Malın mənşə ölkəsini təsdiq edən sertifikat hansı qaydada verilir?

Malın mənşə ölkəsini təsdiq edən sertifikat hansı qaydada verilir?Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi barədə məlumat yayıb.
Məlumatda bildirilir:
Malın mənşə ölkəsini təsdiq edən sertifikat ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədilə müəyyən olunur. Mənşə sertifikatının alınması malların ixracı zamanı sahibkarlara idxalçı ölkədə preferensiya əldə etməyə, yəni güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır.
Azərbaycanda mənşə sertifikatlarının 5 növü mövcuddur:
1.    CT-1 formalı sertifikat - Malların mənşəyi Azərbaycan və ya digər MDB ölkəsi olduğu halda, MDB ölkələrinə ixrac edilən mallar üçün tərtib edilir.
2.    Ümumi formalı sertifikat - Malın Azərbaycan Respublikasının azad ticarət və preferensial ticarət rejimi barədə ikitərəfli və çoxtərəfli razılaşmaları olmayan ölkələrə ixracı zamanı verilir.
3.    A formalı sertifikat - Avropa ölkələri, həmçinin ABŞ, Kanada və Yeni Zelandiya ölkələri üçün tərtib edilir.
4.    AZ-TR formalı sertifikat – "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanmış Preferensial Ticarət Sazişi"ndə nəzərdə tutulmuş müvafiq malların müəyyən edilmiş miqdarda Türkiyə Respublikasına ixracı zamanı verilir.
5.    AZ-PK formalı sertifikat - "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan Respublikası Hökuməti arasında imzalanmış Preferensial Ticarət Sazişi"ndə nəzərdə tutulmuş müvafiq malların Pakistan Respublikasına ixracı zamanı verilir.
"Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları" Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 saylı qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaya əsasən, mənşə sertifikatı hüquqi və fiziki şəxslərin (sifarişçi) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciəti əsasında verilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
§  sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
§  sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
§  sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);
§  qaimə-fakturanın (invoysun) surəti;
§  ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;
§  ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).
Agentlikdə sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, təqdim olunmuş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Mənşə sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir. İmtina üçün əsaslar olmadıqda mənşə sertifikatının verilməsi barədə qərar qəbul edilir.
Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan sonra istifadəçi təkrar sorğu ilə müraciət edə bilər.
Sorğu və ona əlavə edilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün sənədlər 1 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-yə təqdim olunur. Sənədlər təqdim olunduğu tarixdən 1 gündən gec olmayaraq sorğuya əlavə olunmuş sənədlər və istifadəçi ilə bağlanan müqavilə əsasında "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin eksperti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir.
Ekspertizanın keçirilməsi zamanı həm də ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim olunur. Ekspertizaların nəticələrinə əsasən, Agentlik tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir. İmtina üçün əsas olmadıqda, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edilir. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi dövlət rüsumunu ödəyir.
Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsinə əsasən, 30 AZN məbləğdə dövlət rüsumu nəzərdə tutulur.Mənşə sertifikatı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Bakı şəhəri şöbəsində və 2 saylı, 3 saylı, 6 saylı, 11 saylı,12 saylı və 13 saylı regional bölmələrində sahibkarlara təqdim olunur.
Mənşə sertifikatının etibarlılıq müddəti verildiyi tarixdən etibarən 1 ildir.
Malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən "Mənşə sertifikatı" alt modulu hazırlanıb və Agentliyin Keyfiyyət informasiya sistemində () istifadəyə verilib.
Keyfiyyət informasiya sistemi vasitəsilə müraciətlərin qəbulu ixracatçılar üçün aşağıdakı imkanları təqdim edir:
·         elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması;
·         real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi;
·         malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi;
·         dövlət rüsumlarının elektron qaydada ödənilməsi;
·         müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması;
·         ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması;
·         mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s.
Hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi üçün müraciətlər hibrid formada olmaqla həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi üzərindən, həm də Keyfiyyət informasiya sistemi üzərindən qəbul edilir.
Məlumat üçün bildiririk ki, Agentliyin Bakı şəhəri və regional bölmələri tərəfindən sahibkarlıq subyektlərinə 2025-ci ilin I yarımilində ümumilikdə 46 119 mənşə sertifikatı təqdim olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,5% artım deməkdir.
Mənşə sertifikatları təqdim olunmuş ixracatçıların ixrac etdikləri mallar arasında meyvə-tərəvəz, tikinti materialları, neft və neft məhsulları üstünlük təşkil edir. İxrac olunan ölkələr arasında isə üstünlük Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstana məxsusdur. / marja.az

Maliyyə     Tarix: 29 avqust 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari