Taleh Kazımov: "2026-cı ildə Azərbaycanda 2-3 IPO keçirilə bilər"
2026-cı ildə Azərbaycanda 2-3 IPO-nun (səhmlərin ilkin kütləvi təklif üsulu ilə yerləşdirilməsi) keçirilməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
O, bazara çıxmağa hazırlaşan şirkətlərin iqtisadiyyatın hansı sektorlarında fəaliyyət göstərdiyini dəqiqləşdirməyib.
AMB sədrinin sözlərinə görə, "ABB Bank"ın bazara 33 min investorun cəlb edilməsi ilə nəticələnən ilk və müsbət IPO təcrübəsi fond bazarının inkişafı üçün mühüm stimul olub.
"Milli Depozit Mərkəzində depo hesablarının sayı 1 800-dən 40 minə yüksəlib. Yeni IPO-lar sayəsində bu rəqəm artıq 2026-cı ildə 55-100 minə çata bilər. Müqayisə üçün: 30 ildən artıqdır inkişaf edən bank sektorunda unikal əmanətçilərin sayı keçən ilin yanvarında cəmi 106 min nəfərə yaxın idi", – o bildirib.
T.Kazımov vurğulayıb ki, IPO bazarı artıq yetişib və kapital bazarının infrastrukturu bunun hesabına genişlənməsinə hazırdır: "Əgər əvvəllər hesabın açılması və qiymətli kağızlar bazarında əməliyyatların aparılması 3-5 gün vaxt aparırdısa, bu gün bu proses mobil tətbiq vasitəsilə maksimum 30-60 dəqiqə çəkir. Bazara giriş çox sadələşib. Bunu ABB-nin səhmlərinin yerləşdirilməsi də təsdiqləyib: sifarişlərin 84 %-i mobil tətbiq üzərindən verilib. İnvestorların qazancına gəlincə, onlar ən azı 15 % gəlir əldə ediblər", – ölkənin baş bankiri bildirib.
Onun sözlərinə görə, AMB-nin böyük gözləntiləri yenə də məhz maliyyə sektoru ilə bağlıdır – bu sektor kütləvi yerləşdirməyə daha çox hazırdır.
"PASHA Holding"in baş icraçı direktoru Cəlal Qasımov "Report"a bildirib ki, holdinq "PASHA Bank"ın səhmlərinin yerləşdirilməsi də daxil olmaqla IPO imkanını nəzərdən keçirir. "Bu məsələyə baxılır. Paketin həcmini müəyyən etmək üçün bazarın imkanlarını qiymətləndirməliyik. Biz IPO-nu elə keçirmək istəyirik ki, bütün kateqoriyalardan olan investorlar səhmləri ala bilsinlər. Səhmlərin nominal dəyəri yəqin ki, 50-100 manat arasında olacaq", – deyə o qeyd edib.
"Azersun Holding"in baş icraçı direktoru Savaş Uzan da IPO planlarından danışıb. Onun sözlərinə görə, bir il əvvəl holdinq "Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı"nın səhmlərinin 20-25 %-ni bazara təklif etməyi planlaşdırırdı.
"Lakin bazar şəraitindən asılı olaraq planlar yenidən nəzərdən keçirilir. Biz vəziyyəti təkrar qiymətləndirmək istəyirik. Qərar ilin yekunları üzrə maliyyə göstəricilərinin təhlilindən və bir neçə IPO-nun keçirilməsi üçün kapital bazarının imkanlarının qiymətləndirilməsindən sonra qəbul ediləcək", – o bildirib.
S.Uzan qeyd edib ki, əlverişli şərait yaranacağı təqdirdə şirkət artıq gələn il bir IPO ilə bazara çıxmağa hazırdır.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv