Balidə Azərbaycan restoranı açan azərbaycanlı buradakı biznes mühit haqqında : "Dost münasibəti quranda çətinliklər öz-özünə həll olunur"

Balidə Azərbaycan restoranı açan azərbaycanlı buradakı biznes mühit haqqında : Ölkəmizdən min kilometrlərlə uzaqda, İndoneziyanın məşhur Bali adasında fəaliyyət göstərən ilk Azərbaycan restoranının sahibi Sarvan Qədirov doğma mətbəximizin dadını tropik adaya daşıyıb.
FED.az xəbər verir ki, "Kasaba" adlı restoran həm yerli sakinlər, həm də turistlər tərəfindən böyük maraqla qarşılanır. Ən çox sifariş edilən yeməklər arasında yarpaq dolması, plov növləri və kabablar xüsusi yer tutur.
– Sarvan bəy, əvvəlcə sizi yaxından tanıyaq. Azərbaycanda harada yaşamısınız, nə işlə məşğul olmusunuz?
– Mən Bakıda doğulub böyümüşəm. Uşaqlıqdan yaradıcı sahələrə marağım olub. İlk illərdə reklam, dizayn, fotoqrafiya kimi müxtəlif sahələrdə çalışmışam. Həmişə yenilik yaratmaq və insanlara fərqli təcrübələr bəxş etmək istəmişəm.
– Baliyə köçmək ideyası necə yarandı? Bu qərar bir anda verildi, yoxsa uzun müddət düşünülmüş bir plan idi?
– Sözsüz ki, bu qərar bir anda verilmədi. Amma Bali ilə ilk tanışlığımız o qədər doğma oldu ki, burada yaşayacağımı dərhal hiss etdim. Uzun müddət axtardığım daxili rahatlığı burada tapdım. Artıq Bali ilə beşillik münasibətimiz var.
– Bura köçəndə restoran açmaq niyyətində idiniz, yoxsa bu ideya sonradan formalaşdı?
– Əvvəlcə məqsədim sadəcə yaşamaq idi. Zamanla burada Azərbaycan mətbəxini tanıyan və sevən insanlar olduğunu gördüm. Bu boşluğu hiss edərək həm ölkəmi tanıtmaq, həm də vətənin dadını uzaqlarda yaşatmaq məqsədilə restoran açmaq qərarına gəldim.
– Bu layihəni tək həyata keçirdiniz, yoxsa partnyorunuz da var?
– Layihəyə dostum Ələkbərlə birgə başladıq. İşin həcmi artdıqca bizə dəstək olan insanlar da oldu, xüsusilə həyat yoldaşım Nazilə. Ələkbərlə uzun illər dostluğumuz var. O həm gurmandır, həm də bacarıqlı proqramçıdır. Birlikdə fərqli ideyalar üzərində düşünərək "Kasaba"nı yaratdıq.
– Restoranın adı "Kasaba"dır. Bu adın xüsusi mənası varmı?
– "Kasaba" türk dilində "balaca şəhər" və ya "qəsəbə" deməkdir. İstədik ki, bu ad həm doğmalığı, həm də qlobal anlamı əks etdirsin. "Kasaba" sadəliyi və özünəməxsusluğu ifadə edən bir addır.
– Restoran haqqında ətraflı məlumat verə bilərsinizmi? Konsepti, fəaliyyət tarixi, komanda üzvləri barədə nə deyə bilərsiniz?
– "Kasaba" Bali adasında fəaliyyət göstərən ilk Azərbaycan mətbəxi restoranıdır. Konseptimiz ənənəvi yeməkləri orqanik və yerli məhsullarla təqdim etməkdir. Restoran 2023-cü ildən fəaliyyət göstərir. Komandamız yalnız indoneziyalılardan ibarətdir. Bu nəticəyə çatmaq üçün çox vaxt və əmək sərf etmişik.

– Menyunu tərtib edərkən əsas hansı meyarlara əsaslandınız?
– Əsas məqsəd doğma dadları qorumaq idi. Eyni zamanda, həm yerli, həm də xarici qonaqların damaq zövqünü nəzərə almağa çalışdıq. Menyuda klassik Azərbaycan yeməkləri yer alsa da, təqdimatda modern yanaşmalara üstünlük verdik.
– Hazırda menyuda hansı yeməklər var? Bu yeməkləri Balidə hazırlamaq nə dərəcədə mümkündür?
– Menyumuzda kükü, dolma, yarpaq dolması, səbzi plov, üç bacı dolması kimi yeməklər var. Bəzən bəzi ərzaqları tapmaq çətin olur, lakin yerli bazarları və idxal imkanlarını araşdıraraq orijinal ləzzəti qorumağa çalışırıq. Şefimizin təcrübəsi və seçilən məhsullar sayəsində dad fərqi demək olar ki, hiss olunmur.
– İstifadə etdiyiniz ərzaqlar barədə danışardınız. Ədviyyatlar və bəzi inqrediyentləri Azərbaycandan gətirirsinizmi?
– Bəli, zəfəran, çay, kəklikotu, sumaq kimi bəzi spesifik ədviyyatlar Azərbaycandan gətirilir. Təzə məhsulları isə Balidəki orqanik fermer bazarlarından əldə edirik. Beləliklə, həm yerli, həm də milli dəyərləri birləşdiririk.
– Restoranın əsas müştəriləri kimlərdir?
– Əsas auditoriyamız xarici turistlər və gurme yeməklərə maraq göstərən yerli sakinlərdir. Eyni zamanda, Azərbaycandan gələn qonaqlar da olur və onlar üçün "Kasaba" bir növ nostalji məkandır. Mətbəximizi tanıtmaqdan böyük həzz alırıq.
– Xarici qonaqların ən çox maraq göstərdiyi yeməklər hansılardır?
– Ən çox maraq doğuran yeməklər yarpaq dolması, plovlar və kabablardır. Bəziləri deyir: "Bu dad həm tanış, həm də fərqlidir - nostalji ilə ekzotikanın qarışığıdır". Bu fikirlər bizi çox sevindirir.
– Azərbaycandan gələn müştərilər restoran haqqında nə deyirlər?
– Ən çox eşitdiyimiz ifadə: "Ev yeməyinin dadı gəldi". İnsanları vətəndən uzaqda tanış ləzzətlərlə sevindirmək mənim üçün böyük motivasiyadır.

