AMB banklarda rəqəmsal dələduzluğa qarşı nəzarəti gücləndirir
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonunadək, ən geci isə 2027-ci ilin əvvəlinədək bankların, elektron pul təşkilatlarının və ödəniş təşkilatlarının rəqəmsal dələduzluğa qarşı mübarizə tədbirlərini təhlil etməyi planlaşdırır.
Bu barədə çərşənbə günü Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Mərkəzi Bankının Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinqi şöbəsinin rəisi Elvin Cuvarov bildirib.
Onun sözlərinə görə, təxminən bir ay əvvəl AMB banklara, elektron pul təşkilatlarına və ödəniş təşkilatlarına tövsiyə xarakterli məktub göndərərək mövcud nəzarət mexanizmlərinin özünüqiymətləndirməsi prosesinə başlayıb.
"Sənəddə rəqəmsal dələduzluğa qarşı mübarizə sahəsində müasir çağırışlar nəzərə alınmaqla, dələduzluq risklərinin azaldılması üçün zəruri olan minimum nəzarət mexanizmləri əksini tapıb. Xüsusilə, tövsiyələrə cihazların etibarlılığının yoxlanılması, eyni cihazdan bir neçə müştərinin istifadə etməsi hallarının aşkarlanması, sistemə yeni cihazlardan girişə nəzarət, tokenizasiya, əməliyyatların real vaxt rejimində monitorinqi, eləcə də vəsaiti qəbul edən tərəfin (benefisiarın) yoxlanılması daxildir", – deyə o bildirib.
E.Cuvarov qeyd edib ki, AMB həmçinin banklardan, ödəniş təşkilatlarından və elektron pul təşkilatlarından qeyd olunan istiqamətlər üzrə mövcud nəzarət mexanizmlərinin vəziyyəti, aşkar edilmiş boşluqlar və onların aradan qaldırılması üçün nəzərdə tutulan tədbirlər, o cümlədən icra müddətləri barədə məlumat istəyib.
"Demək olar ki, bütün məlumatlar artıq toplanıb. Ehtimal ki, bu ilin sonunadək, ən geci isə gələn ilin əvvəlində həmin məlumatlar təhlil ediləcək. Zərurət yaranarsa, əlavə tövsiyə məktubu göndərəcəyik və ya təkmilləşdirməyə ehtiyac aşkar etdiyimiz istiqamətlər üzrə növbəti tədbirlər görəcəyik", – deyə o bildirib.
Bundan əlavə, E.Cuvarov Azərbaycandan kənarda baş verən rəqəmsal dələduzluq hallarının strukturunda ən böyük payın elektron ticarət saytları vasitəsilə həyata keçirilən əməliyyatların payına düşdüyünü bildirib. Onun sözlərinə görə, ölkə daxilində isə dələduzluq hallarının əhəmiyyətli hissəsi bankların mobil tətbiqlərindən istifadə ilə bağlıdır.

10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
"Bank Respublika"nın İdarə heyətinə iki təyinat olub
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
"Premium Bank"ın İdarə Heyətinə yeni üzv seçilib
Xalq Bank "Əmanət" lotereyasının 2-ci tirajının qaliblərini mükafatlandırdı
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Françayzinq nədir və necə olur?
Dropshipping nədir?