Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"
Kiçik və orta biznes üçün QR kimi yeni ödəniş üsulları pulun daha tez daxil olmasına və xərcin azalmasına imkan verir.
GDP xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq və texnologiyalar" mövzusunda X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
G. Cəlilova vurğulayıb ki, Azərbaycanda QR ödənişləri üçün böyük imkan var: QR-ı artıq 100 mindən çox terminal qəbul edir və ondan istifadə hər gün genişlənir. O, QR-ın qısa müddətdə sahibkarlar üçün real alternativə çevrildiyini qeyd edib. Onun sözlərinə görə, insanlar kontaktsız kart, Apple Pay və Google Pay ilə telefonla bir toxunuşla ödəniş etməyə öyrəşib. QR standartı isə cəmi bir ildir işləyir və bu müddətdə artıq ciddi inkişaf yolu keçib. G. Cəlilova əlavə edib ki, dəyişikliyin açarı alıcıdadır: "Bank və sahibkar qənaət etdiyi pulun bir hissəsini alıcıya qaytara bilər: QR ilə ödəyənə daha çox keşbek, ilk ödənişə bonus verilə bilər", – deyə o söyləyib.
Yelo Bank rəsmisi diqqətə çatdırıb ki, sahibkar nağddan rəqəmsal ödənişə keçəndə bank onun satışlarını görməyə başlayır və bir neçə aydan sonra ona sənədsiz, filiala gəlmədən kredit təklif edə bilir. "Sahibkar sonda ödəniş üsulunu yox, biznesini böyütməyə kömək edən bankı seçəcək", – deyə o əlavə edib.
Ödəniş vasitələrinin müxtəlifləşdiyi bir dövrdə müştəri münasibətləri baxımından uğurun əsas şərtlərindən danışan G. Cəlilova üç amili önə çəkib: xidmətin sürəti, bankın müştərini tanıması və təhlükəsizliyə inam. Hazırda banklar xidmətin təqdim olunma müddətini dəqiqələrlə yox, saniyələrlə ölçür və prosesləri daha da sürətləndirməyə çalışırlar.
"Bu gün mobil tətbiqlərin keyfiyyəti aktualdır. Məncə, gələcəkdə əsas məsələ tətbiq olmayacaq. Bank gözə görünməz olmalıdır. Müştəri bunu hiss etmədən onun davranışlarında, seçimlərində və gündəlik ödənişlərində yanında olmalıyıq. Amma müraciət etməyə ehtiyacı yarandıqda güvəndiyi və seçdiyi ünvan həmin bank olmalıdır", – deyə G. Cəlilova söyləyib.
G. Cəlilovanın fikrincə, müştərini tanımaq yalnız onun əvvəlki əməliyyatlarını təhlil etməklə məhdudlaşmamalıdır. Banklar davranış məlumatları əsasında müştərinin gələcək ehtiyac və seçimlərini də proqnozlaşdırmağı bacarmalıdır.
O, təhlükəsizlik və etimadın da həlledici rol oynadığını bildirib. Belə ki, müştərilər Apple Pay və Google Pay kimi vasitələrlə ödəniş etsələr də, problem yarandıqda həll üçün banka müraciət edirlər.
G. Cəlilova bu xidmətlərin inkişafının böyük texnoloji resurslar tələb etdiyini, lakin bankların bütün həlləri öz daxilində hazırlamasının zəruri olmadığını deyib. O, fintex şirkətləri və prosessinq mərkəzləri ilə əməkdaşlığın imkanlarından istifadə etməyin əhəmiyyətini önə çəkib.
Bu çərçivədə Mastercard və Azericard arasında əməkdaşlığa toxunan G. Cəlilova qeyd edib ki, əlavə məlumatların skorinq modellərində istifadəsi müştərilərin daha yaxşı tanınmasına və onlara uyğun kredit təkliflərinin hazırlanmasına imkan yarada bilər. Xüsusilə yeni müştərilərin qiymətləndirilməsində kredit tarixçəsi ilə yanaşı, davranış göstəricilərinin də nəzərə alınması mühüm əhəmiyyət daşıyır.





Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb
"Bank Respublika"nın İdarə heyətinə iki təyinat olub
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir?
Cash Back nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət