"Dövlət Vergi Xidməti şikayətlərin ilkin mərhələdə həllinin tərəfdarıdır" - MÜSAHİBƏ

Bu günlərdə Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Vergitutma" indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Yol Xəritəsinin əsas parametrləri və komponentləri barədə  müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Nicat müəllim, Dünya Bankı Qrupu yeni "Əlverişli Biznes Mühiti" layihəsini elan edib. Artıq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın xətti ilə ölkəmizdə biznesin funksionallığının təmin edilməsi, biznes mühiti ilə bağlı islahatların sürətləndirilməsi istiqamətində geniş bir fəaliyyətə start verilib. Bu prosesdə mühüm istiqamətlərdən biri vergitutma məsələlərini əhatə edəcək. Əvvəlcə, qısaca olaraq, "Əlverişli Biznes Mühiti" layihəsi bütövlükdə iqtisadiyyat, birbaşa olaraq sahibkarlıq subyektləri üçün hansı yenilikləri vəd edir?
- Bildiyiniz kimi, ölkəmiz Dünya Bankının biznes mühiti ilə bağlı reytinq və dəyərləndirmə proseslərində daim aktiv iştirak edib. Son 10 ildə yüksək reytinq göstəricilərinin hədəflənməsi məqsədilə biznes mühitini tənzimləyən bir çox qayda və prosedurların sadələşdirilməsi, asanlaşdırılması və təkmilləşdirilməsi üçün hüquqi və praktiki addımlar atılıb. Təkcə onu göstərmək kifayətdir ki, çevik institusional çərçivənin formalaşması və innovativ alətlərin tətbiqi nəticəsində Azərbaycan biznesə başlama sahəsində dünyanın ən yaxşı təcrübələrindən birinə malikdir.
Dünya Bankı Qrupunun yeni "Əlverişli Biznes Mühiti" layihəsi ölkənin biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılmasına yönələn, keyfiyyətcə yeni yanaşmalar əsasında qurulan bir dəyərləndirmə prosesidir. Əgər əvvəllər qurum tərəfindən biznes mühitinin dəyərləndirilməsi zamanı diqqət daha çox mikro və kiçik sahibkarlıq subyektlərinə yönəlirdisə, indi ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi xüsusi önəm daşıyır. Layihə biznes mühitinin əlverişliliyini, 3 mərhələdən ibarət olmaqla, 10 indikator əsasında qiymətləndirir. Bu indikatorlardan biri də vergitutma ilə bağlı məsələlərdir.
Qeyd edim ki, hər bir indikator üzrə müvafiq işçi qruplar fəaliyyət göstərir. Bu işçi qruplar tərəfindən konsepsiya komponentləri əsasında müvafiq sahələrin, o cümlədən vergitutma sahəsinin ilkin qiymətləndirilməsi, təhlili və diaqnostikası aparılıb, məhdudiyyətlər və təkmilləşmə imkanları müəyyən edilib, yol xəritələri və diaqnostika matrisaları tərtib edilib.
"Əlverişli Biznes Mühiti" layihəsi çərçivəsində əldə ediləcək nəticələr biznes mühitində islahatların sürətləndirilməsinə töhfə verəcək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasına səbəb olacaq.
- Nicat müəllim, bu günlərdə vergitutma indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirildi. Yol Xəritəsinin əsas parametrləri və komponentləri nədən ibarətdir? Biznes mühitini vergitutma sahəsində hansı yeniliklər gözləyir?
- İşçi qrup tərəfindən tərtib edilmiş "Vergitutma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydaların və praktikaların tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, ortamüddətli dövrdə həyata keçiriləcək təşəbbüslərin ictimaiyyətin və vergi ödəyicilərinin diqqətinə çatdırılması, habelə gələcək dövrün fəaliyyətləri barəsində əhalinin məlumatlandırılmasından ibarətdir. Vergi sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi 9 komponenti əhatə edən 3 əsas alt indikator üzrə aparılacaq.
Bunlardan birincisi, vergi qaydalarının keyfiyyətidir. Bu indikator çərçivəsində vergi müddəalarının aydınlığının təmin edilməsi, sorğuların keçirilməsi mexanizmlərinin və intensivliyinin müəyyən edilməsi və vergi qaydalarının yaradılmasında şəffaflıq prosesləri dəyərləndiriləcək.
Vergi administrasiyası tərəfindən təmin edilən xidmətlər altindikatoru üzrə vergi bəyannaməsi, vergilərin ödənilməsi və hesablanması üzrə elektron sistemlərin təkmilləşdirilməsi, vergi orqanı və digər dövlət orqanları arasında qarşılıqlı fəaliyyətin və məlumat mübadiləsinin səviyyəsinin qiymətləndirilməsi, riskə əsaslanan audit sisteminin inkişaf etdirilməsi, vergi yoxlamaları ilə bağlı mübahisələrin həlli mexanizmləri və vergi idarəçiliyinin şəffaflığı diqqət mərkəzində olacaq.
Vergi yükü və vergi sistemlərinin səmərəliliyi altindikatoru üzrə biznes üçün vergi dərəcələrinin optimallaşdırılması və vergi qaydalarına əməl etmək üçün tələb olunan müddətin sadələşdirilməsi prosesləri nəzərdə tutulur.
Beləliklə, "Vergitutma" indikatoru Dünya Bankının əvvəlki "Doing Business" hesabatının mexanizmlərindən fərqli olaraq, daha geniş sahəni əhatə edəcək və vergi tənzimləmələrinin mürəkkəbliyini, vergi sistemlərinin səmərəliliyini, vergi yükünü və tələblərin yerinə yetirilməsi üzrə xərclərin optimallıq səviyyəsini qiymətləndirəcək. Eyni zamanda, ətraf mühit üçün zərərli olan fəaliyyətlərin qarşısını almaq və ya məhdudlaşdırmaq üçün ekoloji vergitutma aspekti də araşdırılacaq.
Bütövlükdə, biz Yol Xəritəsi üzrə qarşıdakı 2 il üçün 54 tədbirin həyata keçirilməsini müəyyənləşdirmişik. Lakin bu son deyil, çünki ictimai qurumlarla, sahibkarların ictimai təşkilatları, assosiasiyalar və konsaltinq şirkətləri ilə birgə bu sənədin təkmilləşdirilməsi məqsədilə biznes mühitinin cəlbediciliyinin artırılmasına töhfə verə biləcək bütün təkliflərin ətraflı müzakirəsi aparılacaq.
- Yol Xəritəsində nəzərdə tutulan istiqamətlər arasında sahibkarlar üçün maraqlı tərəflərdən biri də vergi qaydalarının stabilliyidir. Bu istiqamətdə hansı işlər görüləcək?
- Qarşıdakı dövrdə İşçi qrupun diqqət mərkəzində olacaq məsələlərdən biri milli vergi qanunvericiliyinə fokuslanmaqla vergilərin dərəcə strukturundakı sabitlik səviyyəsinin qiymətləndirilməsi, korporativ gəlir vergisi (mənfəət vergisi) ilə bağlı dəyişikliklərin tezliyinin dəyərləndirilməsidir. Bu istiqamətdə əsas işlər xərc komponentləri üzrə qiymətləndirmə və təhlillərin aparılması, bu sahədə mütərəqqi xarici təcrübənin öyrənilməsi, bununla bağlı sahibkarlıq subyektləri, assosiasiyalar və dövlət orqanlarının iştirakı ilə görüşlərin keçirilməsi və müvafiq məsələlərin müzakirə edilməsinə yönəldiləcək. Müzakirələrin nəticəsi olaraq, bu istiqamətdə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsinə dair layihənin hazırlanması nəzərdə tutulur. Lakin, əlbəttə ki, qeyd etdiyim kimi, bu məsələ yalnız biznes dairələri ilə müzakirələrdən və mümkün risklərin təhlilindən sonra mümkün olacaq.
Həmçinin, iqlim dəyişikliyinə qarşı mübarizə və "yaşıl" texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl" vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə öyrəniləcək. Bu istiqamətdə hibrid avtomobillərin idxalı və satışı üzrə vergi təşviqlərinin davam etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, əhali qrupuna daxil olan aktiv istehlakçıların bərpa olunan enerji mənbələri hesabına istehsal etdikləri elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirə münasibətdə güzəştlərin müəyyən edilməsi və s. kimi məsələlər iş planına daxildir.
- Nicat müəllim, vergi administrasiyası tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması, yeni xidmətlərin tətbiqi nəzərdə tutulurmu?
- Bildiyimiz kimi, vergi inzibatçılığının elektron platformasının və infrastrukturunun rəqəmsallaşması səviyyəsinin artırılması, rəqəmsal vergi inzibatçılığına keçidin sürətləndirilməsi və bu çərçivədə vergi ödəyicilərinə təqdim edilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi vergi orqanının daim prioritet istiqamətlərindən biri olub. Təsadüfi deyil ki, Dövlət Vergi Xidməti sahibkarlıq subyektləri üçün ən çox elektron xidmət təqdim edən dövlət qurumlarından biridir. Rəqəmsal texnologiyaların tətbiqi vergilərin hesablanması və ödənilməsi üzrə elektron sistemlərin təkmilləşdirilməsi qarşıdakı dövrdə də diqqət mərkəzimizdə olacaq.
Xüsusilə vurğulamaq istərdim ki, əvvəlcədən doldurulmuş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi həm sahibkarların, həm vergi xidmətinin işinin əsaslı şəkildə yüngülləşməsinə, eləcə də könüllü əməletmə səviyyəsinin artmasına töhfə verə bilər. Həmçinin, yaxın perspektivdə İnternet Vergi İdarəsinin və mövcud elektron xidmətlərin təlimatlandırıcı rejimdə (simulyator) "Biznes mühitini və vergi yükünü araşdır", "Elektron vergi konsaltinqi", "Reytinq", "Vergi əməletməsinin qiymətləndirilməsi", "Kontragentləri araşdır" adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur.
- Riskə əsaslanan audit sisteminin inkişaf etdiriləcəyini qeyd etdiniz. Bu, hansı addımları ehtiva edir? Vergitutma prosesində sahibkarlarla yaranan mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi aparılacaqmı?
- Dövlət Vergi Xidməti artıq uzun müddətdir riskyönümlü vergi nəzarəti və rəqəmsal vergi inzibatçılığı vasitəsilə vergi ödəyiciləri tərəfindən könüllü əməletmə səviyyəsinin artırılmasına xidmət edən fəaliyyətləri həyata keçirir. Xüsusilə də hazırda və gələcəkdə riskəsaslı auditin daha ünvanlı və səmərəli tətbiqi vergi xidmətinin iş keyfiyyətini artırmaqla yanaşı, biznes mühitinə də müsbət təsir göstərəcək. Riskəsaslı auditin bir çox müəssisələrə deyil, əsasən yüksək riskli vergi ödəyicilərinə hədəflənməsi, audit yoxlaması üçün halların audit bölmələri tərəfindən deyil, mərkəzləşdirilmiş qaydada seçilməsi, şəffaf və effektiv audit prosedurlarının tətbiqi şəraitində elektron risk sistemi üzrə uyğunsuzluqların müəyyən edilməsi parametrlərinin genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.
Mübahisələrin həlli mexanizmlərinə gəlincə, Dövlət Vergi Xidməti bütövlükdə inzibati şikayətlərin ilkin mərhələdə həllinin tərəfdarıdır. Vergi qanunvericiliyinin tətbiqində mübahisələndirmə normal praktikadır. Bu mənada, əsas məsələ mübahisələrin effektiv həlli mexanizmlərinin qurulmasına nail olmaqdır. Biz perspektivdə bu prosesi daha da irəli aparmaq, Vergi Ombudsmanının fəaliyyətinin effektivliyini artırmaq niyyətindəyik.
Bütün bu proseslər vergi idarəçiliyinin şəffaflığı kontekstində aktualdır. Buna görə də tərəfimizdən maliyyə və əməliyyat göstəriciləri barədə illik hesabatların, gələcək strategiyalar və planlar barədə rəsmi sənədlərin ictimaiyyət üçün açıq saxlanması, işçi heyətin etik qaydalara, düzgünlüyə əməl etməsinə təminat verən mexanizmlərin ("staff integrity assurance mechanism") mövcudluğuna nail olmağı, həmçinin xarici nəzarət baxımından vergi administrasiyasının kənar təşkilat tərəfindən qiymətləndirilməsinə dair illik hesabatların nəşrini nəzərdə tuturuq.
