"Bir gündə iki tabut qucaqladım" - Şəhid ailəsindən reportaj

"Sputnik Azərbaycan" düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayev və övladının şəhid xəbərinə dözməyərək vəfat edən atası Alik Qocayevin ailəsindən reportaj hazırlayıb.
azxeber.com həmin reportajı təqdim edir:
Qocayevlər ailəsinin faciəsini ifadə etmək üçün sözlər acizdir. Bir gündə ailənin iki üzvünü əbədi mənzilə yola salan Xalidə Qocayeva həm şəhid oğlu Vadimin, həm də ömür-gün yoldaşı Alikin yasını tutmalı olub. Xalidə ana deyir ki, oğlunun şəhid xəbərinə dözməyib ürəyi dayanan Alik Qocayev bu anları görmədiyi üçün bir valideyn kimi bəlkə də xöşbəxtdir:
"Bir valideyn üçün oğlunun tabutunu qucaqlamaq ən böyük acıdır. Alik oğlumun nəşini gətirməyə gedərkən yolda dua edib ki, Vadimin cansız bədənini görüncə, Allah onun canını alsın. Yoldaşımın bu duasını Allah eşitdi. O, balasının tabutunu qucaqlamadan öldü. Məni isə bu dərdin ortasında tək qoyub getdi".

Dəfələrlə odun-alovun içindən sağ çıxdı, amma...
Vadimin hüzür mərasimində yaxınları ilə söhbət zamanı öyrənirik ki, o altı ildir orduda xidmət edirmiş. Aprel döyüşlərində, İkinci Vətən müharibəsində iştirak edən Vadim odun-alovun içindən sağ çıxsa da, sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində snayperlə vurularaq şəhid olub.
Şəhidin anası X. Qocayeva oğlu ilə hər gün telefonla danışdığını, Vadimin ona hər dəfə ürək-dirək verdiyini söyləyir:
"Balam elə oğul idi ki, bizə qəti təhlükə barədə heç nə deməzdi. Axırıncı dəfə ölümündən bir gün əvvəl telefonla danışdı. Hər şeyin qaydasında olduğunu söylədi. Çox vaxt görüntülü zəng edirdi. Balamla danışanda onun səsini sonuncu dəfə eşitdiyim ağlıma da gəlməzdi".
Doğulmayan körpəsinin üzünü görmədən şəhid oldu
25 yaşlı Vadim Qocayevdən ailəsinə yadigar 10 aylıq qızı İlayda və hələ doğulmamış, ana bətnindəykən atasını itirən körpəsi qalıb.
Üç oğul anası olan X.Qocayevanın oğlanlarının hamısı orduda xidmət edir: "Böyük oğlum da orduda müddətdən artıq xidmət edir. Vadim isə altı il idi ordudaydı. Balaca oğlum isə əsgərlikdədir".
"Ürəyi onun səsini eşitdi"
Həm oğlunu, həm də həyat yoldaşını itirən Xalidə ananın yeganə təsəllisi Vadimin Vətən yolunda şəhid olmasıdır: "Yoldaşım bu dərdə dözmədi. Dünən günorta saat 13:00 radələrində oğlumun yaralı xəbəri gəldi. Bizə dedilər ki, ayağından yaralanıb. Ümidimiz vardı ki, bəlkə balam sağ qala. Elə yoldaşım da bu ümidlə Gəncəyə yola düşmüşdü. Yolda elə hey deyib ki, əgər Vadimi gedib sağ görməyəcəmsə, ürəyim ona çatmamış dayansın. Ürəyi onun səsini eşidib. Alikin oğlumuzun tabutuna çatmamış, yoldaca ürəyi dayanıb. Mən bir gündə iki tabut qucaqladım. Biri oğlumun, biri də ömür-gün yoldaşımın".
Müharibədə altı dəfə yaralansa da, yenə döyüşə atıldı
X. Qocayeva deyir ki, Vadim hərbi xidmətdə olduğu müddətdə altı dəfə yaralanıb. Amma heç vaxt döyüş yoldaşlarından geri qalmayıb:
"Axırıncı dəfə yaralananda vəziyyəti ağır idi. Ona həkim döyüşə qayıtmağı məsləhət görməyib. Həkimdən xahiş edib ki, vəziyyətini orta-ağır yazsın. Bundan sonra yaralı vəziyyətdə yenidən döyüşə atılıb. Mən bu Vətən üçün bir cəngavər yetişdirmişdim. Vadim torpağını, Vətənini məndən, ailəsindən, 10 aylıq körpəsindən, hətta hələ doğulmamış körpəsindən çox istədi. Vətən yolunda canını fəda etdi".
Alı Qocayev də qardaşının şəhid olmasından sonra həqiqi hərbi xidmətdən məzuniyyətə buraxılıb. Evin kiçik oğlu olan Alı bir gündə həm qardaşını, həm də atasını dəfn etməyin şokunu yaşayır:
"Qardaşımın şəhid xəbəri bizi dərindən sarsıtdı. Atamın ölümü isə ailəmizin sanki "belini qırdı". Tək təsəlimiz qardaşımın Vətən uğrunda şəhid olmasıdır".
Alı qardaşı Vadimlə ölümündən üç gün əvvəl danışdığını söylədi. Dedi ki, qardaşı ona ürək-dirək verərək hər şeyin qaydasında olduğunu, hərbi xidmətdə nümunəvi olmağı tövsiyə edib: "Mənimlə hər dəfə danışanda komandirin tapşırıqlarına riayət etməyimi, Vətənin keşiyində ayıq-sayıq olmağımı tövsiyə edirdi. Sanki, öləcəyini bilirdi. Vətəni bizə əmanət edib özü şəhadətə ucaldı".
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. V.Qocayevin Azərbaycan bayrağına bükülmüş cənazəsi ilə yanaşı ürəktutmadan vəfat edən atasının da cənazəsi Qobustan rayonunda torpağa tapşırılıb.

Xəbərlər     Tarix: 15 sentyabr 2022

Oxşar xəbərlər

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c


iqtisadi xeberler kicik biznes depozit faizleri biznes ideyalari emlak xeberleri