Gələn il "Azəri Mərkəzi Şərqi" platformasından ilk neft əldə olunacaq

Gələn il "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından ilk neft 2024-cü ilin əvvəllərində əldə olunacaq.
Bu barədə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənməsi layihəsinin operatoru BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ACE platformasının üst modullarının inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsinə səfəri zamanı bildirib.
Q. Counz vurğulayıb ki, Prezident İlham Əliyevi ACE platformasının üst modullarının tikildiyi istehsalat sahəsində qarşılamaq və ona layihədə əldə olunmuş möhtəşəm uğurlar barədə məlumat vermək qürurverici idi: "Üst modulların tamamlanması ACE layihəsinin yekunlaşması istiqamətində son mühüm mərhələlərdən biridir. Hazırda sahədə istismar sınaqları aparılır və bu işləri 2023-cü ilin ikinci rübündə başa çatdırmağı planlaşdırırıq. Bundan sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və artıq AÇG yatağı sahəsində öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq. Daha sonra bizə bir neçə ay lazım olacaq ki, tikinti işlərinin və istismar sınaqlarının dənizdə aparılacaq hissəsini tamamlayaq və sonra ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunu qazmağa başlayaq".
O, ACE layihəsinin həyata keçirilməsində göstərdikləri əvəzsiz dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə öz təşəkkürünü bildirib: "Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və bütün tərəfdaşlarımıza dəstəyə görə və layihənin gerçəkləşməsində zəhməti olan hər kəsə – BP-nin, "Azfen"in, digər podratçı və subpodratçı təşkilatların əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm".
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev artıq tikintisi başa çatmış ACE platformasının üst modullar qurğusunu gəzərək 2023-cü ilin ikinci rübündə dənizə öz daimi yerinə yola salınacaq bu obyektin rəsmi açılışını edib. ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 600 tondur.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqlar artıq 95 % tamamlanıb.
Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4 400 nəfərədək işçi cəlb edilib və onların 90 %-dən çoxu Azərbaycan vətəndaşı olub. Sahədə əməyin təhlükəsizliyi üzrə göstəricilər yüksək səviyyədədir – üst modulları inşa edən işçi heyəti bu yaxınlarda heç bir xəsarətə yol vermədən 20 milyon iş saatı icra edilməsini qeyd edib.
Qeyd edək ki, 6 milyard ABŞ dolları dəyərində olan ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə "Azəri-Çıraq-Günəşli" üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard ABŞ dolları investisiya qoyulub.
ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.
Bundan əlavə, laya vurulan suları "Mərkəzi Azəri" kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və "Şərqi Azəri" platformaları arasında suvurma üçün boru xətti də olacaq. ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq. BP şırkəti bildirir ki, terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparılsın.
Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8 500 nəfərdən çox işçi cəlb edilib.
Heç bir xəsarətə yol vermədən 25 milyon saat iş yerinə yetirilməklə layihənin iş həcminin 85 %-i artıq tamamlanıb. / banker.az

Xəbərlər     Tarix: 04 aprel 2023

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind


iqtisadi xeberler biznes krediti biznes qurmaq dollar məzənnəsi dollar manat kursu