Biznesə dair yeni qanunvericiliyin icmalı - FEVRAL AYI ÜZRƏ

Biznesə dair yeni qanunvericiliyin icmalı - FEVRAL AYI ÜZRƏƏvvəlki dövrlər üzrə icmalların davamı olan bu icmalda 2023-cü ilin fevral ayında qəbul edilmiş və dərc edilərək qüvvəyə minmiş biznesə aid bir sıra yeni qanunvericilik aktlarından bəhs edilir. 
(Əvvəlki 3 icmala bu keçidlərdən baxa bilərsiniz: birinci icmal, ikinci icmal, üçüncü icmal)
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunda dəyişiklik
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə edilmiş yeni dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Qanunun 2.1-ci maddəsinə əsasən, "bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır." Habelə, bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.
Dövlət orqanından əldə edilməsi mümkün olan sənədlər və ya məlumatların müraciət edən şəxsdən tələb edilməməsi ilə bağlı dəyişikliklər
Fevral ayında bir sıra qanunlara edilmiş dəyişikliklərə əsasən, Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin qanunlarla əvvəl tələb olunan bir sıra sənədlər və ya məlumatlar müraciət edəndən (ərizəçidən) artıq tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir. Həmin qanunlar üzrə sənədlər və məlumatlar aşağıdakılardır:
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda: Hüquqi şəxs statusu almaq istəyən, habelə yenidən təşkil edilən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlər və ya məlumatlar (11.4-2.).
"Lisenziyalar və icazələr haqqında" Qanunda: Lisenziyanın və icazənin alınması üçün ərizəyə əlavə edilən sənədlər və məlumatlar (18.3.).
Vergi Məcəlləsi: Bu Məcəllə ilə nəzərdə tutulmuş dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar təqdim edilməli olan sənədlər və ya məlumatlar (24.2.).
"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunda: Əmtəə nişanı və ya coğrafi göstəricilərin qeydə alınmasına dair ərizəyə əlavə edilən sənədlər (Maddə 9. Səkkizinci hissə).
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda: Daşınmaz əmlakın dövlət reyestrindən arayışın alınması üçün zəruri olan sənədlər (5.2-1.), hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər və ya məlumatlar (10.3-1.) 
"Banklar haqqında" Qanunda: Bank lisenziyasının alınması üçün təqdim edilən sənədlər (8.12), xarici bank tərəfindən Azərbaycanda filial açılmasına dair ilkin müraciətə əlavə edilən sənədlər (9.3-1.), yerli bank yerli və ya xarici filialını və nümayəndəliyini açmağa icazə almaq üçün edilən müraciətə əlavə edilən sənədlər (11.3-1.), xarici bankın yerli nümayəndəliyini açmağa icazə almaq üçün  müraciətə əlavə etdiyi sənədlər (12.2-1.), nizamnamə kapitalında mühüm iştirak payının alınması üçün bankın səlahiyyətli idarəetmə orqanının müraciəti və qərarı ilə birlikdə təqdim edilən sənədlər (22.4-1.).
"Bank olmayan kredit təşkilatları haqqında"Qanunda: Lisenziyanın alınması üçün zəruri olan sənədlər və ya məlumatlar(11.1-1.), BOKT-nin filialının açılmasına icazənin alınması üçün zəruri olan sənədlər və ya məlumatlar (13.1-1.)
"Sığorta fəaliyyəti haqqında" Qanunda: Lisenziya verilməsi üçün ilkin və yekun müraciət zamanı təqdim olunmalı sənədlər və ya məlumatlar (44.2-1.,50.1-1.), müddətsiz lisenziyanın verilməsi üçün tələb olunan sənədlər və ya məlumatlar (57.2-1.), lisenziyanın yenilənməsi üçün tələb olunan sənədlər və ya məlumatlar (60.3-1.), sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan sənədlər və ya məlumatlar (84.1-1.).
"Seleksiya nailiyyətləri haqqında" Qanunda: Patent almaq üçün zəruri olan sənədlər (6-cı maddə, on ikinci hissə). 
"Qiymətli kağızlar bazarı haqqında" Qanunda: İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün emitentin təqdim etdiyi sənədlər (6.3-1.), lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalında mühüm iştirak payının əldə edilməsinə razılığın alınması üçün təqdim edilən sənədələr (62.6-1), fond birjası, klirinq, investisiya fondunun depozitarı və investisiya şirkəti fəaliyyətlərinə lisenziya verilməsi üçün təqdim edilən sənədlər (66.1-1), xarici investisiya şirkətinin filialının açılması üçün müraciətə əlavə edilən sənədlər (71.4-1), xarici investisiya şirkətinin nümayəndəliyinin fəaliyyətinə icazə alınması üçün təqdim edilən sənədlər (73.2-1.), investisiya şirkətinin investisiya xidmətlərinin (əməliyyatlarının) və ya fond birjası ticarəti təşkil etdiyi bazarların genişləndirilməsi üçün təqdim etdiyi sənədlər (74.2-1.).
