Mühəndis təkbaşına İlon Mask və Ceff Bezosa rəqib çıxır

Mühəndis təkbaşına İlon Mask və Ceff Bezosa rəqib çıxırPeter Bekin Rocket Lab-ı kosmik sənayenin ən böyük oyunçularına getdikcə daha ciddi rəqib olur
Rocket Lab-ın Virciniyada Atlantik sahilində tikdiyi yeni buraxılış meydançası 1,5 milyon funt dartma yüklənməsinə dözməlidir.
Şirkətin qurucusu və baş direktoru Piter Bekin isə daha bir şərti vardı: hər şey estetik görünməli idi.
"Arxamızdakı buraxılış meydançası az qala bir memarlıq abidəsidir", — o, avqustda hökumət rəsmiləri və investorların qarşısında belə deyib. "Adətən belə meydançalar alçaqboy, bir az da eybəcər olur. Mən isə tamam fərqlisini istədim".

Piter Bek
Detala və formaya həssaslıq Bekin sahibkar kimi yolunu müəyyənləşdirib. Yeni Zelandiyanın ucqar bir guşəsindən çıxan bu özünü yetişdirmiş mühəndis Rocket Lab-ın — raket və peyk buraxılışları şirkətinin — böyüməsinin hərəkətverici qüvvəsinə çevrilib. Şirkətin növbəti layihəsi, 43 metrlik Neutron raketi, yaxın vaxtlarda yeni meydançadan sınaq uçuşuna çıxacaq və Rocket Lab-ı İlon Maskın SpaceX-i, Ceff Bezoun Blue Origin-i və digər nəhənglərlə eyni səviyyədə rəqabətə gətirib çıxaracaq.
Neutron indiyədək Rocket Lab-ın ən güclü raketidir və çoxqat istifadəyə uyğun layihələndirilib — məhz bu xüsusiyyət Falcon 9-u dünyanın ən çox istifadə olunan raketinə çevirib. Rocket Lab "Neutron"la startların sayını artırmaq və daha iddialı missiyalar yerinə yetirmək məqsədi güdür.
"Əgər böyük şirkət qurmaq istəyirsinizsə, böyük işlər görməlisiniz", — 48 yaşlı Bek müsahibəsində deyib.

Rocket Lab "Neutron"un ilk uçuşunu 2025-ci ilin sonunadək planlaşdırır. Daşıyıcının enişi isə asan olmayacaq. SpaceX bunu yüzlərlə dəfə icra edib, Bekin komandası üçünsə bu, yeni əməliyyat olacaq.
"Təkrar istifadə məsələsini hələ həll etməlidir", — SpaceX və United Launch Alliance-ın keçmiş rəhbərlərindən Marv Vander Veq bildirir. — "Bu, kifayət qədər çətindir. SpaceX-in səviyyəsində bunu hələ heç kim etməyib".
 "Özüm edəcəyəm"
Bek Yeni Zelandiyanın cənubundakı İnverkarqil şəhərində böyüyüb — burada gecələr səmanı tez-tez şimal işıqları bürüyür. Onun kosmosa marağı da, hər şeyi öz gücü ilə etmə vərdişi də elə gənc yaşlarında formalaşıb.
Atası öz əlləri ilə teleskop yığıb və həmin teleskop sonradan regional rəsədxanaya verilib. Ev emalatxanası isə Bekə alətlərlə işləmə fürsəti yaradıb. O, emalatxanada çalışa-çalışa kolleci yarımçıq qoyub çilingər şagirdi kimi işləməyə başlayıb, sonra müxtəlif mühəndislik sahələrini mənimsəyib, hətta yaxta yığmağı belə öyrənib.
Kosmosa maraq sönməyib: o, asudə vaxtlarında kiçik bir mühərrik hazırlayıb. Təxminən 20 il əvvəl kosmik sənayeyə girmək üçün ABŞ-a üz tutub və NASA nümayəndələri ilə görüşə bilib. Amma ali təhsili olmayan bir əcnəbinin bu sahədə iş tapmasının real olmadığını görüb.
"Geri dönəndə düşündüm ki, onda özüm edəcəyəm", — deyə o, xatırlayır.

