Bu vint raketlər və təyyarələr üçün vacibdir, amma bir ədədini almaq illər çəkə bilər
Tramp administrasiyası sursat istehsalını sürətlə artırmağa çalışdığı bir vaxtda bu ixtisaslaşdırılmış vintlər bahalı və son dərəcə qıt komponent olaraq qalır.
Xarici görünüşcə bu detal köhnə əşyalar qutusunda yeri olan mexanizmə birləşdirilmiş adi metal spiralını xatırladır. Dar mühəndis çevrəsi və mexanikaya xüsusi marağı olanlar istisna olmaqla, demək olar ki, heç kim onun haqqında eşitməyib. Lakin bu sadə görünən detal — yüksək dəqiqlikli kürəcikli vint ötürməsi — Patriot zenit raketlərinin, hərbi təyyarələrin və hətta insanabənzər robotların istehsalında əvəzolunmazdır. Northrop Grumman və Lockheed Martin kimi iri müdafiə podratçıları bu detalların hazırlanmasının nə qədər uzun çəkdiyini yaxşı bilirlər. Buna görə də zavodların dayanmasının qarşısını almaq üçün kürəcikli vint ötürmələrini montaj başlamazdan xeyli əvvəl sifariş edirlər.
Bu barədə əvvəllər Northrop Grumman üçün ixtisaslaşdırılmış vintlər tədarük edən BGT Aerospace şirkətinin müvəqqəti sahibi olmuş Ceff Keyni danışıb. Onun sözlərinə görə, BGT kürəcikli vint ötürmələrini sıfırdan hazırlayır və digər zavodların imtina etdiyi ən mürəkkəb fərdi sifarişləri qəbul edirdi. Buna görə də bir partiyanın çatdırılması çox vaxt iki ilədək çəkirdi.
"Problem o qədər ciddidir ki, satınalma və planlaşdırma üzrə mütəxəssislər sifarişin gözlənilməsinə əvvəlcədən bir neçə il vaxt ayırırlar", — Keyni bildirib.
BGT-ni satın almış Velocity One investisiya fondunun kommersiya direktoru Kori Tellbüşer deyib ki, müəssisə hazırda yeni avadanlıq alır və istehsal proseslərini sürətləndirmək üçün başqa tədbirlər görür.
Qeyd etmək lazımdır ki, kürəcikli vint ötürmələrinin çatışmazlığı ilə üzləşən yeganə ölkə ABŞ deyil. Çin daxili tələbatının ən azı 80%-ni yüksək səviyyəli yerli istehsal olan kürəcikli vint ötürmələri ilə təmin etməyi qarşısına məqsəd qoymuşdu. Lakin ABŞ-Çin İqtisadiyyat və Təhlükəsizlik Komissiyasının 2025-ci il hesabatına görə, Pekin hələlik bu məqsədə nail ola bilməyib. Qurumun məlumatına görə, Çin bu komponentlərin təxminən 90%-ni hələ də əsasən Avropa və Yaponiyadan idxal edir, eyni zamanda texnoloji geriliyi azaltmaq üçün xarici ixtisaslaşmış şirkətlərdə paylar alır.
Saginaw Precision zavodunda kürəcikli vint ötürmələrinin istehsalı.
Kiçik metal kürəcik yüksək dəqiqlikli kürəcikli vint ötürməsinin qaykasına yerləşdirilir. Bu detal Patriot raketləri və insanabənzər robotlar kimi texnologiyaların istehsalı üçün vacib komponentlərdən biridir.
Yanvarda Lockheed Martin Tramp administrasiyası ilə Patriot zenit raketlərinin, yəni PAC-3 kimi tanınan tutucu raketlərin illik istehsalını üç dəfə artırmaq barədə razılaşma imzalayıb. Bu raketlər hava təhdidlərindən müdafiə üçün kritik əhəmiyyət daşıyır. Planı həyata keçirmək üçün Lockheed Martin əsas podratçısı Moog-dan üç dəfə çox aktuator almalıdır. Moog isə öz növbəsində Umbragroup-dan üç dəfə çox kürəcikli vint ötürməsi əldə etməlidir.
Moog-un baş direktoru Patrik Roş iyulda maliyyə nəticələrinə həsr olunmuş konfrans zəngində şirkətin artan tələbi qarşılamağa hazır olduğunu təsdiqləyib, lakin komponentlərlə bağlı mümkün çətinliklərə eyham vurub. "Bu gün əsas vəzifə istehsal güclərimizi genişləndirməkdir", — o bildirib.
Lockheed Martin-in rəsmi açıqlamasında bildirilir ki, korporasiya və tərəfdaşları "həm ABŞ, həm də müttəfiqləri üçün raket tədarükünü sürətləndirmək məqsədilə qətiyyətli və təcili addımlar atırlar". Şirkət istehsal güclərinin artırılmasına, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə və ABŞ-də 20-dən çox zavodun modernləşdirilməsinə 8 milyard dollardan çox vəsait yönəldir.
Avqustda Raytheon illik Tomahawk qanadlı raket istehsalını 90 ədəddən az səviyyədən 1000 ədədə çatdırmaq üçün müqavilə aldığını açıqlayıb. Lakin Umbragroup-un nümayəndəsi Nik Koların sözlərinə görə, kürəcikli vint ötürmələrinin istehsalını belə həcmlərə çatdırmaq üçün təchizatçılara xeyli vaxt və çox böyük kapital qoyuluşları lazım olacaq.
Kolar artıq müştərilərə xoşagəlməz xəbərlər verməli olub: "Onlara Raytheon zavodlarında genişləndirilmiş istehsala başlamaq üçün detallar 12 həftəyə lazımdır. Amma biz bunu fiziki olaraq edə bilmirik. Bizim üçün bu, tamamilə yeni məhsuldur və onun hazırlanmasına təxminən bir il vaxt gedəcək".
Raytheon-un ana şirkəti RTX-in nümayəndəsi şərh verməkdən imtina edib.
ABŞ Silahlı Qüvvələrinin təchizatına cavabdeh Müdafiə Logistikası Agentliyi də kürəcikli vint ötürmələrinin tədarükündə gecikmələrin olduğunu təsdiqləyib. Qurum bildirib ki, uzun istehsal müddətləri "çox vaxt istehsalın texnoloji mürəkkəbliyi və sərt keyfiyyətə nəzarət prosedurları ilə bağlıdır".
Kaliforniyanın Salient Motion şirkətinin əməliyyat direktoru Rika Ceyn hesab edir ki, kürəcikli vint ötürmələrini əldə etmək ən çox gənc startaplar üçün çətindir. 2022-ci ildə Hotornda yaradılan şirkət raketlər və mülki aviasiya üçün aktuatorlar istehsal edir. Onun sözlərinə görə, kənar təchizatçılardan vint tapmaq o qədər çətin olub ki, şirkət Miçiqanda şarikli vint ötürmələrini özü istehsal etmək üçün Saginaw Precision adlı törəmə müəssisə açmalı olub.
"Kürəciklivint ötürmələri əvvəllər müdafiə sənayesinin dar boğazı olub, indi də belədir və gələcəkdə də belə qalacaq", — Ceyn deyib.
Yeni raket növləri üçün kürəcikli vint ötürmələrinin layihələndirilməsi gözləmə müddətini daha 12 ay uzada bilər. Bu mərhələyə prototiplərin uzunmüddətli sınaqları və bütün istehsal prosesinin məcburi sertifikatlaşdırılması daxildir. Bu isə həm uzun, həm də çox bahalı prosedurdur. Lakin sertifikatlaşdırma tamamlandıqdan sonra raket istehsalçısı faktiki olaraq konkret vint təchizatçısına bağlanır. Buna görə də Moog kimi aktuator istehsalçıları üçün təsdiqlənmiş təchizat qrafiki pozulsa və müəssisə zərər görsə belə, alternativ tərəfdaş tapmaq son dərəcə çətinləşir.
