Bakıdakı tıxaclar, Qarabağın inkişafı, Ukraynadakı müharibə - "RƏQƏMSAL ƏKİZLƏR" BU PROBLEMLƏRİ HƏLL EDİR" - MÜSAHİBƏ
Sizcə sərlövhədə sadalanan fərqli problemləri doğrudanmı eyni üsulla həll etmək mümkündür? Nəinki mümkündür, hətta dünyada bu proses artıq çoxdan başlayıb.
FED.az xəbər verir ki, dünyada mövcud olan, xüsusilə də adi həyatda tez tez rastlaşdığımız gündəlik məsələlərdən tutmuş, hökumətlər qarşısında dayanan çətinliklərədək - iri problemlərin əksəriyyətinin səbəbi prosesləri və infrastrukturu vaxtında və düzgün planlaşdırmamağın nəticəsidir.
Bu səbəbdəndir ki, hazırda– prosesləri əvvəlcədən təhlil etmə və optimal həll vermək üçün - əvvəlcədən modelləşdirmə geniş yayılıb.
Bu 3D modelləşdirmə ilə yaradılan rəqəmsal xəritələr və "rəqəmsal əkizlər" vasitəsilə həyata keçirilir.
Artıq əksər ölkələrdə yeni şəhərlər tikilməzdən əvvəl onun "rəqəmsal əkizi" - 3D variantı yaradılır və yarana biləcək problemlər əvvəlcədən öyrənilir. Dünyada bu sahədə xidmət göstərən şirkətlərdən biri Almaniyanın "Leica Geosystems AG" ("Hexagon") və onun partnyoru "EKM Global Consulting GmbH" şirkətləridir.
Azərbaycanda bu mühüm yenilik hələlik ylnız bir sahədə tətbiq edilir. 2020-ci ilin dekabrında, "Azərişıq" ASC ilə Almaniyanın "EKM" Global Consulting GMbH şirkəti arasında imzalanan müqaviləyə əsasən, ilk dəfə olaraq, Azərbaycanda Ağıllı Şəbəkələr konsepsiyası çərçivəsində elektrik şəbəkələrin elektron idarə edilməsində müasir 3D-mobil xəritə layihəsi reallaşır.
Bu layihənin Azərbaycanda digər saşhələrdə tətbiqi imknaları və gətirəcəyi faydalarla bağlı FED.az-ın suallarını "EKM Global Consulting GmbH" şirkətinin direktoru Elşən Musayev cavablandırır.
- Elşən müəllim, ilk növbədə soruşmaq istəyirdik, "Azərişıq"da layihə üzrə işlər necədir?
- "Azərişıq"da layihə uğurla davam edir. Artıq 3D xəritə işləyir, yəni bu gün Azərişıq ondan faydalanır. Azərişıq 3D mobil xəritənin əsasında yeni layihələr eləməyi planlaşdırır və hal-hazırda bunun ciddi şəkildə inteqrasiyası ilə məşğuldur.
- 3D xəritənin əhatə etdiyi ərazilər genişlənirmi?
- Bəli, bu günkü gün də çəkilişlər gedir və 3D xəritəyə yeni ərazilər əlavə olunur. Hələlik bütün Azərbaycan ərazisi çəkilməyib, amma çəkilmə ərəfəsindədir, çəkilişlər hər gün davam eləyir.
- Bəs başqa 3D xəritələrin digər dövlət qurumlarında da istifadəsi ilə bağlı yeniliklər varmı?
- Bununla bağlı müzakirələr gedir, amma hələlik icra səviyyəsinə çatmayıb. Bunun üçün dövlət qurumunun rəhbərliyinin həmin layihə ilə bağlı iradəsi, qəti niyyəti olmalıdır. Belə vəziyyəti "Azərişıq"da müşahidə edirik, yəni Vüqar Əhmədov, Ramil Yusifov və "Azərişığ"ın bütün rəhbərliyi bu layihəni dəstəkləyib. Əslində bu ciddi prosesdir - insanlara treninqlərin keçilməsini, texnologiyanın öyrənilməsini və digər addımları tələb edir və belə layihənin reallaşması üçün rəhbərliyin dəstəyi və uzağa baxışı çox vacibdir. - Digər qurumların da belə layihəyə başlaması üçün ilk növbədə hansı işlər görülməlidir?
