"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb
Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksək göstəricidir. Bu günlük təqribən 1.2% bahalaşmadır.
Banker.az xəbər verir ki, bankın səhmlərinin Bakı Fond Birjasında ortaçəkili istinad qiyməti 28 sentyabr 2026-cı ildə 52,28 manata düşmüşdü. Hazırkı 55 manatlıq səviyyə ilə müqayisədə bahalaşma hər səhm üzrə 2,72 manat təşkil edir.
Oktyabrın 1-də səhmin istinad qiyməti 52,33 manat, 16 oktyabrda 54,57 manat, 20 oktyabrda isə 54,92 manat olub. Bununla da qiymət iyun ayında keçirilmiş ilkin kütləvi təklif (IPO) zamanı müəyyən edilmiş 55 manatlıq satış səviyyəsinə qayıdıb. Bununla belə, səhmlər iyulun 7-də qeydə alınmış 55,65 manatlıq istinad qiymətindən hələ aşağıdır.
Bu arada dividend ödənişi yaxınlaşır. Səhmlərdəki bahalaşma da bu dövr öncəsinə təsadüf edir. "PAŞA Bank"ın 18 iyun 2026-cı ildə keçirilmiş səhmdarların ümumi yığıncağında 2025-ci ilin maliyyə nəticələri üzrə ümumilikdə 107,04 milyon manat dividend ödənilməsi qərara alınıb. Məbləğin 53,52 milyon manatlıq birinci hissəsi 9-10 iyul tarixlərində səhmdarlara ödənilib.
Qalan 53,52 milyon manatın isə 30 oktyabrda ödənilməsi nəzərdə tutulur. Bu, hər səhm üzrə təxminən 2,86 manat təşkil edir.
Məlumat üçün bildirək ki, dividend almaq hüququ 28 oktyabr saat 18:00-a olan səhmdarlar reyestri əsasında müəyyənləşdiriləcək. Səhmləri dividend hüququ ilə əldə etmək üçün son ticarət günü 27 oktyabrdır.
Beləliklə, IPO-da 55 manatdan səhm alaraq hər iki dividend üçün hüquq tarixində səhmdar qalan investorların hər səhm üzrə ümumi dividend gəliri təxminən 5,72 manat, yaxud ilkin investisiyanın 10,4%-i olacaq.
Bank 2025-ci ilin konsolidasiya olunmuş xalis mənfəətinin 57,7%-ni səhmdarlar arasında bölüşdürməyi qərara alıb. Lakin 2026-cı ilin nəticələri üzrə dividend məbləği hələ elan edilməyib.
MALİYYƏ VƏZİYYƏTİ
"PAŞA Bank" 2026-cı ilin yanvar-sentyabr aylarında 133,8 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çoxdur.
Xüsusilə üçüncü rüb bankın mənfəət göstəricilərində fərqlənib. İkinci rübdə 19 milyon manat olan xalis mənfəət üçüncü rübdə 66 milyon manata yüksəlib.
Doqquz ayda faiz gəlirləri illik 11,3% artaraq 441,6 milyon manata, xalis faiz gəlirləri isə 6,1% artaraq 266 milyon manata çatıb. Bununla yanaşı, faiz xərcləri 22,4% artaraq 173,2 milyon manat təşkil edib. Bu da bankın maliyyələşmə xərclərinin faiz gəlirlərindən daha sürətlə yüksəldiyini göstərir.
Sentyabrın sonunda bankın aktivləri illik 11,8% artaraq 9,99 milyard manata çatıb. Ümumi kredit portfeli 19,9% artımla 4 milyard manat, biznes kreditləri isə 21,9% artımla 3,68 milyard manat təşkil edib.
Müştəri depozitləri 10,7% artaraq 7,49 milyard manata yüksəlib. Kreditlərin keyfiyyəti göstəricilərində də yaxşılaşma qeydə alınıb: 90 gündən çox gecikmiş kreditlərin portfeldə payı bir il əvvəlki 2%-dən 1,4%-ə düşüb.
Xatırladaq ki, "PAŞA Bank"ın səhmlərinə abunə yazılışı 13 aprel 2026-cı ildə başlayıb və sonradan müddəti uzadılaraq 12 iyunda yekunlaşdırılıb.
İlkin yerləşdirmə 18 iyunda başlayıb, 19 iyunda tamamlanıb. Ümumilikdə bankın kapitalının 5%-nə uyğun 932 926 ədəd adi səhm investorlara təklif edilib. Hər səhmin nominal dəyəri 20 manat, IPO satış qiyməti isə 55 manat müəyyənləşdirilib.
51,31 milyon manatlıq təklifə qarşı 66,3 milyon manatlıq sifariş daxil olub. Abunəlik səviyyəsi 129,2% təşkil edib. IPO-da 17 960 unikal investor iştirak edib.
Səhmlərin təkrar bazarda ticarətinə 29 iyun 2026-cı ildə başlanılıb.
Oktyabrın əvvəlində açıqlanan məlumatlara görə, əvvəllər "PAŞA Holding" MMC-yə məxsus olan əsas səhmdar payı qrupun yeni maliyyə holdinqinə ötürülüb.
Qeyd edək ki, 2007-ci ildə yaradılmış "PAŞA Bank" ASC Azərbaycanda korporativ bankçılıq, investisiya bankçılığı və ticarətin maliyyələşdirilməsi sahələrində fəaliyyət göstərir. Bank Gürcüstan və Türkiyə bazarlarında da təmsil olunur.

"AccessBank"ın sədri: "Bank Respublika" ilə sövdələşmə tamamlanıb
Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb
Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib
Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb
Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb
Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
Green Card nədir və onu necə əldə etmək olar?
Startup nədir və necə olur?
Biznesə aid ən yaxşı 10 kitab
"Freelance" nədir?
Necə Bitcoin almaq olar?