K ürəcikli vint ötürmələrinin tarixi istehsal mərkəzi olan Saginaw şəhəri bu statusu hələ 1930-cu illərdə qazanıb. O vaxt General Motors bu texnologiyanı avtomobil sükan mexanizmlərində kütləvi tətbiq etməyə başlamışdı. İkinci Dünya müharibəsi illərində konsernin ixtisaslaşmış bölməsi bu texnologiyanı ilk dəfə aviasiyaya uyğunlaşdıraraq uzaqmənzilli B-29 bombardmançıları üçün iri kürəcikli vint ötürmələrinin istehsalına başlayıb. Bu gün həmin məşhur zavod Qərbdə aerokosmik və müdafiə sektorları üçün kürəcikli vint ötürmələrinin ən iri təchizatçılarından biri olan Umbragroup-a məxsusdur.
Əvvəllər Saginaw ətrafındakı kiçik mexaniki emalatxanalar azhəcmli, dar ixtisaslaşmış sifarişlərin öhdəsindən uğurla gəlirdilər. Lakin zaman keçdikcə onların bir çoxu müflis olub və ya iri sənaye holdinqləri tərəfindən satın alınıb.
İndi Tramp administrasiyası İranla münaqişə nəticəsində tükənmiş silah sistemlərini əvəz və modernləşdirməyə çalışdığı bir vaxtda bu vintlər kəskin qıtlığa çevrilib. Nəticədə raket istehsalının müddəti aylarla, bəzən isə illərlə uzanır.
"Bu, istehsal zəncirində dar boğaz yaradıb", — Umbragroup-un aerokosmik, müdafiə və kosmik sektorlar üzrə satışlardan məsul icraçı vitse-prezidenti Nik Kolar bildirib. Kürəcikli vint ötürmələri istehsal edən bu İtaliya şirkətinin zavodlarından biri Miçiqan ştatının Saginaw şəhərində yerləşir. Koların hesablamasına görə, 2020-ci ildən bəri bu məhsullara tələb təxminən 50% artıb.
Əlbəttə, yüksək dəqiqlikli vintlər raket istehsalında qıt olan yeganə komponent deyil. Nadir torpaq maqnitlərinin, bərk yanacaqlı raket mühərriklərinin və yüksək keyfiyyətli partlayıcı maddələrin tədarükündə də ciddi çətinliklər var. Bununla belə, adi vint kimi görünən bir detal üçün belə uzun gözləmə müddəti ABŞ müdafiə-sənaye kompleksinin illərlə yığılıb qalan problemlərini aydın şəkildə üzə çıxarır.
ABŞ-də hərbi məqsədlər üçün bu cür vintləri yalnız az sayda müəssisə istehsal edir. Onların əksəriyyəti artıq imkanlarının son həddində işləyir. Buna görə də müdafiə sənayesinin Tramp administrasiyasının planlarını yerinə yetirmək üçün lazım olan istehsal həcmlərinə çatması xeyli vaxt və böyük investisiyalar tələb edəcək.
"Bu, texniki baxımdan mürəkkəb komponentdir və bütün standartlara əməl etməklə onu tədarük edə bilən istehsalçıların sayı çox azdır", — Kolar vurğulayır.
Müasir raketlər elektronika vasitəsilə idarə olunur: xüsusi mexanizmlər, yəni aktuatorlar raketin sükan səthlərini dəqiq müəyyən olunmuş bucaq altında hərəkət etdirir ki, raket hədəfi dəqiq vura bilsin. Hər belə aktuatorun daxilində kürəcikli vint ötürməsi yerləşir. Onun istehsal dəqiqliyi o qədər yüksəkdir ki, yol verilən xəta insan saçının qalınlığının yüzdə biri səviyyəsində ölçülür. Adətən bir raketdə ən azı dörd aktuator olur. Bu isə bir raket üçün minimum dörd yüksək dəqiqlikli vint tələb olunduğu deməkdir.
Konstruksiya baxımından kürəcikli vint ötürməsi fırlanma hərəkətini ştopor prinsipi ilə xətti hərəkətə çevirir. Onun daxilində dövr edən kiçik kürəciklər isə sürtünməni minimuma endirir. Adi mülki məqsədlər üçün, məsələn, avtomobillərin elektrik sükan gücləndiricilərində istifadə olunan kürəcikli vint ötürmələri belə yüksək dəqiqlik tələb etmir və onları əldə etmək nisbətən asandır.
Döyüş raketləri üçün nəzərdə tutulan vintlərdə isə vəziyyət tam fərqlidir. Bir ədədin hazırlanması çox vaxt bütöv bir il çəkir, qiyməti isə 1000 dolları ötə bilər.
