Tikinti şirkətləri bankların "sevimlisinə" çevrilib
Azərbaycanda bankların tikinti və inşaat sektoruna kredit qoyuluşları 2026-cı ilin ilk 8 ayında kəskin artıb. Avqustun sonunda bu sektor üzrə kredit portfeli 2 milyard 122,7 milyon manata çatıb. 2025-ci ilin sonunda göstərici 1 milyard 307,1 milyon manat idi. Beləliklə, ilin əvvəlindən artım 815,6 milyon manat və ya 62,4% təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, artımın əsas hissəsi dövlət müəssisələrinin hesabına formalaşıb. Dövlət mülkiyyətində olan müəssisələrə verilmiş tikinti kreditləri ötən ilin sonundakı 26,6 milyon manatdan 795 milyon manata yüksəlib. Bu, təxminən 30 dəfə artım deməkdir. Ümumi tikinti kreditlərində ilin əvvəlindən yaranan 815,6 milyon manatlıq artımın 768,4 milyon manatı və ya 94%-i məhz dövlət müəssisələrinin payına düşüb.
Özəl müəssisələrə verilən tikinti kreditlərində isə artım daha zəif olub. Portfel 1 milyard 280,4 milyon manatdan 1 milyard 327,7 milyon manata yüksəlib. Artım 47,3 milyon manat və ya cəmi 3,7% təşkil edib.
Tikinti sektoruna kreditlərin böyük hissəsi uzunmüddətlidir. Uzunmüddətli kreditlər 2025-ci ilin sonundakı 1 milyard 24,5 milyon manatdan avqustda 1 milyard 811,6 milyon manata yüksəlib – artım 76,8% olub. Qısamüddətli kreditlər isə 282,6 milyon manatdan 311,1 milyon manata çatıb.
TİKİNTİDƏ DÖVLƏTİN ÇƏKİSİ ARTIB
Kreditlərdəki bu dəyişiklik mənzil tikintisinin strukturunda müşahidə olunan dinamika ilə eyni dövrə təsadüf edir. 2026-cı ilin ilk yarısında Azərbaycanda 16 529 mənzil istifadəyə verilib ki, bu da illik müqayisədə 27,6% çoxdur.
Xüsusilə dövlət müəssisələrinin istifadəyə verdiyi mənzillərin sayı kəskin artıb. 2025-ci ilin ilk yarısında bu göstərici cəmi 69 mənzil olduğu halda, 2026-cı ilin eyni dövründə 2 247 mənzilə yüksəlib. Qeyri-dövlət müəssisələrinin istifadəyə verdiyi mənzillərin sayı isə 2 072-dən 1 634-ə düşüb.
Mənzil bazarında qiymətlər də yüksəlməkdə davam edir. 2026-cı ilin ilk yarısında ilkin mənzil bazarında qiymətlər illik 8,3%, təkrar bazarda isə 12,7% artıb. Avqustda tikinti xərclərini ölçən Azərbaycan Qiymətləndiricilər Palatasının Tikinti İndeksi də aylıq 3,07% yüksələrək 110,1-ə çatıb.
Tikinti sektoruna bank maliyyələşməsi sürətlə artdığı halda, əhalinin mənzil alışı üçün əsas maliyyə kanallarından biri olan ipoteka kreditləşməsində artım daha zəifdir.
Bankların ipoteka kreditləri portfeli avqustun sonunda 4 milyard 740,2 milyon manat olub və illik cəmi 5,4% artıb. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə yeni verilmiş kreditlərin həcmi isə 2026-cı ilin yanvar–avqust aylarında 262,9 milyon manat təşkil etməklə illik müqayisədə 13,7% azalıb.

"Meqa Həyat Sığorta" yığımlarını təxminən ikiqat artırıb
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur
Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir
Dünya Bankı: Azərbaycan Orta Dəhlizin 3,2 milyard dollarlıq layihələrində iştirak edir
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN
Dünya Bankı Orta Dəhlizin Azərbaycana faydasını 1,3 milyard dollar ÜDM artımı ilə qiymətləndirib
Qazaxıstan dollar depozitləri üzrə maksimal faizi qaldırır
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib
Macarıstanın ən böyük bankı Rusiyadan çıxmağı nəzərdən keçirir
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SMM nə deməkdir?