ABB-nin aldığı "Davr Bank"da rəhbərlik dəyişib, yeni ad təsdiqlənib
ABB-nin nəzarət paketini aldığı Özbəkistanın "Davr Bank"ında Müşahidə Şurasının bütün tərkibi dəyişdirilib, İdarə Heyətinə isə ABB-nin iki nümayəndəsi sədr müavini təyin olunub. Səhmdarlar bankın adının "ABB Davr Bank" olaraq dəyişdirilməsini də təsdiqləyiblər.
Banker.az xəbər verir ki, qərarlar səhmdarların oktyabrın 9-da keçirilən növbədənkənar ümumi yığıncağında qəbul edilib. Bu, ABB-nin bankın 51%-lik payını alması başa çatdıqdan sonra yeni səhmdarların iştirakı ilə keçirilən ilk yığıncaq olub.
Yeni Müşahidə Şurasına ABB-nin İdarə Heyəti sədrinin müavinləri Taleh Tahirli və Aqşin Əmirov, müstəqil üzvlər kimi isə Şəfəq Həsənova, Said Abdunabiyev və Farhod Roziyev seçiliblər. Şuranın səlahiyyət müddəti hər il təsdiqlənmək şərtilə üç il müəyyənləşdirilib. Şuranın sədri ilk iclasda üzvlər arasından seçiləcək.
Bankın təsisçisi və əvvəlki Müşahidə Şurasının sədri Lütfulla Ubayev bundan sonra iclaslarda səsvermə hüququ olmayan müşahidəçi kimi iştirak edəcək. Onun bankdakı payı təxminən 25,5% təşkil edir.
ABB-nin baş direktoru Aynur Süleymanlı və İdarə Heyəti sədrinin müşaviri Heybət Qədirov "Davr Bank"ın İdarə Heyəti sədrinin müavinləri təyin olunublar. Onlar Ravşan Taciyev və sədr müavini vəzifəsini icra edən Alişer Qurbanovu əvəz edəcəklər.
Abdumacid Samadov İdarə Heyətinin sədri olaraq qalır. Yeni tərkibdə sədr müavini Samarcon Nazarov və risklərin idarə edilməsi departamentinin direktoru Nodir Xəlilov da yer alır. Təyinatlar Özbəkistan Mərkəzi Bankı ilə razılaşdırılıb yeni üzvlər vəzifəyə başlayanadək əvvəlki rəhbərlər fəaliyyətlərini davam etdirəcəklər.
"ABB Davr Bank" adı bankın nizamnaməsi dövlət qeydiyyatına alındıqdan sonra tətbiq olunacaq. Bank fəaliyyətində "ABB Davr" ticarət nişanından istifadə edəcək. "ABB" adından istifadəyə görə ABB-yə və ya onun əlaqəli şəxslərinə ödəniş nəzərdə tutulmur.
Yığıncaqda ABB-nin Daxili Audit Ofisinə bankda planlı və plandankənar yoxlamalar aparmaq, yerli daxili audit xidmətinə metodoloji dəstək göstərmək hüququ verilib. Bankın 2026-cı il maliyyə hesabatlarının məcburi auditi beynəlxalq audit və məsləhət şirkəti "Ernst & Young"a həvalə olunub.
ABB sentyabrın 10-da "Daşkənd" Respublika Fond Birjasında "Davr Bank"ın 51 milyon adi səhmini ümumilikdə 1,646 trilyon suma — təxminən 140 milyon dollara alıb. "Davr Bank" 2025-ci ili 631,5 milyard sum, 2026-cı ilin ilk yarısını isə 368,7 milyard sum xalis mənfəətlə başa vurub.

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR
"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb
Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI
"TikTok"la "Instagram"a girişdə problem yarandı
"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Xalq Bankın "Əmanət" lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu
Bitcoin nədir?
Startup nədir və necə olur?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes plan necə yazılır?