Raketin yığılma tempi istehsal zəncirindəki ən yavaş podratçının imkanlarından asılıdır. Yüksək dəqiqlikli kürəcikli vint ötürməsinin özünü bir neçə həftəyə emal etmək mümkün olsa da, metallurgiya zavodundan xüsusi istiliyədavamlı poladın çatdırılması aylarla vaxt aparır. Digər texnoloji mərhələlər də çox vaxt tələb edir: metalın deformasiyaya uğramaması üçün istilik emalı, daha sonra isə vintlərin xrom və ya başqa qoruyucu örtüklə örtülməsi üçün tərəfdaş müəssisələrə göndərilməsi lazımdır.
Saginaw Precision zavodunun (Salient Motion şirkətinin törəmə müəssisəsi) istehsal sexi, Saginaw şəhəri, Miçiqan ştatı.
Pentaqonun ehtiyat hissələrinin satınalma prosesini sürətləndirməsinə kömək edən proqram təminatı hazırlayan Air İT şirkətinin baş direktoru Tara Merfi Doherti bildirir ki, kiçik emalatxanaların bağlanması bütün sektora ciddi zərbə vurur və ölkənin ümumi istehsal gücünü davamlı şəkildə azaldır.
"Belə tendensiya milli müdafiəmiz üçün dərhal kritik zəiflik yaradır", — o, rəsmi elektron məktubunda qeyd edib.
1980-ci illərdə Miçiqan ştatının Bay City şəhərində kürəcikli vint ötürmələri istehsal edən Emcor şirkətini quran Pat O"Brayen xatırlayır ki, onun fəaliyyəti dövründə təxminən səkkiz birbaşa rəqib ya müflis olub, ya da iri korporasiyaların mülkiyyətinə keçib. O"Brayen öz şirkətinin sağ qalmasının sirrini zamanın sınağından çıxmış avadanlıqlara üstünlük verməsində görür. Bahalı müasir torna və sap daşlama dəzgahları almaq üçün ağır kreditlər götürmək və ya kənar investor cəlb etmək əvəzinə o, 1950-ci illərdə istehsal olunmuş işlənmiş avadanlıqları alıb və onları özü bərpa edib.
Hazırda cəmi doqquz nəfərin çalışdığı emalatxananın sabit sifariş portfeli var və bu, proqnozlaşdırıla bilən aylıq gəlir təmin edir. Mövcud müqavilələrdən yalnız biri çərçivəsində şirkət hər ay təxminən 1000 dollar qiymətinə 60 kürəcikli vint ötürməsi göndərir. Son vaxtlar O"Brayenə müdafiə sənayesi müəssisələrinin nümayəndələri getdikcə daha tez-tez zəng edirlər.
Tələbin yüksək olmasına baxmayaraq, emalatxana sahibi yeni sifarişlərə son dərəcə ehtiyatla yanaşır. Səbəb sənayedə ixtisaslı tornaçı və mexaniklərin ciddi çatışmazlığıdır.
"Artıq çox nüfuzlu şirkətlərə belə "yox" deməli olmuşuq", — O"Brayen etiraf edir.
/ banker.az

Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI
Xaricə ixracı ən çox artan özəl şirkətlər – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ
"PAŞA Sığorta" başqa şirkətlərin kapitalına investisiya qoymağa hazırlaşır
ABB "Davr Bank"ın rəhbərliyini yenidən formalaşdıracaq
Dövlət və özəl sektor əməkdaşlığında sahibkarların rolu müzakirə olunub - FOTOLAR
20 min manat limiti artıq illik hesablanacaq – elektron köçürmələrdə yeni qayda
Sahibkarlar üçün yeni qayda: Bəzi yoxlamaların aparılması qadağan ediləcək
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Ötən il yaradılan 10 manatlıq şirkətlər – XARİCƏ MİLYONLARLA DOLLARLIQ SATIŞ EDİB - SİYAHI
Xaricə ixracı ən çox artıb-azalan dövlət şirkətləri – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ
Biznes nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Amazonda satış etmək üçün bilməli olduqlarınız
SWIFT nədir?
İnstaqramda biznes qurmağın yolları