Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb
Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyabr ayında dərc etdiyi "Pul Siyasəti İcmalı"nda bildirilir.
Hesabata əsasən, likvidliyin artması əsasən Mərkəzi Bankın valyuta alışları və bunun müqabilində dövriyyəyə buraxılan vəsaitlərin fiskal kanallarla iqtisadiyyata ötürülməsi ilə bağlı olub.
İzafi likvidlik fonunda banklararası bazarda faiz dərəcələri azalmağa meyil edib. AZIR indeksinin orta günlük göstəricisi avqustda 6,31%, sentyabrda 5,93%, oktyabrda isə 6,03% təşkil edib.
2026-cı ilin yanvar-sentyabr aylarında banklararası təminatsız pul bazarında 57,6 milyard manat həcmində 1 648 əqd bağlanılıb. Əməliyyatların həcmi illik müqayisədə 11% artıb. Həmin dövrdə repo bazarında isə 25,2 milyard manatlıq 4 404 əqd qeydə alınıb.
Likvidliyin tənzimlənməsi məqsədilə Mərkəzi Bank 9 ay ərzində 62 depozit və 146 not hərracı keçirib. Sentyabrın sonunda AMB-nin not portfeli 1,7 milyard manata çataraq ötən ilin sonu ilə müqayisədə 1,4 milyard manat artıb.
Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat olub. Sentyabrın sonunda manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi ötən ilin dekabrına nisbətən 3%, real effektiv məzənnəsi isə 0,2% möhkəmlənib.
AMB oktyabrın 29-da uçot dərəcəsini 6,5%, faiz dəhlizinin aşağı və yuxarı hədlərini müvafiq olaraq 5% və 7,5% səviyyəsində sabit saxlayıb. Qurum inflyasiyanın həm 2026-cı, həm də 2027-ci ilin sonunda 5,9% olacağını proqnozlaşdırıb.
AMB-nin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bankların sərbəst vəsaitlərini Mərkəzi Bankda yerləşdirməkdənsə, banklararası bazara və kreditləşməyə yönəltməsində maraqlı olduqlarını bildirib.
Sədr noyabrın 4-də Milli Məclisdə çıxışı zamanı bankların mövcud prudensial normativləri pozmadan əlavə 4,6 milyard manat kredit vermək imkanına malik olduğunu açıqlayıb.
Noyabrın 16-da parlamentdə çıxış edən Taleh Kazımov isə manatın sabit məzənnəsinin qorunmasının pul siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacağını bildirib. Onun sözlərinə görə, mövcud meyillər davam edərsə, fiskal sektorun valyuta təklifi bazarda tələbin ödənilməsinə kifayət etməlidir.
AMB sədri gələn il də valyuta bazarının tənzimlənməsi və likvidliyin idarə olunması sahəsində Maliyyə Nazirliyi ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb - YENİ QİYMƏTLƏR
"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı
EBRD Azərbaycan üzrə investisiya portfelinin həcmini açıqlayıb
Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik
Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ
Avropa İttifaqı və FED "UniCredit"in "Commerzbank"ı satın almasına razılıq verib
Moody"s: Dünya bankları 2027-ci ilə güclü mövqedə daxil olacaqlar
"Coca-Cola" haqqında 5 maraqlı fakt
SWIFT nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Whatsapp biznesin üstünlükləri nələrdir?