Rocket Lab-ın doğuluşu
Şirkət 2006-cı ildə yaradılıb. İlk aparat — təxminən 6 metrlik suborbital Ātea-1 raketi olub. Daha sonra Bek şirkətin növbəti layihəsi — 18 metrlik Electron üçün vəsait cəlb edib.
Khosla Ventures fondunun partnyoru Sven Ştrobənd xatırlayır ki, şirkətə sərmayə qoymağı düşündüyü vaxtlarda Rocket Lab-ın hazırladığı yeni nasos-mühərrik sistemi barədə Beklə danışıb.
O, Bekə Alabamanın Hantsvill şəhərindəki NASA nümayəndələri ilə görüşməyi məsləhət görüb: "Elə bildim, Piter bir neçə saata təyyarəyə minib gedəcək", — deyə Ştrobənd zarafatla danışır. NASA-dakı tanışları texnologiyanı "çox yaxşı ideya" adlandırıb və Ştrobənd Bekin enerjisinə heyran qalıb. Bundan sonra Khosla şirkətə sərmayə ayırıb.
Electron 2017-ci ildə ilk missiyaya hazır oldu. Uçuş uğursuz alındı, lakin Rocket Lab tez toparlandı və bu raketi ticarət buraxılış biznesinin əsasına çevirdi. Şirkət paralel şəkildə peyk istehsalı, sensorlardan tutmuş günəş panellərinədək avadanlıq satışı və uçuşların idarəetməsi üçün proqram təminatı hazırlamaqla ikinci bir istiqamət də qurdu.
Bu iki xətt sayəsində Rocket Lab ABŞ hökumət qurumları və digər müştərilərlə əlaqələrini gücləndirdi.
SpaceX-lə rəqabət
Son vaxtlar Rocket Lab investorların diqqətini daha çox cəlb edir. Cümə axşamı şirkətin səhm qiyməti son bir ildəki sürətli artımdan sonra demək olar, maksimuma yaxın bağlanıb.
Gözləntilər yüksəlib və "Neutron"un debütü investor etimadının sınağı olacaq. Açıq bazarda olan kosmik şirkətlər son dövrdə ciddi geriləmələr də yaşayıb: məsələn, Firefly Aerospace-in səhmləri şirkətin sürətləndiricilərindən birinin sınaqda partlamasından bir gün sonra, çərşənbə axşamı 21% düşüb.

Rocket Lab daha çox planetin ən varlı insanlarının arxasında dayandığı sahibkarlar və şirkətlərlə — SpaceX və Blue Originlə — rəqabət aparır. Kommersiya, mülki və hərbi yüklər üçün buraxılışlar edən başqa bir oyunçu — United Launch Alliance — Boeing və Lockheed Martin-ə məxsusdur.
Bekin şirkəti xərclərdə bir çox rəqiblərini üstələyə bilmir, amma irəli çıxmaq üçün başqa yollar axtarır. İmkanlardan biri rəqib Virgin Orbitin 2023-cü ildə iflasından sonra yarandı: Rocket Lab Riçard Brensonun qurduğu şirkətin Kaliforniyanın Long-Biç şəhərindəki qərargahını və zavodunu 16 milyon dollara aldı.
Ötən il Rocket Lab-ın gəliri 436 milyon dollara çatdı — bu, 2023-cü illə müqayisədə təxminən iki dəfə çoxdur. Eyni zamanda xalis zərər də artaraq 190 milyon dollar olub və şirkət dörd il əvvəl birjada listinqə çıxandan bəri hələ mənfəət göstərməyib. Fəaliyyəti maliyyələşdirmək üçün Rocket Lab əlavə səhm satışı həyata keçirib.
"Electron"un rəqabət apardığı kiçik yük buraxılışları seqmentində Rocket Lab bir çox şirkətləri geridə qoysa da, SpaceX daha güclü rəqib olaraq qalır.
Maskın şirkəti adətən ildə azı bir neçə rideshare missiyası keçirir: müxtəlif müştərilər Falcon 9 raketində yer və xərc paylaşaraq peyklərini orbitə çıxarırlar. Belə "ortaq reyslər" adətən Rocket Lab-ın təklif etdiyindən daha ucuz başa gəlir.

Bununla belə, Rocket Lab rəhbərliyi "Electron"un üstünlüklərini vurğulayır. Onlardan biri SpaceX-in ortaq missiyalarını "şəhər avtobusu gözləmək"lə, "Electron"u isə Uber-lə müqayisə edir: daha bahalıdır, amma daha çevik və rahatdır.
Yeni "Neutron" uçuşunun hər reysi üçün 50–55 milyon dollar civarında qiymətləndirildiyi bildirilir ki, bu da hazırda təxminən 70 milyon dollara başa gələn Falcon 9-dan aşağıdır. Rocket Lab SpaceX-dən cavab gözləyir — Falcon 9-un start sayını artırmaqda şirkət indiyədək ciddi rəqabətlə üzləşməyib. SpaceX şərh istəklərini cavablandırmayıb. / banker.az

Maraqlı     Tarix: 16 oktyabr 2025

Oxşar xəbərlər

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics


iqtisadi xeberler valyuta kurslari dollar məzənnəsi valyuta mezennesi kicik biznes