Evlərini sığortalamayan vətəndaşlar cərimələnə bilərmi? - ARAŞDIRMA

Evlərini sığortalamayan vətəndaşlar cərimələnə bilərmi? - ARAŞDIRMAAzərbaycanda bir müddət əvvəl iyun ayına kimi İcbari Sığorta Bürosunun sistemi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiyanın bitəcəyi açıqlanmışdı.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, artıq İSB-nin sistemi üzərindən avtomobillərin icbari sığortasında olduğu kimi, daşınmaz əmlakın icbari sığortasının da olub-olmadığını yoxlamaq, eyni zamanda, uzun illər əvvəl qeyd edilən cərimələri tətbiq etmək imkanı yaranır. Bu isə son dövrlər avtomobillərin icbari sığortasının zərərli olduğunu açıqlayan, bəzi avtomobil markalarını buna sığortalamaqdan qeyri-rəsmi imtina edən sığorta şirkətləri üçün açılmış yeni fürsət pəncərəsidir.
Nəticədə son günlər daşınmaz əmlakın icbari sığortası ilə bağlı sığorta şirkətləri tərəfindən iyunun 1-nə kimi "evini sığortalamayanlar cərimələnəcək", – deyə kampaniyaya başlanılıb.
Daşınmaz əmlakını, evini sığortalamayan vətəndaşlar 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 110 manat cərimələnəcək. Üstəlik, cərimələr 20 gündə bir dəfə yenilənə bilər. Mövzu əhali arasında, sosial şəbəkələrdə də geniş müzakirə predmetinə çevrilib.
Məsələ ilə bağlı "APA-Economics" araşdırma aparıb və bəzi sığorta şirkətlərinin öz sosial media səhifələrində evlərini sığortalamayan vətəndaşların cərimələnəciyini əsas gətirərək onları sığortaya təşviq etdiyi məlum olub.
Qanuna əsasən, vətəndaşların icbari sığortası olmayan daşınmaz əmlakı ilə bağlı cəriməni yerli icra hakimiyyəti orqanı tətbiq edə bilər. Problem isə ondadır ki, cərimə mexanizmi yoxdur.
Ekspertlər hesab edirlər ki, sığorta şirkətlərinin hazırki manipulyativ addımları əsassızdır və vətəndaşlar arasında təşviş yaradır.
Maliyyə bazarları üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, məsələ bundan əvvəl 2020-ci ilin yanvar ayında gündəmə gəlmişdi. Bakı Şəhər İcra Hakimiyyəti o zaman bildirmişdi ki, evlərin icbari sığorta edilməməsi üzrə cərimə mexanizmi yoxdu. Bu mexanizm indi də yoxdur. O, qeyd edib ki, prezident İlham Əliyev o zaman bu sahədə maarifləndirmə işlərinin aparılmasını tapşırmışdı. Ötən 3 ildən artıq müddətdə isə sığorta bazarına nəzarət edən Mərkəzi Bank bu sahədə heç bir iş aparmayıb.
"Əslində, suyu bulandıranlar vətəndaşlara bildirişlər göndərərək onları hədələyən sığorta şirkətləridir. Asan qazanc yeri axtarırlar" – Əkrəm Həsənov əlavə edib.
Ekspertin fikrincə, danışmaz əmlakın icbari sığortası ilə bağlı cərimə mexanizmi işlək deyil, həm də söhbət üçüncü şəxslərə deyil, mülkiyyətçinin özünə dəyə biləcək zərərdən getdiyi üçün bütövlükdə, sözügedən sığorta növünün icbari olmasının özü düzgün deyil. Hər kəs öz əmlakını sığortalamaqda sərbəst olmalıdır. Yəni bu, könüllü sığorta növü olmalıdır. Buna görə də qanuna dəyişiklik edilməsinə ehtiyac var: "Sözügedən icbari sığorta növü "İcbari sığortalar haqqında" Qanunun 2-ci fəslinə əsasən 2011-ci ildən mövcuddur və məcburidir. Qanun 10 ildən çoxdur ki, daşınmaz əmlakın icbari sığortasını tələb edir. Daşınmaz əmlakını sığortalamayana cərimə də nəzərdə tutulub. Amma onun mexanizmi yoxdur. Yəni bu "ölü" qanundur. Həm də ədalətsizdir. Çünki bu sığorta könüllü olmalıdır. Azərbaycanda yalnız kommersiya sığorta modeli deyil, həm də müştərək sığorta modeli (bu modelə görə sığorta hadisəsi baş vermədikdə vətəndaşın sığorta haqqı tam batmır) də tətbiq olunmalıdır. Əks halda, indiki kimi sığorta şirkətlərinə etimad olmayacaq. Çünki onlar əsasən yalnız öz qazancını düşünür və sığorta hadisələri baş verdikdə ödənişdən yayınırlar".
Sığorta eksperti İlkin İbrahimov isə qeyd edib ki, ölkədə aidiyyatı qurum bununla bağlı yumşaq siyasət yeridir: "Fiziki şəxslərin cərimələnməsilə bağlı protokol nümunəsi olmadığı üçün cərimə yazmaq mümkün deyil. Ona görə də bu qanunun prosedur qaydası hələ ki, yoxdur. Fiziki şəxlərə cərimə protokolu yazmaq səlahiyyəti yerli icra hakimiyyəti orqanlarına verilib. Onlar da hələ ki, bu məsələ ilə dərindən məşğul olmurlar".
İlkin İbrahimov hazırki şəraitdə sığorta şirkətləri tərəfinin vətəndaşlar arasında cərimə ilə bağlı təşviş yaradılmasının əsassız olduğunu bildirib: "Ümumiləşdirsək, onu deyə bilərəm ki, iyunun 1-dən İcbari Sığorta Bürosu ilə Dövlət Əmlak Xidməti arasında elektron mübadilə proqramı olacaq. Bu da o deməkdir ki, Dövlət Əmlak Xidməti məlumatları ötürəcək İcbari Sığorta Bürosuna, o da hansı əmlakın sığortalı, hansının sığortasız olduğunu yoxlayacaq. Bu qurumlar cərimə etmək səlahiyyətinə malik deyil. Nə sığorta şirkətləri, nə İcbari Sığorta Bürosu bu məsələ ilə bağlı tədbir görə bilər. Bütün bunlar manipulyasiya xarakteri daşıyır".
Onun sözlərinə görə, hazırda daşınmaz əmlakın icbari sığortası yalnız alqı-satqı, hüquqi sənədləşmə prosesləri zamanı tələb edilir. Ümumilikdə isə hazırki şəraitdə danışmaz əmlakın icbari sığortası ilə bağlı avtomobillərin icbari sığortasında olduğu kimi sərt tədbirlərin görülməsi ciddi sosial ədalətsizlik yarada, eyni zamanda daşınmaz əmlakların sənədləşdirilməsinə marağı azalda, prosesi daha da ləngidə bilər: "Ölkədə xeyli sayda sənədsiz evlər var. Sənədsiz evlərin sığortaya cəlb edilməsi mümkün deyil. Vətəndaş bunu nəzərə alaraq sərt cərimə tədbirləri fonunda əmlakının sənədləşdirilməsini yubada bilər. Bu isə ölkədə vətəndaşlara qarşı ikili münasibətin yaranması deməkdir. Yəni, sənədi olub cərimə ilə üzləşən və sənədi olmayan, cərimə problemi yaşamayan vətəndaş".
O qeyd edib ki, istehlakçı hüquqlarının qorunmasını təmin etməli olan requlyatorun sığorta şirkətlərinin manipulyativ addımları qarşısında susqunluğu şübhə doğurur.
Ekspert hesab edir ki, cərimə tətbiqi ilə daşınmaz əmlak sığortası sığorta şirkətləri üçün "asan qazanc" yeri olmalı deyil. Sosial xarakterli olduğu aşılanmalı, könüllü qaydada tətbiq edilməlidir: "Vətəndaşlara daşınmaz əmlak sığortasının faydaları aşılanmalıdır. 30-50 manat ödəməklə əslində 15-25 min manatlıq zərərlərin aradan qaldırılmasında faydalı ola biləcəyi vurğulanmalıdır".
Azərbaycan Mərkəzi Bankından isə "APA-Economics"ə bildirilib ki, cərimə məsələsinin hansı şəkildə tətbiq edilə biləcəyi ilə bağlı açıqlama veriləcək.

Xəbərlər     Tarix: 01 iyun 2023

Oxşar xəbərlər

Tesla, Çin istehsalı olan komponentlərdən istifadə etməmək qərarı alıb

Tesla təchizatçılardan ABŞ avtomobil istehsalında Çin istehsalı olan komponentlərdən istifadə etməməyi tələb edir. xəbər verir ki, "Wall Street Journal" qəzetinin məlumatına görə, məsələ ilə tanış olan insanla

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Almaniyanın maliyyə naziri: "Aİ lazım gələrsə öz bazarını qoruyacaq"

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl Pekinə səfəri zamanı Çindəki həddindən artıq potensial problemini müzakirə edib və həll yolu tapılmasa, Avropa Birliyinin hərəkətə keçəcəyini vurğulayıb. "Mən açıq şəkildə bildirdi

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

Airbus Dubay Hava Sərgisində flydubai-dən böyük sifariş almağa hazırlaşır

Airbus Dubay Airshow-da flydubai-dən əhəmiyyətli bir təyyarə sifarişində əsas payı təmin etməklə, ilk dəfə olaraq sürətlə böyüyən büdcə aviaşirkəti rəqibi Boeing-in üstünlüyünü qırmağa hazırlaşır. xəbər verir ki, Avropal

ABŞ-da işsizlik sığortası müraciətləri azalıb

ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y


iqtisadi xeberler dollarin kursu bu gun bu gunun xeberleri dollar manat kursu valyuta xeberleri