Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artması ilə əlaqələndirilib.
Banker.az xəbər verir ki, Serbiya Mərkəzi Bankı oktyabrın 30-da qəbul etdiyi qərarla bankın fəaliyyətini dayandırıb və onun müflisləşmə proseduruna başlanılması üçün hüquqi əsasların yarandığını müəyyən edib.
Tənzimləyicinin məlumatına görə, əvvəlki yoxlamalar zamanı bankın likvidliyinin artırılması tələb olunsa da, maliyyə vəziyyəti pisləşməkdə davam edib. Bankın idarə edilməsi Əmanətlərin Sığortalanması Agentliyinə həvalə olunub.
Qərardan sonra bankın hesabları və ödəniş əməliyyatları dondurulub. Müştərilər vəsaitlərini çıxarmaq və köçürmələr həyata keçirmək imkanlarını itiriblər.
Böyük Britaniyanın iqtisadiyyat və maliyyə sahəsində ixtisaslaşmış "Financial Times" qəzetinin məlumatına görə, "Alta Banka" xüsusilə Serbiyaya köçmüş Rusiya vətəndaşları və onların yaratdığı şirkətlər arasında populyar olub.
Bankın müştəri depozitləri 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrlə müqayisədə beş dəfədən çox artıb.
Serbiyanın Əmanətlərin Sığortalanması Agentliyi hər əmanətçi üzrə 50 min avroyadək vəsaitin qaytarılacağına təminat verib.
Bu təminat fiziki şəxslərə, fərdi sahibkarlara, həmçinin mikro, kiçik və orta müəssisələrə şamil olunur. Sığortalanmış əmanətlər üzrə ödənişlər məhkəmənin müflisləşmə prosedurunun başlanması barədə qərarından sonra ən gec yeddi iş günü ərzində başlamalıdır.
Əmanəti 50 min avrodan çox olan şəxslər qalan məbləğin qaytarılması üçün müflisləşmə proseduru çərçivəsində kreditor tələbi təqdim etməli olacaqlar. İri şirkətlərin depozitləri isə sığorta təminatına daxil deyil.
Bankın bağlanması Serbiyadakı siyasi dəyişikliklər fonunda baş verib.
Yerli medianın məlumatına görə, bankın sahibi, iş adamı Davor Matsura keçmiş prezident Aleksandar Vuçiçin Serbiya Tərəqqi Partiyasına yaxınlığı ilə tanınır.
Vuçiçin partiyası oktyabrın 25-də keçirilən parlament seçkilərində məğlub olub. Bundan sonra "Alta Banka" vasitəsilə ölkədən külli miqdarda vəsait çıxarılması ehtimalı ilə bağlı araşdırma çağırışları səsləndirilib.
Serbiyanın mütəşəkkil cinayətkarlıqla mübarizə prokurorluğu bankın əməliyyatlarının və mümkün xarici pul köçürmələrinin araşdırılmasını tələb edib. Bununla belə, lisenziyanın ləğvi ilə bağlı rəsmi qərarda əsas səbəb kimi bankın maliyyə vəziyyətinin pisləşməsi göstərilib.
Serbiya Banklar Assosiasiyası isə hadisənin digər bankların fəaliyyətinə təsir göstərmədiyini və ölkənin bank sektorunun sabit qaldığını açıqlayıb.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
CV hazırlayarkən buraxılan 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
İnvestisiyanın necə cəlb etmək olar?
Birbank xidmətinə necə qoşulmaq olar?
Elon Musk kimdir?