Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı
İqtisadiyyat Nazirliyinin 2027–2030-cu illər üzrə makroiqtisadi proqnozlarında manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməz — 1 dollar üçün 1,70 manat səviyyəsində nəzərdə tutulub.
Banker.az xəbər verir ki, bu fərziyyə dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində əksini tapıb. Sənəddə məzənnənin sabitliyinin maliyyə və istehlak qərarlarında valyuta risklərini məhdudlaşdırdığı, xarici valyutaya tələbin zəifləməsi şəraitində manatla əmanətlərin mövqeyinin möhkəmləndiyi qeyd olunur.
Baza ssenarisində 2027–2030-cu illər üçün neftin bir barelinin orta illik ixrac qiyməti 65 dollar götürülüb. Məzənnənin sabit qalması, idxal qiymətlərinin dinamikası və tənzimlənən tariflərin təsiri nəzərə alınmaqla, orta illik inflyasiyanın 2026-cı ildə gözlənilən 5,7%-dən 2030-cu ildə 4,3%-ə enəcəyi proqnozlaşdırılır.
Hökumət 2027-ci ildə nominal ÜDM-in 141 milyard manat, 2030-cu ildə isə 169,1 milyard manat olacağını gözləyir. Ortamüddətli dövrdə iqtisadiyyatın orta illik real artımı 3,3%, qeyri-neft-qaz sektorunun artımı 4,4% səviyyəsində nəzərdə tutulub. 2030-cu ildə qeyri-neft-qaz sektorunun ÜDM-də payının 82%-ə çatacağı, 2029-cu ildən "Abşeron" yatağının tam gücü ilə istismarının qaz hasilatını artıracağı gözlənilir.
Məzənnə siyasəti ilə bağlı AMB sədri Taleh Kazımov iyulun 29-da açıqlamasında manatın məzənnəsinin dəyişdirilməsi üçün fundamental iqtisadi əsas olmadığını bildirib. Onun sözlərinə görə, mövcud sabit məzənnə rejimi qiymət və makroiqtisadi sabitlik məqsədlərinə uyğundur və bu siyasətin növbəti illərdə də davam etdirilməsi planlaşdırılır.
Kazımov sentyabrın 25-də Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ölkənin strateji valyuta ehtiyatlarının 41 aylıq idxalı maliyyələşdirməyə kifayət etdiyini və manatın məzənnəsinin 2017-ci ildən sabit qaldığını qeyd edib.
AMB-nin sentyabrın 23-də yaydığı məlumat da valyuta bazarında təklifin tələbi həm nağd, həm də qeyri-nağd əməliyyatlarda əhəmiyyətli dərəcədə üstələdiyini göstərir. Yanvar–avqustda mübadilə məntəqələrinin müştərilərdən aldığı nağd xarici valyuta satdığı məbləğdən 673 milyon dollar çox olub. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyulda 25,8%-ə enib ki, bu da illik müqayisədə 3,7 faiz bəndi azdır.
Valyuta təklifinin üstün olduğu şəraitdə Mərkəzi Bank avqustda bazardan 1,5 milyard dollar alıb. Qurum bildirib ki, alınan valyutanın hamısı və ya bir hissəsi sonradan tələbə uyğun olaraq bazarda tarazlığı təmin etmək üçün yenidən satışa yönəldilə bilər.
Sentyabrın 30-na AMB-nin rəsmi valyuta ehtiyatları 15 milyard 363,4 milyon dollar təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanan hesablamaya görə, həmin tarixə ARDNF-nin aktivləri 74 milyard 17,3 milyon dollar olub. Beləliklə, ümumi strateji valyuta ehtiyatları 89 milyard 380,7 milyon dollar təşkil edib.
AMB-nin iyulda açıqladığı və sentyabrda rəsmiləri tərəfindən təkrar səsləndirilən proqnoza əsasən, cari əməliyyatlar balansının profisitinin 2026-cı ildə 6,1 milyard dollar, 2027-ci ildə isə 5,2 milyard dollar olması gözlənilir. AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov sentyabrın 15-də bu proqnozların növbəti pul siyasəti kommunikasiyası çərçivəsində yenidən nəzərdən keçiriləcəyini bildirib.

Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
ABB-nin aldığı "Davr Bank"da rəhbərlik dəyişib, yeni ad təsdiqlənib
ATB-nin xalis mənfəəti 62% artıb
"TuranBank"ın 3-cü rübdə mənfəəti 36% artıb
"Rabitəbank"ın kredit portfeli 1 milyard manatı ötüb, gəlirləri artıb – Maliyyə nəticələri
"Bank of Baku" 9 aya 36% böyüdü – mənfəət 27 milyon manata çatdı
Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib
"VTB Azərbaycan" 9 ayda 20 faizdən çox böyüyüb - 7,7 MİLYON MANAT MƏNFƏƏT ƏLDƏ EDİB
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Startup nədir və necə olur?
"iPhone 15" modelinin üstünlükləri
Milyonlar qazandıran qəribə biznes ideyaları