Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) İqlim Dəstəkçisi kimi iştirak edib.
FED.az xəbər verir ki, Trendyol COP31-də dayanıqlılıq sahəsində həyata keçirdiyi layihələri, fəaliyyət istiqamətlərini və gələcək hədəflərini təqdim edib. Şirkət həmçinin bütün dəyər zəncirində dayanıqlı böyümənin təmin edilməsi, regionların inkişafında texnologiyanın rolu və iqlim hədəflərinə çatmaqda özəl sektorun töhfəsi kimi məsələləri gündəmə gətirib.
"Rəqəmsallaşma yerli inkişafın hərəkətverici qüvvəsi ola bilər"
COP31 çərçivəsində "Dayanıqlı transformasiya üçün özəl sektorun töhfəsi ilə təşəbbüslərin sürətləndirilməsi: insan kapitalına, innovasiyalara və iqlim dayanıqlılığına investisiya" adlı paneldə iştirak edən Trendyol Qrupunun sədr müavini Sinan Cem Şahin BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə həyata keçirilən "Sabahın kəndləri" layihəsinin regionların inkişafına verdiyi töhfələrdən danışıb: "Trendyol olaraq inanırıq ki, rəqəmsallaşma yerli potensialı yeni iqtisadi imkanlarla birləşdirərək regionların inkişafına güclü təkan verə bilər. BMT-nin İnkişaf Proqramı (UNDP) ilə 2022-ci ildən həyata keçirdiyimiz "Sabahın kəndləri" layihəsi indiyədək 10 mindən çox insanı əhatə edib. Onlardan təxminən 6 min 500 nəfəri qadınlar və qız uşaqlarıdır. Rəqəmsal mərkəzlərimiz vasitəsilə yerli istehsalçıların, qadınların və gənclərin yeni bacarıqlar əldə etməsinə, sahibkarlıq potensiallarını inkişaf etdirməsinə və daha geniş bazarlara çıxış imkanları qazanmasına dəstək veririk. Məqsədimiz regionlarda yaşamağın daha az imkanlara sahib olmaq anlamına gəlmədiyi, insanların öz bölgələrində dayanıqlı gələcək qura bildiyi bir ekosistemin inkişafına töhfə verməkdir".
Trendyol dayanıqlılıq hədəflərini 2030 yol xəritəsilə gücləndirdi
Trendyol COP31 çərçivəsində dayanıqlılıq sahəsində həyata keçirdiyi layihələri təqdim edib. Şirkət bu sahədəki fəaliyyəti və gələcək hədəflərini dördüncü Dayanıqlılıq Hesabatında da ətraflı açıqlayıb.
Trendyol 2025-ci ildə logistika mərkəzləri və əməliyyat obyektlərində sertifikatlaşdırılmış bərpaolunan elektrik enerjisindən istifadəyə keçib. Ofislər də daxil olmaqla, bütün məkanlarında istehlak etdiyi elektrik enerjisinin 56 faizini sertifikatlaşdırılmış bərpaolunan mənbələrdən təmin edən şirkət bazar əsaslı 2-ci əhatə dairəsi (Scope 2) emissiyalarını əvvəlki illə müqayisədə 58 faiz azaldıb.
Trendyol 2030-cu ilədək bütün məkanlarında sertifikatlaşdırılmış bərpaolunan elektrik enerjisindən istifadə etməyi, 50 min insanın rəqəmsal və iqtisadi baxımdan güclənməsinə dəstək verməyi, həmçinin 5 min ixtisaslı e-ticarət mütəxəssisi yetişdirməyi hədəfləyir. Şirkət uzunmüddətli iqlim öhdəlikləri çərçivəsində 2040-cı ilədək öz əməliyyatlarında, 2050-ci ilədək isə bütün dəyər zəncirində karbon neytrallığına nail olmağı hədəfləyir.
COP31 müddətində "Trendyol"un stendini ziyarət edən qonaqlar şirkətin dayanıqlılıq sahəsindəki fəaliyyəti və "Sabahın kəndləri" layihəsi haqqında məlumat alıblar.


İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?
Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?
Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib
Rəsmi məlumat deyir ki, Xankəndidə restoranların illik dövriyyəsi – CƏMİ 1,2 MİLYON MANATDIR
Şuşa restoranlarında bir ildə - 7 MİLYON MANAT HESAB VERİLİB
Hansı rayonun restoranları daha çox qazanır? – RAYONLAR, MƏBLƏĞLƏR, SİYAHI
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Milyonlar qazandıran qəribə biznes ideyaları
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Ev şəraitində pul qazanmağın yolları