- Yol Xəritəsinin mühüm bir istiqaməti vergi yükü və vergi sistemlərinin səmərəliliyi ilə bağlıdır. Biznes mühiti üçün vergi yükü məsələsi olduqca önəmlidir. Bu istiqamətdə dəyişikliklər gözlənilirmi?
- İşçi qrup biznes üçün vergi yükünün və vergi qaydalarına əməl etmək üçün sərf edilən vaxt göstəricilərinin azaldılması komponentlərini müzakirə edəcək. Bu məsələlər Yol Xəritəsində öz əksini tapıb. Xüsusilə kiçik dövriyyəyə malik, mikro sahibkarlıqla məşğul olan fərdi sahibkarların ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məsələsi aktualdır. Çünki özəl sektorun, xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətləndirilməsi əsas diqqət mərkəzimizdədir. Bu məsələ ətraflı öyrənilməklə və həmin şəxslərin gələcək sosial təminatları nəzərə alınmaqla təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.
Həmçinin, artıq ödəmələrin çevik qaytarılması nəzərdə tutulan vergi ödəyiciləri meyarlarının müəyyən edilməsi, həmin vəsaitlərin büdcədən qaytarılması ilə bağlı yaradılmış "Vahid elektron lövhə" sisteminə sosial sığorta haqları üzrə artıq ödəmələrin də əlavə edilməsi müzakirə predmeti olacaq.
- Nicat müəllim, bütün bu dəyişikliklərin biznes dairələri ilə açıq müzakirəsi aparılacaqmı?
- Bildiyiniz kimi, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı etimadın artırılması və vergi siyasətinin müəyyənləşdirilməsində ictimai əməkdaşlığın iştirakı, dövlət-biznes münasibətlərində aydın münasibətlərin qurulması vergi orqanı olaraq daim diqqət mərkəzimizdədir. Hesab edirəm ki, bizim təmaslarımız vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verir və gələcəkdə də verəcək. Bu konktekstdən çıxış edərək, "Əlverişli Biznes Mühiti" layihəsinin böyük bir komponenti ticarət palataları və assosiasiyalarla işin aparılmasını əhatə edir. İşçi qrupun tərkibində hazırlanacaq islahat layihələrində özəl sektorun və vətəndaş cəmiyyətinin rəyinin müntəzəm və sistemli qaydada nəzərə alınmasına imkan verən mexanizm mövcuddur. Burada biznesin problemləri ilə yaxından və dərindən tanış olan konsaltinq şirkətləri və biznes assosiasiyaları, ictimai birliklər, beyin mərkəzləri, elm dairələri, müxtəlif dövlət qurumları, publik hüquqi şəxslər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müəssisə və təşkilatların mütəxəssisləri və müstəqil ekspertlər təmsil olunur.
Bununla yanaşı, vergi sistemində islahatlarla bağlı böyük bir məlumatlandırma kampaniyasının aparılması, işgüzar cəmiyyəti, biznesi narahat edən məsələlərlə bağlı təkliflərin alınması ("feedback" sistemi) məqsədilə müvafiq sorğuların keçirilməsi nəzərdə tutulur.
Əminəm ki, hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu çərçivəsində qurulan bu əməkdaşlıq milli vergi sisteminin daha da irəli aparılması və iqtisadi islahatların təşviqinə böyük töhfə verəcək.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report / marja.az

Maliyyə     Tarix: 04 oktyabr 2022

Oxşar xəbərlər

Şəkər ixracı 4 dəfədən çox artıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 57 min 869,17 ton şəkər ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 13 min 667,64 ton təşkil etmişdi. Beləliklə, şəkər ixracının həcmi illik müqayisədə 44 min 201,5

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler valyuta mezennesi rubl mezenne bitkoin qiymeti en son xeberler