- Digər dövlət qurumlarında belə layihəyə başlayıb ondan faydalanmaq üçün ilk növbədə, həmin qurumlar bu layihəni öz strateji planlarına daxil etməlidirlər. İkinci vacib məqam, işçiləri bu yeniliyə hazırlamaq lazımdır. Belə layihələrdə hər şeyi komanda, işçilərin hazırlığı, yeni texnologiyaları öyrənmək və ondan istifadə etmək bacarığı həll edir. Təsəvvür edin, belə layihələrdə ilk növbədə çəkiliş aparılır, çəkilişlərdən alınan xam məlumat DTM, DCM, 3D, ortofoto, nöqtə buludu, daha sonra 3D model formasına, rəqəmsal əkizə və sair çevrilir. Yəni bunun hədsiz-hüdudsuz formatları var, işçilər, onların hazırlığı bu prosesi idarə etməyə hazır olmalıdır.
- Hazırda Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə yeni avtomobil və dəmir yolları tikilir, Zəngəzur dəhlizinə hazırlıq gedir. Həmin ərazilərdə belə layihənin - 3D xəritənin və rəqəmsal əkizin tərtib edilməsi imkanları necədir?
- Əslində hazırda "Azərişıq"ın istifadə elədiyi avadanlıq 3D mobil xəritə avadanlığıdır və bu avadanlıq avtomobil üzərində qoşulur və bununla çəkilişlər aparılır. Bundan başqa, bildiyiniz kimi, təyyarənin üzərinə yerləşdirilərək çəkiliş aparılan avadanlıqlar da var. Yəni həmin avadanlıqlar dəmir yolunda qatarın və ya avtomobil yolundakı avtomobillərin üzərinə yerləşdirilərək çəkilişlər aparıla bilər. Nəticədə biz faktiki olaraq ərazini çəkirik, ərazidə nöqtə buludu, panorama şəkillər əmələ gəlir və biz bunu koordinat sisteminə yerləşdiririk. Bundan sonra isə elə bilin ki, həmin ərazi bizim əlimizdədir. Görüntülər göydən çəkilmiş olduğu halda daha ciddi data əmələ gəlir. Belə halda artıq baxmaq olar ki, yolu haradan çəkmək olar, dəmiryolu haradan çəkilsə, daha yaxşı olar və sair. Əlavə olaraq bu sistemdən hansı qurumlar necə faydalana bilər və sair də müəyyən edilir. Bunu planlaşdırmaq başqa qurumların işidir, əsas odur ki, bütün iqtisadiyyat bundan faydalana bilər.
- Elşən müəllim, hazırda rayonların, o cümlədən işğaldan azad edilən ərazilərdə baş planların hazırlanması prosesi davam edir. 3D xəritə və "rəqəmsal əkiz"in yaradılması prosesi baş planlarla münasibətdə necə baş verir – əvvəlcə baş plan hazırlanır sonra "rəqəmsal əkiz", yoxsa, əvvəlcə "rəqəmsal əkiz", sonra baş plan hazırlanır?
- Baxın, hər iki varinat mümkündür. Yəni, məsələn baş plan hazırlanır, ondan sonra çəkiliş eləyib, data yaranandan sonra bütün tikintini onun üzərinə otuzdurmaq olar. Yəni biz götürdük ərazini, ərazi kompüterdədir, tikiləcək binaların 3D modellərini götürüb qoya bilərik onun üstünə və bu halda ola bilsin ki, qərar dəyişə bilər. Çünki orada qoyanda görəcəklər axı bu, fərqli görsənir. Yəni bizdə imkan yaranacaq ki, layihəni də, buradakı prosesləri də vaxtından əvvəl görüb, lazım olarsa düzəliş edək.
- 3D xəritə və rəqəmsal əkizlər getdikcə daha çox ölkədə tətbiq edilib. Avropada rəqəmsal əkizi olan şəhərlər varmı?
- Əlbəttə, sentyabrın əvvəlində mən Barselonada "LeykoGeosystem"in toplantısında olanda bizə şəhərlərin rəqəmsal əkizləri ilə bağlı çoxsaylı müxtəlif təqdimatlar göstərildi. O cümlədən Milan və Liverpul şəhərlərinin. Artıq bu şəhərlərin rəqəmsal əkizləri yaradılıb, onların üzərində analitik işlər aparılır. Yeri gəlmişkən, bu gün əsas məsələlərdən biri dataların həcmi ilə bağlıdır – onlar çox böyükdür, terrabaytlarla ölçülür, onların saxlanması və idarə edilməsi məsələləri mühümdür.
- Bu datalardan faydalanmaq üçün hansı texniki proseslər baş verməlidir?
- İkinci məsələ - süni intellektin hazırlanması, yəni süni intellektin analitika nöqteyi-nəzərindən hazırlanması məsələsidir. Süni intellekt "machine learning"dən fərqlənir. Süni intellekt bu dataları təhlil edərək bizə optimal həllər verir.
- Elşən müəllim, 3D xəritəni və rəqəmsal əkizi hər qurum ayrıca yaratmalıdır, yoxsa, bu bütün ölkə üzrə bir dəfə yaradılır və hamı ondan istifadə edir?
- Mən hesab eləyirəm ki, bunun bir dəfə yaradılması kifayətdir, yəni ki, əgər bu data yaradılacaqsa, bu datadan bütün qurumlar istifadə eləyə bilər. Məsələn simulyasiyalar yaradıla bilər ki, məsəlçün hər hansı ehtimal olunan qəza baş verərsə, dövlət qurumları onun qarşısını almaq və ya nəticəsini aradan qaldırmaq üçün nə etməlidir.
- Bu il Azərbaycanda bir neçə dəfə meşə yanğınları oldu, və onun qarşısını almağa böyük qıvvələr cəlb edilmişdi. Haqqında danışdığımız sistem yaradılarsa, belə halların qarşısını almaq üçün simulyasiyalara imkan verirmi?
- Əlbəttə, bu istənilən təbii fəlakətin qarşısını tez almağa şərait yaradır. Təsəvvür edin, ərazinin 3D xəritəsi və rəqəmsal əkizi mövcuddursa, bu o deməkdir ki, sən o əraziylə tanışsan. Qabaqcadan bu hadisəni simulyasiya edib yanğının söndürülməsi üçün ən yaxşı və tez variantı əvvəlcədən öyrənirsən. Bunun üçün tutaq ki, həmin o yanğınsöndürən qurumun özündə o treyninq materiallarının olmasıdır. Çəkiliş vasitəsilə toplanan data əsasında hazırlanan 3D xəritə həmin treninq materiallarıdır.
- Elşən müəllim, bildiyimizə görə, Ukraynadakı müharibədən sonra bütün dünyada ölkələrin 3D xəritələrə marağı artıb...
- Bəli, kəskin artıb, indi çox ölkə bu sistemi yaratmaq, öz ərazisində 3D çəkiliş etməyə çalışır. Təsəvvür edin, indiyədək Baltikyanı ölkələr belə avadanlıqlarla maraqlanmır, onların alınmasına vəsait sərə etmirdilər. İndi isə onlar avadanlıq alır, dəqiq çəkiliş və ölçülmə sistemi yaradırlar. Yəni haqqında danışdığımız 3D xəritə və rəqəmsal əkizlər təhlükəsizlik nöqteyi-nəzərindən vacib datalardır.
- Yəni əvvəllər 3D xəritə və rəqəmsal xəritələrə daha çox iqtisadi nöqteyi-nəzərdən baxırdılarsa, iqtisadi və adi təhlükəsizlik, indi bu məsələ artıq dövlət təhlükəsizliyi baxımından da çox vacibdir, eləmi?
- Bəli, təbii. Yəni bizim ümumiyyətlə, bu gün danışdığımız məsələ çətindir, çətin başa düşüləndir, yəni bir çox insanlar bunu başa düşmür və mən hesab eləyirəm ki, bunu adi insanın başa düşməyinə ehtiyac da yoxdur. Bu xidmət insanlar üçün deyil, əsasən dövlət qurumları və biznes qurumları üçündür. Ona görə də vacib odur ki, bununla məşğul olanlar insanlar başa düşsünlər, elə bir məhsul yaratsınlar ki, bu datadan istifadə eləyib, adi insanların həyatı rahatlaşsın, yaxşılaşsın.
Bir misal çəkim, məsələn Londonun şimalında trafik probleminin, yəni yol tıxacları problemi mobil xəritə ilə həll edilir.
- Yəni problemi bu üsulla həll etmək mümkündürmü?
- Əlbəttə, pandemiyadan əvvəl bu çəkilişlər aparıldı, daha sonra sistem yaradıldı və araşdırıldı ki, tıxaclar, haradan və hansı səbəbdən yaranır. Yoldan hansı vaxtda nə qədər maşın keçir, yolun ötürücülüyü nə qədərdir və nə etməliyik ki, bunlar olmasın. Süni intellekt və "machine learning" bizə bunun üçün həll verir.
Eyni prosesi Azərbaycanda tətbiq edərək məsələn Sumqayıtla Bakının arasında nə üçün bu boyda tıxac olduğunu və onun həllini aşkar etmək olar.
- Yəni sistem bizə problemi aradan qaldırmaq üçün həllər də verir, eləmi?
- Bəli, göstərir ki, prosesi nə cür yüngülləşdirmək olar. Əgər biz insanların həyatlarının rahatlaşmasından, iqtisadiyyatın daha yaxşı inkişaf eləməyindən danışırıqsa, bu məsələ, suallar çıxır və biz bu datalara baxıb o sualları həll eləməyi bacarmalıyıq. İndi tədricən prosesə süni intellekt qoşulduqca deməli, burada bu sualların cavabları artıq süni intellekt tərəfindən həll olunur.
- Sadə şəkildə desək, bu sistem necə deyərlər, problemin diaqnozunu müəyyən edir, süni intellekt isə onun müalicəsini, yəni həllini verir, düz başa düşürük?
- Bəli, sistem birinci olaraq datanı verir. Yəni sizin misalınız üzərindən izah etsək, biz həkimə gedib UZİ edərkən, UZİ-nin nəticələri hələ diaqnoz deyil, sadəcə məlumatdır. Yalnız bu nəticəni həki gördükdən sonra ona diaqnoz qoyur. Bizdə isə diaqnozu qoyan tərəf dövlət qurumudur.
Yəni Azərbaycanda bu çəkilişlər edilir, data yaradılır və hər bir dövlət orqanı öz ehtiyacları və məsədlərinə uyğun ondan faydalanır.
Məsələn, Fövqəladə Həllar Nazirliyi götürür və onu öz məqsədləri - yanğını simulyasiya etmək üçün istifadə edir. Dəmiryol idarəsi bir başqa məqsədlə və sair.
Amma ümumiyyətlə, bütün bu işlər Azərbaycanın 3D datasını yaratmaqda başlayır. Yəni çəkiliş işləri aparılır, datalar toplanır, bundan sonra infrastrukturun qiymətləndirilməsi, layihələndirilməsi, müəyyən proyektlərin həyata keçirilməsi üçün planlaşdırılmanın aparılması - hamısı ofisdən çıxmadan yerinə yetirilir.
- Bundan biznes necə faydalana bilər? Kənd təsərrüfatı şirkətləri üçün vacibliyi aydındır, suvarma imkanları, ərazini su basma riskləri və sair bu üsulla simulyasiya edilir və belə halların qarşısını almaq üçün hazırlıqlı olur. Bəs ənənəvi biznes, məsələn, ticarət obyektləri belə sistemdən necəsə faydalana bilərlərmi?
- Baxın, bizim istənilən qurum, istənilən şirkət və istənilən insan, əgər getdiyi yerin ərazisi onun üçün vacibdirsə, bu sistemdən faydalana biləcək. Məsələn, hər hansı sahibkar şəhərin müəyyən ərazisində mağaza açmaq istəyir. O bu sistemə daxil olaraq öyrənə bilər ki, bu ərazidə nə qədər əhali yaşayır, burada başqa mağazalar, yəni rəqibləri varmı, onların sayı çoxdurmu? Çünki istənilən yeni mağazanın açılması başqa mağazaların dövriyyəsinin azalmasıdır. Sahibkar vəziyyəti bilib qərarını verəcək.
- Elşən müəllim, bu sistemin olduqca geniş imkanlarını izah etdiniz. Hər hansı təşkilat bu sistemin qurulmasını istəsə, ilk növbədə hansı addımı atmalıdır? Necə deyərlər onun yol xəritəsi nədən başlamalıdır?