"Lotereyalar haqqında" Qanunda: Stimullaşdırıcı lotereyanın təşkilatçısının təqdim etdiyi sənədlər (8.4-2.).
"Valyuta tənzimi haqqında" Qanunda: Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxsin lisenziyanın alınması üçün müraciətinə əlavə etdiyi sənədlər (13-1.4.).
"Elektron imza və elektron sənəd haqqında" Qanunda: Sertifikat xidmətləri mərkəzinin qeydiyyata alınması üçün zəruri olan sənədlər və ya məlumatlar (9.2-1.).
"İnvestisiya fondları haqqında" Qanunda: Səhmdar investisiya fondunun səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlər (7.1-1.), səhmdar investisiya fondunda və idarəçidə mühüm iştirak payının əldə edilməsi üçün zəruri olan sənədlər və ya məlumatlar (28.5-1.), səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün ilkin və yekun müraciət zamanı zəruri olan sənədlər və ya məlumatlar (36.1-1., 38.3.),xarici investisiya fondunun və ya idarəçinin Azərbaycanda nümayəndəliyinin fəaliyyətinə icazənin verilməsi üçün zəruri olan sənədlər və ya məlumatlar (42.2-1.).
"Maliyyə-sənaye qrupları haqqında" Qanunda: Maliyyə-sənaye qruplarının dövlət qeydiyyatı zamanı zəruri olan sənədlər (3-1.).
Miqrasiya Məcəlləsində: Viza verilməsi (36.4.), müvəqqəti olma müddətinin uzadılması (41.4), müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) (46.8), daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) (53.4.), iş icazəsinin verilməsi (müddətinin uzadılması) (65.2.) üçün tələb olunan sənədlər.
"Ətraf mühitin mühafizəsi haqqında" Qanunda: Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlər və ya məlumatlar (10-1.). 
"İnzibati icraat haqqında" Qanunda: İnzibati orqan tərəfindən qanunla ərizəyə əlavə edilməli olan sənədlər və ya məlumatlar (30.5.).
"Elektroenergetika haqqında" Qanunda dəyişiklik
Bu qanuna edilmiş dəyişikliyə əsasən, tikinti obyektləri (o cümlədən yaşayış binalarının mənzilləri) Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onların elektrik qurğuları yalnız elektrik xətlərinə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilir. (8-ci maddə, səkkizinci hissə). Bundan başqa, digər dəyişikliklərlə yanaşıqanuna "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması" adlanan 8-1-ci maddə əlavə edilmişdir. Həmin maddə ilə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) almasının qaydası, şərtləri, tikinti-quraşdırma işləri və digər hallar tənzimlənir.
Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında Sərəncam
07 fevral 2023-cü il tarixli bu Sərəncamla ölkə Prezidenti tərəfindən Nazirlər Kabinetinə tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi, tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi, beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi, qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının və alkoqollu içkilərin idxalını və istehsalını həyata keçirən şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi, ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi tapşırılmışdır; İqtisadiyyat Nazirliyinə isə tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etməsi tapşırılmışdır.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
Telekommunikasiya xidmətləri, radiotezliklər və digər əlaqədar məsələlərlə bağlı "Telekommunikasiya haqqında" Qanuna edilmiş əlavə və dəyişikliyin davamı olaraq İnzibati Xətalar Məcəlləsinə "Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi" adlanan 362-3-cü maddə əlavə edilmişdir. Maddəyə əsasən, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə müvafiq cərimələr müəyyən edilir.
Bundan başqa 363-cü maddə yeni redaksiyada verilərək "Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsi" adlanır. Maddə sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumi stifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə və bu sahədə digər əməllərə görə müvafiq cərimələr müəyyən edir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda dəyişiklik
"Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar bir sıra qanunlarla yanaşı"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna dabir sıra dəyişiklik edilmiş, o cümlədən, bu qanuna "Əhalinin ərzaq təhlükəsizliyi" adlanan V fəsil əlavə edilmişdir.
Bu fəsildə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu sahədə dövlətin vəzifələri, dövlət ərzaq ehtiyatları və ərzaq bazarının dövlət tənzimlənməsi məsələləri əks edilmişdir. Fəsildə digər məsələlərlə yanaşı qeyd edilmişdir ki, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatlar ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar isə növbəti ayın 10-dək müvafiq informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir. Müvafiq məhsullara dair məlumatları müvafiq orqanın ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər.
"Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik
"Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar "Dövlət rüsumu haqqında" qanunda da bir sıra dəyişiklik edilmiş, o cümlədən 18.66-1-ci maddə yeni redaksiyada verilərək, ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsinə görə 25 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsinə görə 25 manat, qida obyektlərinin təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi üçün isə 150 manat məbləğində dövlət rüsumları müəyyən edilmişdir. Bununla yanaşı, yeni dəyişikliyə əsasən, sonuncu 150 manat məbləğində rüsum qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərindən, habelə bələdiyyə və dövlət orqanlarından (qurumlarından) tutulmur (19.6.). 
Bundan başqa, yeni dəyişikliklə qanunun 18.67-1-ci maddəsi ləğv edilmiş, həmin maddədə qeyd edilən rüsumlar, yəni, "qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə: reyestrdən çıxarışın verilməsi - 150 manat; reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat; reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat" rüsum tələbi qüvvədən düşmüşdür.
"Baytarlıq haqqında" Qanunda dəyişiklik
"Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar "Baytarlıq haqqında" qanunun 14.6-cı maddəsinə əlavə edilmiş ikinci cümləyə əsasən, idxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan heyvan mənşəli qida məhsullarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "Qida təhlükəsizliyi haqqında" Qanuna uyğun olaraq verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. 
"Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik
"Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar "Lisenziyalar və icazələr haqqında" Qanuna əlavə edilmiş 19.9-1-ci maddəyə əsasən, icazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində "Qida təhlükəsizliyi haqqında" Qanunun 24.5-ci maddəsində nəzərdə tutulmuş qida obyektlərini təsdiq edir və ya təsdiq edilməsindən imtina haqqında inzibati akt qəbul edir.
Habelə, Qanuna 3 nömrəli əlavə - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 47-ci və 71-ci maddələri aşağıdakı redaksiyada verilmişdir:
"47. idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara verilən idxal sağlamlıq aktı, ixrac olunan qida və yem məhsullarına verilən sağlamlıq sertifikatı;";
"71. qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış;".
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanda dəyişiklik 
Fərmanın yeni redaksiyada verilmiş 5.17-ci bəndinə əsasən, "ASAN xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin sırasında "qida təhlükəsizliyi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı" bu sadalanan xidmətlər göstərilmişdir:
1. ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi, 
2. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi, 
3. qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış verilməsi, 
4. Qida Təhlükəsizliyi Reyestrində dəyişiklik edilməsi kimi xidmətlər də qeyd edilmişdir.
2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanla təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda dəyişiklik
Bu siyahının 20-ci hissəsinin "Göstərdiyi xidmətlər" sütununun 1-ci və 3-cü bəndlərində qeyd edilən xidmətlər aşağıdakı yeni redaksiyada verilmişdir:
"1. qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış verilməsi;" 
