Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə, banklar müştərilərdən satdıqlarından 83,6 milyon dollar çox nağd dollar alıblar.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabr ayı üzrə statistik bülletenində bildirilir.
Avqust ayı ilə müqayisədə bankların nağd dollar alışı 4,9%, satışı isə 18,6% artıb. Ötən ilin sentyabrına nəzərən alış 12,9%, satış isə 14,9% azalıb.
2026-cı ilin ilk doqquz ayında bankların nağd dollar alışı 1 milyard 470,9 milyon dollar, satışı isə 851,3 milyon dollar təşkil edib. Nəticədə alış və satış arasındakı müsbət fərq 619,7 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu fərq 201,3 milyon dollar idi. Beləliklə, bankların xalis nağd dollar alışı illik müqayisədə 3,1 dəfə artıb.
Mərkəzi Bankın açıqlamasına görə, tədiyə balansının cari əməliyyatlar hesabında profisitin və maliyyə sektorunda dedollarlaşmanın davam etməsi fonunda ölkənin valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib.
Tənzimləyici qurum yalnız avqust ayında valyuta bazarında yaranmış artıq təklifin bir hissəsini almaq üçün 1,5 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirib.
Mərkəzi Bankın baş direktoru Elrad Seydiyev bildirib ki, xarici valyutaya təklifin yüksək olması manatın möhkəmlənməsi istiqamətində təzyiqlər yaradır. Onun sözlərinə görə, Mərkəzi Bankın bazardan dollar alması tələb və təklif arasında tarazlığın qorunmasına və valyuta ehtiyatlarının artırılmasına xidmət edir.
Sentyabrın sonunda Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 15 milyard 363,4 milyon dollara yüksəlib. Bu, avqustun sonu ilə müqayisədə 62,1 milyon dollar, ötən ilin eyni dövrünə nəzərən isə 35,8% çoxdur.
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları isə sentyabrın sonunda 89 milyard 380,7 milyon dollar təşkil edib. Bu göstərici aylıq müqayisədə 1 milyard 389 milyon dollar azalsa da, illik müqayisədə 9,7% artıb.
Valyuta bazarındakı mövcud vəziyyətin əsas makroiqtisadi amillərindən biri cari əməliyyatlar balansının profisitidir.
2026-cı ilin ilk yarısında Azərbaycanın cari əməliyyatlar hesabında 4,74 milyard dollarlıq profisit yaranıb. Bu, ötən ilin eyni dövründəki 2,32 milyard dollarla müqayisədə təxminən iki dəfə çoxdur. Profisit ümumi daxili məhsulun 12,4%-nə bərabər olub.
Mərkəzi Bankın proqnozuna əsasən, cari əməliyyatlar balansının profisiti 2026-cı ildə 6,1 milyard, 2027-ci ildə isə 5,2 milyard dollar təşkil edə bilər.
Mərkəzi Bank 31 iyul 2026-cı il tarixli faiz qərarının açıqlamasında ilk dəfə olaraq manatın möhkəmlənməsi istiqamətində təzyiqlərin davamlılığını və valyuta artıqlığının miqyasını gələcək faiz qərarlarında diqqətdə saxlayacağını ayrıca vurğulayıb.
AMB həmin qərarında bildirmişdi ki, bir tərəfdən inflyasiya proqnozunun yüksəlməsi daha sərt pul siyasətini şərtləndirsə də, digər tərəfdən valyuta təklifinin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyir.
Sentyabrın 23-də keçirilən növbəti iclasda Mərkəzi Bank uçot dərəcəsini 6,5% səviyyəsində dəyişməz saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 5,5%-dən 5%-ə endirib. Qərarda valyuta bazarındakı proseslər və bank sektorundakı izafi likvidlik də nəzərə alınıb.

Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib
Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib
Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib
Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb
Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb
Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Bill Qeyts kimdir?
Marketinq nə demədir?
İnstaqramda biznes qurmağın yolları