- Birinci növbədə, bu xəritənin niyə ona lazım olduğu sualına cavab verməlidir. Bu suala cavab verəndən sonra – ikinci - biz baxırıq ki, hansı datalardan istifadə olunmağı lazım olacaq. Və buna uyğun proqram təminatları seçilir, bundan sonra isə – üçüncüsü - baxırıq ki, bu təşkilatda həmin proqram təminatı ilə işləməyi bacaran varmı. Və ondan sonra treyninqlər keçirməyə başlayır. Digər tərəfdən təşkilatın server imkanları araşdırılır ki, nədən ibarətdir, özlərinin daxili proqramları necədir, təşkilat bu sistemlə necə inteqrasiya oluna bilər və sair. Bunlar hamısı qlobal suallardır, amma biz buna bir orqanizmin müxtəlif orqanları kimi baxsaq, onu bir orqanizm formasına çevirə bilərik.
- Bəs çəkilişlər, müxtəlif üsullarla datanın toplanması prosesi nə qədər müddət çəkir? Yəni tutaq ki, dövlət bu sistemin bütün ölkə üzrə yaradılmasını sifariş edir, adətən buna nə qədər müddət sərf edilir?
- Bu prosesin nə qədər davam etməsi, hansı avadanlıqdan istifadə olunmasından asılıdır. Əgər biz "Airbon" sensorlardan, "City map", bir də siz gördüyünüz "Air bonq"dan istifadə edəcəyiksə...
- Hazırda ən müasir avadanlıqlar onlardır, eləmi?
- Bəli, bu yəni hibrid sensorlardır və təyyarədən çəkilmədə onlar ən müasiridir. Bu avadanlıqlarla bütün Azərbaycanın çəkilməsi təqribən 6 aya qədər bir zaman tələb eləyə bilər. Burada ikinci məsələ var - bizə hansı datalar lazımdır. Məsələ bundadır ki, qış və yay aylarında olan datalar fərqlidir. Məsəlçün, ot örtüyü açılır və biz bunun dibini görməyi bacarmalıyıq, digər tərəfdən biz relyefi görməliyik, ona görə də bizə müxtəlif zamanlarda çəkiliş tələb oluna bilər. Xüsusi qeyd edim ki, Ekologiya Nazirliyi və kənd təsərrüfatı üçün bu datalar hava-su kimi lazımdır.
- Həmin qurumlar bu sistemə maraq göstərir və onu qurmaq istəyirlərmi?
- Bəli, kənd təsərrüfatında bunu istəyirlər, bizim nazirlikdə görüşümüz olub və bilirəm ki, onlarda bu məsələyə maraq var. O cümlədən Daxili İşlər Nazirliyi, Rabitə Nazirliyi və sair, bu sistem hamıya lazımdır.
Amma bu sistemin olması kifayət deyil, onu doğru istifadə etmək və geniş imkanlarından faydalanmağı bacarmaq lazımdır.
- Belə məlum olur ki, bu layihələrin reallaşması və toplanan dataların idarə edilməsi üçün dövlət qurumları arasında bir operator təşkilat olmalıdır. Bu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ya "Elektron Hökumət" ola bilər. Başqa ölkələrdə bu proseslə adətən hansı qurumlar məşğul olur?
- Xaricdə, məsələn Avropanı götürəndə, Avropa Birliyinin bununla bağlı qrantları var. Bu qrantlar hesabına datalar toplanır, istifadəyə verilir. Müəyyən ölkələrdə bu, açıqdır, yəni pulsuz olaraq istifadə etmək olar. Hesab eləyirəm ki, bu prosesin hansı quruma həvalə edilməsi cənab prezidentin qərarıyla ola bilər. Ola bilər ki, bunun üçün tam yeni bir qurum yaradılsın. Yəni bu - dövlət qurumlarının bir-biriylə əlaqəsi nöqteyi-nəzərindən vacib bir prosesdir, ona görə də mən belə hesab eləyirəm ki, bu, artıq cənab prezidenyin qərarı ilə müəyyən edilməlidir.
Çünki bugünkü gün Azərbaycanda bütün innovativ ideyaları adətən dövlət başçısı səsləndirir. Amma bəzi hallarda onun dediyi ideyalar - mənim fikrimcə - məmurlar tərəfindən onun istədiyi formada axıra çatdırılmır, bu proyektlər tamam başqa istiqamətə aparılır.
Yəni mən hesab eləyirəm ki, cənab prezident "smart nations", "smart country" deyəndə, daha qlobal formada düşünür, nəinki bizim bəzi məmurların elədiyi işlər.