı (uşaqlar üçün və s.) qida məhsullarının və bioloji aktiv qida məhsullarının, zənginləşdirilən (fortifikasiya olunan) qida məhsullarının təhlükəsizliyinə, genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına, içməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə olunan suyun təhlükəsizliyinə, ilkin istehsal məhsullarının təhlükəsizliyinə, qida və yem məhsullarının istehsalı və emalı zamanı, qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı, qida və yem məhsullarının saxlanması və daşınması zamanı, qida və yem məhsullarının satışı və istehlakı zamanı onların təhlükəsizliyinə, gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə, Azərbaycandan ixrac və ya təkrar ixrac edilən qida və yem məhsullarının təhlükəsizliyinə, qida subyektlərinin əməkdaşlarına, qida məhsulları ilə təmasda olan material və məmulatlara dair bir çox tələblər nəzərdə tutulmuşdur.
Habelə, Qanunda qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə, o cümlədən, obyektlərin (subyektlərin) qeydiyyat və təsdiqi, qida təhükəsizliyi reyestrinin aparılması, məhsulların qeydiyyatı, qida və yem məhsullarının sertifikatlaşdırılması, məhsulların izlənilməsi kimi müddəalar da yer almışdır.
Bu Qanun qüvvəyə minənədək aparılmış qida təhlükəsizliyi qeydiyyatı bu Qanuna əsasən qeydiyyata alınmalı qida obyektlərinə və qida obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinə münasibətdə öz qüvvəsini saxlayır. Habelə, bu qeydiyyat Qanuna əsasən təsdiq edilməli olan qida obyektlərinə münasibətdə həmin obyektlərin bu Qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yenidən qiymətləndirilməklə təsdiq edilənədək öz qüvvəsini saxlayır. Bu Qanun qüvvəyə minənədək dövriyyəyə buraxılmış bu Qanuna əsasən qeydiyyata alınmalı olan məhsulların dövriyyəsinə yol verilir.
"İnvestisiya fəaliyyəti haqqında" qanun
"İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu 22 iyun 2022-ci il tarixdə qəbul edilmiş, 28 iyul 2022-ci il tarixdə qüvvəyə minmişdir.
4 fəsildən və 19 maddədən ibarət olan bu yeni qanun Azərbaycanda investisiya fəaliyyətinin (investisiya qoyuluşu ilə bağlı olan hərəkətlərin) hüquqi və iqtisadi əsaslarını müəyyən edir, investorların hüquqlarının və qanuni maraqlarının qorunmasına təminat verir. Qanunda verilmiş anlayışlara əsasən, "investisiya" gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar, "investor" isə Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətini həyata keçirən yerli investor (Azərbaycan Respublikasının vətəndaşı və hüquqi şəxsi) və xarici investordur (əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, habelə xarici dövlətdir).
Bu Qanun qüvvəyə mindiyi gündən "Xarici investisiyanın qorunması haqqında" və "İnvestisiya fəaliyyəti haqqında" qanunlar ləğv edilir. Həmin qanunların qüvvədə olduğu zaman investorlara münasibətdə bu qanunlar əsasında təmin edilən daha əlverişli şərtlər 10 il müddətinə qüvvəsini saxlayır.
Yeni Qanunun 6-cı maddəsinə əsasən, dövlət investisiya fəaliyyətinin təşviqi məqsədilə vergi və digər dövlət ödənişləri üzrə güzəştlərin müəyyən edilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi, xüsusi iqtisadi zonaların, sənaye parklarının və digər rejimli zonaların yaradılması, dövlət-özəl tərəfdaşlığı mexanizminin genişləndirilməsi, yerli və xarici investorlara Azərbaycan investisiya potensialı, habelə investisiya fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, investisiya layihələri və potensial tərəfdaşlar barədə onlayn platformalar vasitəsilə məsləhət və məlumatların verilməsi, investisiya fəaliyyətinin təşviqi məqsədini daşıyan digər tədbirlər həyata keçirir.
Eyni zamanda, Qanunun 7-ci maddəsinə əsasən, investisiya fəaliyyəti sahəsində iqtisadiyyatın texnoloji tutumunu artıran, innovasiyaların tətbiqinə və inkişafına yönələn, ekoloji təmiz texnologiyaların tətbiqinə əsaslanan, ətraf mühitin sağlamlaşdırılmasını, təbii sərvətlərdən səmərəli istifadəni nəzərdə tutan, regionların inkişafını, əhalinin sağlam həyat tərzinin inkişafını dəstəkləyən, sosial infrastrukturun və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönələn, müasir tələblərə uyğun bilik və bacarıqların formalaşmasını şərtləndirən investisiya layihələri üzrə 6-cı maddədə nəzərdə tutulan investisiya təşviqi tədbirlərinə üstünlük verilir.