"3. idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının, ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi".
İnzibati Prosessual Məcəllədə dəyişiklik
Bu Məcəlləyə "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatının həmin sistem vasitəsi ilə elektron qaydada aparılması (9-1), müvafiq hallarda inzibati məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi (9-2), "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılması (65.2), belə məhkəmələrdə qərarın elan edilmiş nəticəvi hissəsi barədə məlumatın həmin gün sistemdə yerləşdirilməsi ilə bağlı maddələr əlavə edilmiş və ya yeni redaksiyada verilmişdir, habelə, bunlarla əlaqədar prosessual qaydalara aid bir sıra maddələrə digər əlavə və dəyişiklər edilmişdir.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı"
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş bu Milli Fəaliyyət Planının əsas məqsədi ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması və yeni keyfiyyət meyarları əsasında davam etdirilməsidir. Plan aidiyyəti dövlət qurumları, nəzarət orqanları və özəl sektor tərəfindən risklərin başa düşülməsi, azaldılması və ya qarşısının alınması məqsədilə səmərəli tədbirlərin həyata keçirilməsinə, habelə qanunvericiliyin tətbiqi ilə bağlı fəaliyyətlərinin effektiv əlaqələndirilməsinə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi mexanizminin daha təkmil əsaslar üzərində formalaşdırılmasına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və müvafiq sahədə institusional potensialın gücləndirilməsinə xidmət edir.
Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər sırasına öhdəlik daşıyan şəxslər üzrə preventiv sistemin gücləndirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, məhkəmə və cinayət təqibi orqanlarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyətinin effektivliyinin gücləndirilməsi, maliyyə təhlili məlumatları üzrə infrastrukturun inkişafı, vergi nəzarətinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi çərçivəsində funksionallığının artırılması, gömrük nəzarəti tədbirlərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində funksionallığının artırılması, hüquqi şəxslər üzrə şəffaflığın artırılması, ölkədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər bu kimi tədbirlər nəzərdə tutulmuşdur. 
Milli Fəaliyyət Planını təsdiq edən 28 fevral 2023-cü il tarixli Sərəncamla, eyni zamanda, bu Planda icraçı qismində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarına, publik hüquqi şəxslərə və Dövlət Vergi Xidmətinə tapşırılmış, Ali Məhkəməyə, Baş Prokurorluğa, Mərkəzi Banka, Auditorlar Palatasına və Vəkillər Kollegiyasına isə tövsiyə edilmişdir ki, Planın icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun (bu qanun barədə məlumat biznesə aid yeni qanunvericiliyin yanvar ayı üzrə icmalında verilmişdir)) 20-ci maddəsinə uyğun olaraq yaradılan Koordinasiya Şurasına və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya göndərsinlər, habelə, Planda nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 31-dək həmin Şuraya və Komissiyaya illik hesabat təqdim etsinlər.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunlara uyğun olaraq hazırlanmış qaydalar (bu qanunlar barədə məlumat biznesə aid yeni qanunvericiliyin yanvar ayı üzrə icmalında verilmişdir)
"Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası"
Azərbaycan Respublikasının Mərkəzi Bankının 22 fevral 2023-cü il tarixli 09/1 nömrəli Qərarı ilə təsdiq edilmiş bu Qayda maliyyə vəsaitlərinin elektron köçürülməsinin aparılması zamanı müştəri uyğunluğu tədbirlərinin görülməsi hallarını, habelə, elektron köçürmə zəncirində məlumatların ötürülməsi və maliyyə institutları arasında işgüzar münasibətlərə dair tələbləri müəyyən edir (burada elektron köçürmə maliyyə vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən maliyyə institutlarının təqdim etdiyi elektron üsullarla (bank hesabları vasitəsilə, hesab açmadan və ya yeni ödəniş metodları ilə) vəsait alana (elektron köçürmə zamanı ödəyici və vəsaiti alan eyni şəxs ola bilər) çatdırılması məqsədilə aparılan transsərhəd və ya ölkədaxili əməliyyatdır). Bu Qaydanın müddəaları fiziki şəxslərin və "Hədəfli maliyyə sanksiyaları haqqında" Qanunda nəzərdə tutulmuş qurumların (hüquqi şəxslər, qruplar, hüquqi şəxs olmayan təşkilatlar, dövlət və ya qeyri-dövlət orqanları (qurumları)) yerli banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilən transsərhəd və ölkədaxili elektron köçürmələrinə şamil edilir. Ödəniş kartlarından istifadə etməklə məhsulların, xidmətlərin alışı zamanı bütün əməliyyat zənciri boyunca kartı müəyyən etməyə imkan verən unikal məlumatların ötürüldüyü köçürmələr və maliyyə institutları arasında öz məqsədləri üçün hesablaşmalar və köçürmələr elektron köçürmə hesab edilmir. Elektron köçürmələr zamanı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 4.17-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əvvəllər həyata keçirilmiş müştəri uyğunluğu tədbirlərinə güvənilə bilər və bu tədbirlərin təkrar həyata keçirilməsi tələb edilmir. Emitent, vasitəçi və benefisiar maliyyə institutları elektron köçürmələr zamanı bu Qayda ilə müəyyən edilmiş tədbirlərlə yanaşı, ödəyici və vəsait alanın hədəfli maliyyə sanksiyalarının tətbiq edilməli şəxslərin siyahısında olmasını müəyyən etdikdə bu göstərilən qanunlara müvafiq tədbirlər görməlidirlər.
Qaydada anlayışlarla yanaşı emitent maliyyə institutunun öhdəlikləri, vasitəçi maliyyə institutunun öhdəlikləri, benefisiar maliyyə institutunun öhdəlikləri, xarici maliyyə institutları ilə işgüzar münasibətlər kimi məsələlər tənzimlənir. Maliyyə institutları elektron köçürmələr zamanı, həmçinin əməliyyatların tənzimlənməsinə, xarici maliyyə institutları ilə işgüzar münasibətlərə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar. Elektron köçürmələr zamanı bu Qaydanın ödəyici və vəsait alanın eyniləşdirilməsi və müştəri uyğunluğunun müəyyən edilməsinə dair tələbləri onların səlahiyyətli nümayəndələrinə münasibətdə də şamil edilir.
"Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası"
Azərbaycan Respublikasının Mərkəzi Bankının 24 fevral 2023-cü il tarixli 11/1 nömrəli Qərarı ilə təsdiq edilmiş bu Qayda virtual aktivlərlə aparılan əməliyyatlar üzrə müştəri uyğunluğu tədbirlərinin görülməsi hallarına və əməliyyat zəncirində məlumatların ötürülməsinə dair tələbləri müəyyən edir. Qaydada əsas anlayışlarlar yanaşı emitent virtual aktiv xidməti təminatçısının öhdəlikləri, benefisiar virtual aktiv xidməti təminatçısının öhdəlikləri, məlumat ötürmə texnologiyası, virtual aktiv xidməti təminatçıları arasında işgüzar münasibətlərin qurulması kimi məsələlər tənzimlənir. Qayda ilə müəyyən edilir ki, Azərbaycan ərazisində virtual aktivlərlə əməliyyatların aparılması üzrə xidmətlərin göstərilməsi qanunla buna icazə verilmiş virtual aktiv xidməti təminatçıları tərəfindən həyata keçirilir (burada virtual aktiv xidməti təminatçısı  virtual aktivlərin valyuta sərvətləri, milli valyuta və digər virtual aktivlərlə mübadiləsi, virtual aktivin saxlanılması üçün istifadə edilən virtual aktiv hesabından və ya cüzdanından virtual aktivin digər virtual aktiv hesabına və ya cüzdanına köçürülməsi və ya köçürmənin təşkil edilməsi, virtual aktivlərlə və ya virtual aktivlərə nəzarət etmək imkanı verən alətlərlə əməliyyatların aparılmasının (əqdlərin bağlanmasının) və ya onların saxlanılmasının təşkil edilməsi, virtual aktivlərin alışı, satışı, mübadiləsi, ilkin yerləşdirilməsi və ya saxlanılması ilə əlaqədar maliyyə xidmətlərinin göstərilməsi və ya göstərilməsində iştirak edilməsi fəaliyyətlərini müstəqil sahibkarlıq fəaliyyəti kimi həyata keçirən şəxslərdir). Virtual aktiv xidməti təminatçıları əməliyyatların tənzimlənməsinə, xarici maliyyə institutları və virtual aktiv xidməti təminatçıları ilə işgüzar münasibətlərə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar. Onlar virtual aktivlərlə aparılan əməliyyatlar zamanı bu Qayda ilə müəyyən edilmiş tədbirlərlə yanaşı, virtual aktiv sahibi və benefisiarın hədəfli maliyyə sanksiyalarının tətbiq edilməli şəxslərin siyahısında olmasını müəyyən etdikdə göstərilən qanunlara müvafiq tədbirlər görməlidirlər. 
İcmalı hazırladı:
Vəkil Allahverən Oruclu
Biznes hüququ məsləhətçisi / fed.az