– Bali kimi uzaq bir yerdə restoran Biznesi qurmaq sizin üçün nə dərəcədə çətin oldu?
– Çətinliklər kifayət qədər oldu. Dil baryeri, mədəniyyət fərqləri, icazələr, logistika və sair. Amma istəyimiz və inamımız bu çətinlikləri aşmağımıza yardımçı oldu. Əsas olan düzgün niyyət və səbirdir.
– Bali sizin üçün nə deməkdir? Burada yaşamaq sizə nə hiss etdirir?
– Bali mənim üçün sakitlik, ilham və daxili balans deməkdir. Təbii gözəllikləri, mədəniyyəti və insanlarının səmimiyyəti xoş enerji bəxş edir. Burada yaşamaq həyat ritmimi daha dərinləşdirdi.
– Biznes mühiti necədir? Rəsmi prosedurlar və yerli bazarda fəaliyyət hansı çətinliklərlə müşayiət olunur?
– Bürokratik proseslər elə də çətin deyil, sadəcə, uyğunlaşma vaxt tələb edir. Yerli məsləhətçilərlə işləmək və adət-ənənələrə hörmətlə yanaşmaq çox önəmlidir. Dost münasibət qurulduqdan sonra çətinliklər öz-özünə həll olunur.
– Bali nisbətən münasib qiymətləri ilə tanınır. Bu, restoran biznesinizə necə təsir edir?
– Doğrudur. Əməkhaqqı, icarə və bəzi məhsullar daha münasibdir. Bu da bizə keyfiyyətli yeməkləri daha sərfəli qiymətlərlə təqdim etməyə şərait yaradır. Amma bəzi məhsullar Bakıya nisbətən burada daha bahadır.
– Menyudakı bəzi yeməklərin qiymətləri barədə də oxucularımıza məlumat verə bilərsinizmi?
– Əlbəttə. Məsələn, yarpaq dolması 7 dollar, səbzi plov 7 dollar, üç bacı dolması isə 8 dollardır. Bu qiymətlər həm yerli bazara uyğundur, həm də təqdim etdiyimiz keyfiyyətə dəyər verir.
– Gələcək planlarınız barədə nə deyə bilərsiniz? "Kasaba"nı genişləndirmək və ya başqa sahələrdə fəaliyyət göstərmək niyyətiniz varmı?
– Əsas hədəfimiz "Kasaba"nı daha geniş kütləyə tanıtmaq və gələcəkdə digər şəhərlərdə də filiallar açmaqdır. Uzunmüddətli planımız Azərbaycan mədəniyyətini tanıdan layihələrə imza atmaqdır. Məsələn, sənət, musiqi və turizm sahəsində. Vətənlə əlaqəni kəsmədən onu dünyada daha çox tanıtmaq istəyirik (AzərTac).

Biznes     Tarix: 05 avqust 2025

Oxşar xəbərlər

Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir

Özbəkistanda Azərbaycan kapitallı 473 şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi bildirir. Məlumata görə, bu il iyulun 1-nə Özbəkistanda xarici investisiyalı 20 502 müəssis

Bakıda test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq

Azərbaycanda sayca üçüncü KOB klaster şirkəti – "Healthtech Solutions KOB Klaster Şirkəti" MMC yaradılıb. Orxan Məmmədov: "KOB-ların üçün inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır". Bu barədə -a İqtisadiyya

11 milyonluq daha bir şirkət MMC-yə çevrilir 

"Azər Maya İstehsal" QSC (VÖEN: 1505428971) təşkilatı-hüquqi formasını dəyişir. Azərbaycanda 10 milyon manatlıq şirkət – MMC-YƏ ÇEVRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  QSC çevrilmə şəklind

Dövlət Xidməti isti hava ilə bağlı - ŞİRKƏTLƏRƏ XƏBƏRDARLIQ EDİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti sabaha gözlənilən isti hava – 41 dərəcə temperaturla bağlı ndən işəgötürənlərə müraciət edib. xəbər verir ki, müraciətdə Müfəttişlik işəgötürənlər

Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 90 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Türkiyədə Azərbaycan kapitallı 116 yeni şirkət yaradılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 90,2 % çoxdur. Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir

"AZZA"ya yeni rəhbər təyin edilib - DETALLAR

Azərbaycanda şirniyyat evi olan "AZZA"ya yeni rəhbər təyin edilib. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, Nəriman Hüseynov Eldar oğlu "AZZA" QSC-yə yeni rəhbə

Dövlət Xidməti zərgərlik məmulatlarını satan sahibkarlarla görüş keçirib

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün istehlakçı hüquqlarının müdafiəsi sahəsində mütəmadi olara

Şirkət nümayəndəsi vəfat edib - "Şahşərab"ın səhmdarları toplanır

Naxçıvanın Şahbuz rayonunda "Şahşərab" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. biznees və maliyyə xəbərləri portatalı xəbər verir ki, 26 iyul 2026-cı il saat 12.00-da Şahbuz şəhəri, H.Əliye

Orxan Məmmədov: "KOB-ların üçün inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır"

Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxa


iqtisadi xeberler kicik biznes bitcoin qiymeti online pul qazanmaq bitkoin