Qanunda, eyni zamanda, investisiya fəaliyyətinə dövlət tərəfindən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlar yerli və xarici investorlara və onların investisiyalarına eyni rejimin tətbiq olunması, milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat, investisiya gəlirlərinin köçürülməsinə dair təminat və digər bu kimi təmanatlardır.
"Dövlət-özəl tərəfdaşlığı haqqında" Qanun
"Dövlət-özəl tərəfdaşlığı haqqında" 9 dekabr 2022-ci il tarixli qanun 27 dekabr 2022-ci il tarixdə dərc edilərək qüvvəyə minmişdir. Bu Qanun qüvvəyə mindiyi gündən "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Qanun ləğv edilir. 8 fəsil və 40 maddədən ibarət olan bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunda dövlət-özəl tərəfdaşlığının tənzimlənməsi, dövlət-özəl tərəfdaşlığı layihələri, onların seçilməsi qaydası, iddiaçılara dair tələblər, dövlət-özəl tərəfdaşlığı müsabiqəsi, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin şərtləri, bağlanılması, dəyişdirilməsi və ləğvi qaydası, özəl tərəfdaşlara və kreditorlara verilən dövlət dəstəyi və təminatlar barədə müddəalar əks edilmişdir. Qanun Azərbaycan ərazisində dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir. Qanunda verilmiş anlayışa əsasən, "dövlət-özəl tərəfdaşlığı" dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair bu Qanuna uyğun olaraq bağlanılan müqaviləyə əsaslanan dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyətidir.
Qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 (qırx doqquz) ildir. Səlahiyyətli orqan tərəfindən layihələrin siyahısı rəsmi internet səhifəsində, məlumat bazasında yerləşdirildikdən və ya mediada dərc edildikdən sonra layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslər bu barədə niyyətlərini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq səlahiyyətli orqana bildirmək hüququna malikdirlər. İddiaçı layihələr siyahısından əlavə özəl təşəbbüs irəli sürə bilər. Dövlət-özəl tərəfdaşlığına dair müsabiqə müsabiqə barədə elanın verilməsi, iddiaçılar tərəfindən müsabiqədə iştirakla bağlı müraciətlərin təqdim edilməsi, müsabiqədə iştirak üçün müraciət etmiş iddiaçıların ixtisas uyğunluğunun qiymətləndirilməsi, ixtisas uyğunluğundan keçmiş iddiaçılara müsabiqənin şərtlər toplusunun təqdim edilməsi, ixtisas uyğunluğundan keçməmiş iddiaçılara bu barədə yazılı bildirişin göndərilməsi, iddiaçılar tərəfindən təqdim olunmuş layihə təkliflərinin qiymətləndirilməsi və müsabiqə qalibinin, həmçinin ikinci və üçüncü yeri tutmuş iddiaçıların seçilməsi mərhələlərindən ibarət olmaqla açıq formada keçirilir. Dövlət-özəl tərəfdaşlığı müsabiqəsinin qalibi və ya birbaşa danışıqlar aparılması yolu ilə cəlb edilmiş özəl tərəfdaşla dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanılır. Dövlət-özəl tərəfdaşlığı layihəsi kreditor tərəfindən maliyyələşdirildikdə kreditora əlavə təminat verilməsi məqsədilə dövlət tərəfdaşı, özəl tərəfdaş və kreditor arasında birbaşa müqavilə imzalana bilər. Kreditorlarla birbaşa müqaviləyə tərəflər arasında dövlət-özəl tərəfdaşlığı layihəsinə dair məlumat mübadiləsi, kreditorun (kreditorların) hüquqları və bu hüquqların həyata keçirilməsi şərtlərini nəzərdə tutan işgüzar adətlərlə tələb olunan müddəalar daxil edilə bilər. Dövlət-özəl tərəfdaşlığı layihəsinə "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar şamil edilir.
Qanunda həmçinin, özəl tərəfdaşın fəaliyyətinə, qanunvericiliyin dəyişməsinin təsirlərinə dair, dövlət-özəl tərəfdaşlığında maliyyələşmə üsullarının seçilməsinə, hesablaşma və valyuta ilə əməliyyatların aparılmasına, tənzimlənən qiymətlərlə bağlı, əmlakdan istifadəyə və mülkiyyətə təminatlar da nəzərdə tutulur.
"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə"
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1905 saylı Fərmanı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə" mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin (KOB klasteri) yaradılmasının və ləğvinin, habelə KOB klasterində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını tənzimləyir. Nümunəvi Əsasnamədə KOB klasteri yaradılmasının məqsədləri, KOB klasterinin yaradılması, KOB klaster şirkətinə və iştirakçılarına şəhadətnamələrin verilməsi, qüvvəsinin dayandırılması və ləğv edilməsi, fəaliyyətdə olan KOB klasterinə yeni iştirakçıların qəbul edilməsi, KOB klasterinin yaradılması və fəaliyyəti ilə bağlı işlərin maliyyələşdirilməsi kimi hissələr əks edilmişdir.
Əsasnamədə verilmiş anlayışa əsasən, "KOB klasteri" eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusudur, "KOB klaster şirkəti" müəyyən edilmiş meyarlara cavab verən və KOB klaster şirkətinin şəhadətnaməsi verilmiş kommersiya hüquqi şəxsidir, "KOB klasterinin iştirakçısı" isə KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxsdir.
KOB klasterinin yaradılması üçün kommersiya hüquqi şəxsi KOB klaster şirkətinin şəhadətnaməsini alır. KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul olunması üçün kommersiya hüquqi şəxsi müvafiq ərizə ilə KOBİA-ya müraciət edir. KOB klasterinin yaradılması və fəaliyyətinin təşkili KOB klaster şirkətinin təsisçisinin (təsisçilərinin) ayırdığı vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Nümunəvi Əsasnaməyə KOB klasterinin funksional xəritəsi, KOB klasteri yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması, KOB klasterinin fəaliyyətində iştirak haqqında və KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul olunması üçün ərizə formaları, KOB klasterinin fəaliyyətində iştirak haqqında müqavilənin nümunəvi forması əlavə edilmişdir.
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"
2023-cü il yanvarın 1-dən qüvvəyə minən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli Fərmanı ilə "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"yə bir sıra əlavə və dəyişikliklər edilmiş, "texnologiyalar parkı" və "texnoparkın rezidenti" anlayışları genişləndirilmiş və "sistem inteqrasiyası" və "proqram təminatının inkişafı" kimi yeni anlayışlar əlavə edilmişdir:
"1.2.1. texnologiyalar parkı (bundan sonra – texnopark) – innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, proqram təminatlarının hazırlanması, inkişaf etdirilməsi, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi;
1.2.4. texnoparkın rezidenti – bu Əsasnamə ilə müəyyən edilmiş qaydada texnoparkın qeydiyyat şəhadətnaməsini alıb, texnoparkda və ya texnoparkdan kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;".
"1.2.13. sistem inteqrasiyası – vahid bir sistem kimi fəaliyyət göstərməsi məqsədilə bir və ya bir neçə avadanlığın fəaliyyətini əlaqələndirən və (və ya) təmin edən proqram təminatının hazırlanması və tətbiqi prosesi;
1.2.14. proqram təminatının inkişafı – proqramların, çərçivələrin və ya proqram komponentlərinin layihələndirilməsi, sənədləşdirilməsi, yaradılması və saxlanılması prosesi.".
Bundan başqa, Əsasnaməyə "Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı" adlı 6 alt-hissədən ibarət 9-1-ci hissə əlavə edilmişdir.
Miqrasiya Məcəlləsi
2023-cü il yanvarın 1-dən Miqrasiya Məcəlləsinin 64.0.19-cu maddəsi bu məzmunda qüvvəyə minir: "64.0.19-cü maddəsinə əsasən, texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə". Yəni bu əcnəbilər və vətəndaşlığı olmayan rezident və mütəxəssisələrə iş icazəsinin alınması tələb olunmur.
Habelə, dəyişdirilən 45.1.7-1-ci maddəyə əsasən, yuxarıda qeyd olunan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar istisna olmaqla).
Yoxlamaların dayandırılması müddəasının müddətinin bitməsi
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılır. Beləliklə, 2023-cü il yanvarın 1-dən sonra sahibkarlıq sahəsində yoxlamaların aparılmasının dayandırılması müddəasının müddəti bitir. Lakin 2015-ci il noyabrın 1-dən qüvvəyə minmiş bu qanunda göstərilən dayandırılma müddətinin 3 dəfə uzadılması təcrübəsini nəzərə alaraq bu il də həmin müddətin uzadılacağını ehtimal etmək olar.
İstənilən halda, onu da nəzərə almaq lazımdır ki, Qanunun 2.1-ci maddəsinə əsasən, "Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər". Habelə, bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir.
Qeyd: Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" Qanuna və digər aktlara edilmiş əlavə dəyişikliklər icmalın ikinci hissəsində təqdim olunacaqdır.
Hazırladı:
Vəkil Allahverən Oruclu
Biznes hüququ məsləhətçisi / fed.az