Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı oldu

Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak ediblər.
KONKRET.az-ın xəbərinə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına və birinci xanıma Şuşa Otel-Konqres Mərkəzi Kompleksində yaradılan şərait barədə məlumat verib.
Xatırladaq ki, erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, "şeytan yuvası" – "parlamentin" binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilir. Prezident İlham Əliyev Şuşaya ilk səfərində – 2021-ci il yanvarın 14-də bu barədə demişdi: "Qondarma rejim bəyan etmişdi ki, "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar "Dağlıq Qarabağ respublikası"nın "parlament" binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi".
Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Otel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində – Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə – "Şuşa İli"ndə Karvansaray konsepti əsas götürülən layihənin inşasına başlanılıb. Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb edilib. Bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir.
Bildirildi ki, beşulduzlu kompleks müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn olunub. Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının – XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) hazırlanıb. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur.
Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.
Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin texniki təchizatı, idarəetmə və enerji təminatı sistemi beynəlxalq standartlara uyğun qurulub. Belə ki, kompleksdə tətbiq olunan müasir idarəetmə panelləri səmərəli fəaliyyəti, təhlükəsizliyi və qonaqların rahatlığını təmin edəcək. Bununla yanaşı, binada ən yüksək texniki normalara uyğun havalandırma sistemləri tətbiq olunub. Kompleksin elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Həmçinin binanın dam örtüyündə yüksək enerji səmərəliyini təmin edən Günəş enerjisi panelləri də yerləşdirilib ki, bu da "təmiz" enerjiyə keçid istiqamətində görülən işlərin növbəti nümunəsidir.
Qeyd edək ki, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə qədər kitab mövcuddur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan) və Tatarıstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib.
Oteldə "Miras Rəsm Qalereyası" tərəfindən Azərbaycanın mədəni irsinə həsr olunan, "Doğma Mədəniyyət Ocağımız" şüarı altında sərgi açılıb. Sərgidə Qarabağdan olan korifey sənətkarlarımızın, eləcə də, Azərbaycanın bu bölgəsindən ilham almış şəxslərin əsərləri nümayiş olunur. Ekspozisiyada Xalq rəssamları Nadir Əbdürrəhmanov, Maral Rəhmanzadə, Altay Hacıyev, Səttar Bəhlulzadəyə məxsus 23 rəsm əsəri, o cümlədən qarabağlıların portretləri, eləcə də bu ərazinin gözəl dağ mənzərələri yer alıb. Qarabağ mövzusundan ilhamlanan Xalq rəssamı Akif Əsgərovun, heykəltəraşlar Cavanşir Məmmədovun və Müşfiq Heydərovun 6 sənət nümunəsi də tamaşaçılara təqdim olunur.
Kompleksin ətrafında mövcud ağaclar qorunmaqla geniş sahə yaşıllaşdırılıb, yeni ağaclar və bəzək gülləri əkilib, həyətində müasir interyerə malik daxili bağ salınıb. Burada qapalı və açıq avtomobil dayanacaqları vardır.
Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, kompleksin yaxınlığında XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində şəhərin müdafiəsinin təşkili məqsədilə İbrahimxəlil xanın göstərişi əsasında fəaliyyət göstərən silah emalatxanası və hazır silah-sursatın saxlanılması üçün anbar və emalatxananın həyətində qazılmış təsərrüfat quyusu da buraya gələcək qonaqlara nümayiş etdiriləcək.
Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün əlavə üfüqlər açır. İşğaldan azad olunmuş torpaqlarımızın zəngin iqtisadi potensialı bu ərazilərin bərpası və yenidən qurulması prosesini də sürətləndirir.
İşğaldan azad edilmiş torpaqlarımız tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var.
Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında təməli qoyulan beynəlxalq hava limanları azad edilmiş ərazilərimizin turizm potensialının reallaşmasında, turist cəlbində mühüm rol oynayacaq.
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin qərarın nəticəsində Şuşada tarixi-mədəni irsin qorunması istiqamətində əhəmiyyətli addımlar atılıb. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurulub.
İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib.
Şuşa mədəniyyət paytaxtı olduğu kimi turizm mərkəzi olmaq imkanına da malikdir. Burada təbiət və mədəniyyətin nadir ahənginə şahid olmaq mümkündür. Şuşa şəhəri həm fəsil, həm də nadir memarlıq üslubu baxımından fasiləsiz turizm potensialına sahibdir və bu potensiala uyğun turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir.

Xəbərlər     Tarix: 10 may 2023

Oxşar xəbərlər

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal

Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır

Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini


iqtisadi xeberler leobank kart bitcoin kicik biznes iqtisadiyyat xeberleri