50-dən çox marka qurucusu Ataman Özbay: "Həyat yoldaşımın ailəsi bizə heç nə vermədi, 26 yaşımda evləndim, 32 yaşımda fabrikim var idi" - MÜSAHİBƏ

50-dən çox marka qurucusu Ataman Özbay: Diqqət: Bu material FED.AZ-n sifarişi ilə hazırlanıb və onun digər resurslarda yayılması qadağandır.
50-dən çox markanın qurucusu Ataman Özbay: "Həyat yoldaşımın ailəsi bizə heç nə vermədi, üstəlik 8 il evinə belə qoymadı. 26 yaşımda evləndim, 32 yaşımda iki aptek, bir yağ fabrikim var idi."
FED.az Türkiyənin məşhur iş adamı, çoxsaylı markaların yaradıcısı, hazırda məşhur biznes ekspert və təlimçi olan Ataman Özbayla müsahibəni təqdim edir.
Deyir ki, hər insanın qarşısında iki yol olur: asvalt və daşlı-kəsəkli yol. Hər kəs hansı yolla gedəcəyini özü seçir. Onun seçimi daşlı-kəsəkli yollar olur. Əldə etdiyi nailiyyətlərin daşlı-kəsəkli yollardan yığdığı daşların "qala"sı olduğunu hesab edir. "Asvalt yollarla getsəydim, bunları əldə etməyəcəkdim" deyən müsahibimiz türkiyəli iş adamı, əczaçı, nəm salfetlərin və ümumilikdə, 50-dən çox markanın qurucusu Ataman Özbaydır.
Qeyd edək ki, A.Özbay nəm salfet markası olan "Uni" şirkətini 2012-ci ildə 56 milyon türk lirəsinə satmışdı.
- 26 yaşınıza qədər kasıb həyat yaşamısınız. Ailə qurduqdan bir müddət sonra artıq öz işinizi qurmağa başlamısınız və qısa müddətdə zənginlər sırasına qoşulmusunuz.
- Universitetdə müəllimimi sevirdim, amma heç nəyim yox idi. Ona sevgimi etiraf edəndə, dedim ki, evlənək, amma bir qəpik pulum yoxdur. Dedim ki, "Hürriyət"də işim hazırdır. Dedi ki, mən aşiret qızıyam, bilirsən? Aşiret bir kəndin sahibi olmaqdır. Türkiyənin ən zəngin yerində yaşayırdılar. Dedi ki, məni millət vəkili ilə evləndirəcəklər, amma onu deyil, səni sevirəm. Bir qəpik pulum yoxdur, onların evi bir villa. Ailəsi razı olmasa da, evləndik. 3 taxta kreslomuz var idi, başqa heç nə. İlk olaraq insanlarda belə təəssürat yaranır ki, həyat yoldaşımın ailəsi imkanlı olub, dəstək göstərib. Amma həyat yoldaşımın ailəsi bizə heç nə vermədi, üstəlik 8 il evinə belə qoymadı. 26 yaşımda evləndim, 32 yaşımda iki aptek, bir yağ fabrikim var idi. 20 il sonra bütün qəzetlərə manşet oldum, dünyada mətbuat məndən yazdı.
- Bəs evləndikdən sonra qısa müddətdə vəziyyətin bu cür dəyişməsinin səbəbi nə idi?
- Həyat yoldaşıma aşiq idim və ona layiq olmaq üçün çalışdım. Çünki çox zəngin həyatdan kasıb bir mühitə düşdü. Həyat yoldaşıma layiq olmaq üçün çalışmağı qarşıya məqsəd qoydum. Öz-özümə "Onun ailəsindən varlı olacam" dedim, oldum da. Həyat yoldaşımla bir yerdə aptek açdıq, "fərqli iş yoxlayaq" dedim, qəzet çıxardıq, yağ fabriki açdıq. 6 ildə Trakyanın ən zəngin adamı oldum.
- Apteklə başlamağınız necə oldu? Əczaçılıq təhsili alsanız da, adətən, daha kiçik bizneslərlə başlayıb sonrakı dövrlərdə bu tipli bizneslərə keçirlər.
- Uşaq vaxtı bir qəzadan sonra kəkələdim, danışa bilmirdim. 10 yaşımda kəkələməyim keçsin deyə məni qəzet satıcılığı işinə yönəltdilər. Orta məktəbin sonuna qədər qəzet satdım. Axşam 10-a qədər qəzet satırdım, gecə evə iki çörək götürürdüm. O qəzet redaksiyasında çalışmaq mənim həyatımda çox böyük rola malik olmuşdu. Çünki redaksiyaya böyük adamlar gəlirdi. Millət vəkilləri, təhsilli, dünya görmüş və s. adamlar. O mühitin içində ilk qərarım o oldu ki, mənim təhsilli biri olmağım şərtdir. Bir gün redaksiyaya xaricdə təhsil almış bir həkim gəlmişdi. Dedi ki, aptek açdım, əczaçılıqda çox pul var. Mən o vaxt uşaq idim, amma beynimdə qoydum ki, aptek açacam. Ona görə ilk biznes addımım da aptek işi oldu. Uşaqlıqdan ağlımda qurduğum iş o idi.
50-dən çox marka qurucusu Ataman Özbay: - Bəs işlər necə böyüdü?
- Mən problem görəndə onu necə həll etmək haqqında düşünməyə başladım. Məsələn, nəm salfetləri necə kəşf etdim? Nəm salfetlərin ideyasını uşağa gecə baxanda kəşf etdim. Həyat yoldaşımla növbələşdik, bir gün gecə uşağa o baxırdı, bir gecə mən. Deməli, öz növbəmdə uşağın altını təmizləmək istədim. Kağızla təmizləyə çalışdım, olmadı. Sonra kağızı islatmağı sınadım, kağız pis vəziyyətə düşdü. Ondan sonra hardasa bir ananın uşağın altını dəyişdirəcəyini deyəndə gülərdim. Çünki uşağın altını təmizləyəndə nə çəkdiyini bilirdim. Amma eyni zamanda həll yolu haqqında düşünürdüm. Bir dəfə televiziya izləyərkən suyu özünə çəkən kağız haqqında eşitdim və düşündüm ki, nəm salfeti yarada bilərəm, yaratdım da.
Bir dəfə xanımımın makyajını təmizləmək üçün hamam otağında nə qədər vaxt keçirdiyi diqqətimi çəkdi. Gördüm ki, xanımlar buna çox vaxt sərf edirlər. İdeya yarandı, dedim ki, salfetini hazırlayaq, 2 dəqiqəyə silsin.
Dünyada ilk dəfə şəffaf sabun yaratdım. 20 il öncə dezinfeksiya vasitəsi yaratdım. O vaxt pandemiya yox idi. Yaxud dırnaq lakını təmizləmək üçün qoxulu asetonu yaratdım.
- Sizin adınız gələndə ən çox nəm salfetlərin yaradıcısı olduğunuz qeyd edilir. Bəs sizə ən doğma olan marka hansıdır?
- Elə indi ondan danışmaq istəyirdim. Yataq xəstələrinin saçını təmizləmək üçün olan "Bone" mənim üçün daha doğmadır. Bunun da tarixçəsi var. Bunun da tarixçəsi var. Çox titiz – vasvası bir dostumuz var idi. Manyak dərəcədə vasvası idi. Bununla bağlı həmişə onunla zarafat edirdim. Bir dəfə əməliyyat oldu. Həyat yoldaşımla bir yerdə xəstəxanada onu ziyarətə getdik. Dedi ki, saçlarımı yuya bilmirəm, saçımdan pis qoxu gəlir. Bizi onu öpməyə qoymadı. 15 gün sonra getdiyimdə hönkür-hönkür ağlayırdı. Dedi ki, Allah bəlanı versin, saçlarımı yuya bilmirəm. Sən o qədər markalar yaradırsan, bunun üçün də nə isə düşünməmisən. Mən ondan sonra yataq xəstələrinin saçının təmizlənməsi üçün nəm və şampunlu bone yaratdım. Yataq xəstələri mənə dua edir. Ona görə ən çox sevdiyim marka odur.
- Bu markaları bir biznes "hırsı"nın nəticəsi hesab etmək olar?
- Məndəki biznes hırsı yox, biznes eşqi idi. Nə isə marka yaratmaq məndə bir sevgi idi. Mən nəyisə etmişəmsə, iş kimi baxmamışam, sevgi ilə yanaşmışam. İndi sizə müsahibə verirəm, bunu belə sevgi ilə edirəm, mənfəətimi düşünmürəm. Allah mənə çox verdi. Bir də nə etmişəmsə, tam etmişəm, yarımçıq buraxmamışam. Mən çox həyəcanlı adamam. Hər gördüyüm işdə həyəcanlanıram. Özümü işin içinə atıram. Yaşım 80-ə çatır, amma həyatı sevirəm. Hər nə edirəmsə, onu maraqla etməyə, irəli aparacaq şəkildə etməyə çalışıram. Sabah bu otelə işçi kimi gəlim, 2 il sonra bu otelin müdiri olacam.
- İnsanın xarakteri iş dünyasında irəli getməkdə nə qədər önəmlidir?
- Vacibdir. Öz zəkanı, öz düşüncəni istifadə etmək önəmlidir. Öz duyğuları, öz başı olmayan başqalarının duyğuları, başı ilə hərəkət edəcək. 18-20 yaşımdan artıq hər şeylə bağlı özüm qərar verdim. Kiməsə nə isə söz verirəmsə, gedirəm. Kimsə desin ki, axşam matç, film var, gedək. Məni məcbur apara bilməz. İstəyirəmsə, gedirəm. İstəmirəmsə, məcbur getmirəm.
- Kasıb həyatdan zəngin həyata keçiddən sonra insanlar bəzən dəyişirlər. Bu dəyişiklik bəzən telefon nömrəsini dəyişməklə başlayır.
- Mən çox kasıb həyat yaşamışam. Bəzən yeməyin içində ət qiyməsi o qədər az olurdu ki, tapdığım ətin dadını almaq üçün dişimlə əridirdim. Atam yox idi, anamla birlikdə qardaşımın evində qalırdıq. Qardaşım evdə olmayanda yoldaşı bizə yeməyin artığını verirdi. İndi mənim evimdə bir neçə nəfər işçi var, ev işləri üçün. Mən onlarla eyni süfrədə yemək yeyirəm (Qonağım olduğu günlər xaric). Pulu artdıqca insanın özünü yüksək tutmağa başlaması ən böyük xətasıdır. Vəzifə artan kimi telefon nömrəsini dəyişmək də doğru deyil. Evimdə işləyənlərə pis davransam, mənə çay verəndə içinə tüpürüb gətirər, nəinki sevgi ilə. İnsanlar hirsini o cür çıxarır. Çox sadə peşə adamları ilə prezident, dünyanın ən zəngin adamı kimi fikir mübadiləsi aparıram.
Bir nə qədər yüksəlsən də, həyatda sənə faydası olan adamları unutsan, Allah sənə verməz. Zəka hər insanda var, vəfa hər insanda yoxdur.
- Məsələn, edilən nəyi unutmadınız?
- Mən uşaqlıqdan əczaçılıq sahəsində biznes qurmaq istəyirdim, ətrafdakı hər kəs bilirdi ki, mən əczaçılıq üzrə təhsil almaq istəyirəm. Amma bunun üçün daha çox pul lazım idi deyə, başqa sahəyə yönəlmək qərarı verdim. Alimə adlı müəllimim soruşdu ki, niyə əczaçılıq oxumursan? Dedim ki pulum yoxdur. Dedi ki, mən səni oxudaram. Həqiqətən də məni o xanım oxutdu. O qadının sayəsində çox zəngin oldum. Unutmadım. Varlanınca, ona 8 kitabxana qurdum.
- Kitabınızdakı rəylərdən birində yazılıb ki, bütün səfərlərdə onu həyat yoldaşı ilə görürdük...
- Banqkoka səfər var idi, təyyarə kişilərlə dolu idi. Xanımı ilə o səfərə gedən yeganə iş adamı mən idim. Bunu niyə edirdim? Bir-birimizə aşiq idik. Təyyarədəki adamların haqqımda nə düşündüyü mənim üçün önəmli deyildi. Önəmli olan həyat yoldaşım idi. Xəstə olduğumda başımı ucunda həyat yoldaşım dayanırdı. 44 illik evliliyimdə həyat yoldaşımı evdə qoyub dostlarımla yeməyə getmədim.
- İşçilərlə münasibətinizdən danışaq. Necə bir münasibət qurmuşdunuz?
- Mənim fabrikimdə məhsuldarlıq 95 faiz idi. Mən işdə olmayanda işlərin daha yaxşı getdiyinə inanırdım. Çünki işçilərim məni sevirdilər. O sevgini birinci mən onlara vermişdim. Müdir insanları, işçilərini sevməlidir. Mən sənin müdirinəmsə, sən mənim üçün sevərək işləyəcəksən, mən də sənə sevərək yanaşacam. Bəzən müdir maaş verəndə əli titrəyir. İşçiyə maaşı əlin əsmədən vermək çox önəmlidir. İşçim xəstədirsə, 100 min lirə lazım olsa, verirəm. Mənim uşaqlarım təhsil alırsa, onunkular da oxumalıdır. Əgər ağıllıdırsa, hər cür fədakarlığı edərəm.
6 yaşım olardı, velosiped istəyirdim, amma o imkanımız yox idi. Bu mənim qüruruma toxunmuşdu. 500 işçimin uşaqları 7 yaşına gəldiyində hamısına velosiped hədiyyə etdim. O uşaqlar evlərində xoşbəxt olduqlarında mən də xoşbəxt olurdum. Düşünürdüm ki, şirkətimin işçilərinin övladları arasında mənim uşaqlığımdakı kimi velosipedi olmadığı üçün özünü pis hiss edən uşaq yoxdur.
- Markalar yaratmısınız, böyük biznes idarə etmisiniz. İstədiyiniz həyatı yaşaya bilmisiniz?
- Biznes adamı olaraq istədiyim həyatı yaşadım. Həyat yoldaşımla bir yerdə dünyanı gəzdim. Uşaq ikən də ürəyim eyni idi, indi də. Hər zaman ürəyimin qeydinə qaldım. Düzdür, iş həyatında zamanım gərgin keçirdi. Çünki iş çox idi, gərginliksiz mümkün deyildi. Önəmli olan o gərginliyi ruhuna hiss etdirməməkdir. O gərginliyin üzərində durursansa, daha da böyüdürsən. Olursa, olur, olmazsa, olmaz. Gərginliyi ata bilməyənlər var. Bilirsiniz niyə? Çünki sevgiləri yoxdur, ancaq pul düşünürlər. "Pul-pul" desəm, nə dəyişir? O qədər pulum oldu, nə dəyişdi?
- Bütün biznesinizi niyə satdınız?
- O pulları qazanarkən həyat yoldaşımı xoşbəxt etməyi düşünürdüm. Qartal kimi uçurdum. Həyat yoldaşım öləndə qartalın bir qanadı getdi. Hər zaman "bir yerdə edərik" deyirdi. Həyat yoldaşım öləndən sonra dedim ki, nə üçün çalışım? Ona görə şirkətimi "Eczaçıbaşı" şirkətinə satdım. Fransızlar 10 milyon dollar artıq təklif etdi, onlara satmadım. Türk markası qalmasını istədim. Pulu övladlarım arasında böldüm, dedim ki, bu pullar sizin, nəvələrinizə yetər. İndi pula ehtiyacım yoxdur. Ətrafımda sevən, diqqət göstərən insanlar çoxdur. İndi konfranslar verirəm, təcrübəmi bölüşməyə çalışıram, faydalı olmaq istəyirəm.
- Təcrübənizə əsasən, gənclərə nələri məsləhət görürsünüz?
- İnancınız, hədəfiniz varsa, xəyallarınızdan əsla vaz keçmirsinizsə, hər şey mümkündür. Bir vaxtlar kəkələyən uşaq idim, indi isə Türkiyənin ən yaxşı spikerləri içərisində adım birinci yerdədir. Olduğunuz yerdə qalmaqla heç nə edə bilməzsiniz. Öz dost-tanış çevrənizdən çıxmağınız önəmlidir. Siz öz çevrənizdən ən yaxşı ola bilərsiniz, amma kənara çıxsanız, daha böyükləri, daha yaxşıları görəcəksiniz. Ölkədən kənara çıxmaq lazımdır. Ölkəndəkiləri öyrənməklə, görməklə kifayətlənmək olmaz.
Xüsusi olaraq FED.az üçün Aygün Asimqızı

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək

"Aqroservis" ASC səhmdarlarının ümumi yığıncağı 2025-ci ilin 17 yanvar tarixində saat 15:00-da keçiriləcək. Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR. xəbər verir ki, yığıncaq Kənd Təsərrüfatı Nazirliyinin Bak

"Karton Etiket Məhsulları" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək

28.12.2024-cü il saat 11:00 – da "Karton Etiket Məhsulları" ASC- nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Cəlilabad Məişət" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR. xəbər verir ki

PMD Projects şirkətinə COP29 -da Azərbaycanda ilk - GPM 360 SERTİFİKATI TƏQDİM OLUNDU

"PMD Projects" MMC şirkətinin direktoru Nəriman Topçibaşevə COP29-da GPM Global şirkətinin icraçı direktoru Oksana Klimenko tərəfindən GPM 360 (Green Project Management) sertifikatı təqdim olundu. xəbər verir ki

Toğrul Qulubəyli: "Yeni texnologiyaların transferi ölkədə rəqabətqabiliyyətli istehsal müəssisələrinin və ixrac potensialının artmasına səbəb olacaq

Yeni texnologiyaların transferi Azərbaycanda rəqabətqabiliyyətli istehsal müəssisələrinin, eyni zamanda ixrac potensialının artımına səbəb olacaq. Bu fikirləri "RosAzerMaş" Qapalı Səhmdar Cəmiyyətində keçirilə

"McDonald's" Azərbaycanda 25 illik yubileyini qeyd edir: Fəvvarələr meydanından yeni üfüqlərədək

199-cu ildə Fəvvarələr meydanında ilk "McDonalds" restoranının açılmasından artıq 25 il vaxt keçir. xəbər verir ki, bu illər ərzində "McDonalds Azərbaycan" şəhər həyatının ayrılmaz hissəsinə, hər gün minlərl

"Nvidia"nın AI çipləri üçün şirkətlərə 11 milyard dollarlıq kredit ayrılıb

ABŞ-ın böyük maliyyə qurumları, süni intellekt sahəsində "Nvidia" çiplərindən istifadə edən texnoloji şirkətlərə 11 milyard dollarlıq kredit ayırıb. Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: "Apple"

Nvidia gəlirlərini kəskin artırıb - DETALLAR

Nvidia, süni intellekt texnologiyalarına tələbatın artması ilə 2023-cü ilin son rübündə də rekord göstəricilər əldə edib. Nvidia Apple-ı geridə qoydu, Dünyanın ən dəyərli şirkəti oldu. xəbər verir ki, şirkətin gəliri ötə

Sahibkarlarla görüş keçirilib

Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "İşğaldan azad edilmiş ərazilərdə dəstək mexanizmləri" mövzusunda onlayn görüş keçirilib. İstixana təsərrüfatını

Biz mənzil, maşın axtaranda o pul qazanır: Turbo.az, Bina.az və Tap.az-ın sahibi - Türk şirkətini $1,1 milyarda aldı

Türk dünyasında böyük alqı-satqı baş tutub. xəbər verir ki, Türkiyənin Rəqabət, yəni antiinhisar qurumu Türkiyənin məşhur "Həpsiburada" alış-satış platformasının Qazaxıstanın elektron ticarət nəhəngi olan şirkətin


iqtisadi xeberler online pul qazanmaq bu gunun xeberleri biznes qurmaq birbank