Biznes     Tarix: 01 mart 2023

Oxşar xəbərlər

Starbucks-ın qlobal satışları azalıb

ABŞ mərkəzli qəhvə zənciri Starbucks, maliyyə nəticələri ilə bağlı çərşənbə günü yayımladığı hesabatda ardıcıl üçüncü rübdə satışlarının azaldığını açıqlayıb. "Philips" səhmləri 17% ucuzlaşıb. xəbər verir ki, qloba

Tikinti şirkəti əmlakını və pullarını səhmdarları arasında böləcək - TOPLANTI

3 dekabr 2024-cü il, saat 10.30-da "Bakı Tikinti Konstruksiyaları" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Azərbaycanda çörək şirkəti - YENİDƏN TƏŞKİL EDİLİR. Ümumi yığıncağın gündəliyin

"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək

 "Cəlilabad Məişət" ASC səhmdarlarının 2023-cü ilin yekunlarına dair növbəti ümumi yığıncaq 26 dekabr 2024-cü il tarixdə saat 10:00 da keçiriləcək. "Modern Construction Group"un kapitalından 1.6 milyo

"Nvidia"nın AI çipləri üçün şirkətlərə 11 milyard dollarlıq kredit ayrılıb

ABŞ-ın böyük maliyyə qurumları, süni intellekt sahəsində "Nvidia" çiplərindən istifadə edən texnoloji şirkətlərə 11 milyard dollarlıq kredit ayırıb. Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: "Apple"

"Zümrüd" ani lotereyasında böyük uduş – 100 000 QAZANILDI

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunlarından olan "Zümrüd" ani lotereyasında növbəti böyük uduş – 100 00 manat qazanılıb. xəbə

"Apple" gəlirlərini artırıb - DETALLAR

Apple, iyul-sentyabr dövrünü əhatə edən dördüncü rüb maliyyə hesabatında illik gəlirini 6 faiz artıraraq 94,9 milyard dollara çatdırıb. "Siemens AG" konserni "Altair Engineering" şirkətini 10 milyard dollar

"Siemens AG" konserni "Altair Engineering" şirkətini 10 milyard dollara alır

Siemens, ABŞ-ın sənaye proqram təminatı şirkəti Altair Engineering şirkətini 10,6 milyard dollara satın alaraq şirkətin tarixində ikinci ən bahalı anlaşmaya imza atıb. Azərbaycanda 60 min manat sərmayə ilə yeni şirkət yaradılıb

 "Trendyol"dan Azərbaycandakı müştəriləri üçün - ""Super alış-veriş günləri""

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol Azərbaycandakı müştəriləri üçün "Super alış-veriş günləri"nə başlayır. xəbər verir ki, Türkiyənin məşhu

"McDonald's" Azərbaycanda 25 illik yubileyini qeyd edir: Fəvvarələr meydanından yeni üfüqlərədək

199-cu ildə Fəvvarələr meydanında ilk "McDonalds" restoranının açılmasından artıq 25 il vaxt keçir. xəbər verir ki, bu illər ərzində "McDonalds Azərbaycan" şəhər həyatının ayrılmaz hissəsinə, hər gün minlərl


iqtisadi xeberler bu gunun xeberleri biznes qurmaq bitkoin qiymeti bank faizleri