Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır
Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir.
Banker.az xəbər verir ki, bu barədə Bakı Fond Birjasının (BFB) 2026-cı ilin üçüncü rübü üzrə kapital bazarlarına dair bülletenində bildirilir.
Hesabata əsasən, 2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda biznes kreditlərinin portfeli 18,44 milyard manata çatıb. Korporativ və dövlət müəssisələrinin dövriyyədə olan istiqrazlarının nominal həcmi isə 1,72 milyard manat təşkil edib.
Nəticədə, bu istiqrazların biznes kreditlərinə nisbəti 2025-ci ilin sonundakı 10,1%-dən 2026-cı ilin sentyabrında 9,3%-ə enib. BFB bildirir ki, hər iki maliyyələşdirmə kanalı genişlənsə də, bank kreditləri daha sürətlə artıb. Bu da.kapital bazarı vasitəsilə borc maliyyələşməsinin nisbi payını azaldıb.
Biznes kreditləri 18,6% artıb
Hesabatda qeyd olunur ki, Azərbaycanda kredit portfelinin illik artım tempi 2026-cı ilin yanvarındakı 9%-dən sentyabrda 15,1%-ə yüksəlib. Artım əsasən biznes kreditlərinin hesabına baş verib. Belə ki, bu kateqoriya üzrə kredit portfeli illik müqayisədə 18,6% genişlənib.
Bank sektorunda izafi likvidliyə və banklararası faizlərin azalmasına baxmayaraq, kredit faizləri yüksək səviyyədə qalıb. Yeni verilən manat kreditləri üzrə orta faiz dərəcəsi iyundakı 18,62%-dən sentyabrda 18,14%-ə enib.
BFB bunu kredit faizlərinin yalnız qısamüddətli maliyyələşmə şərtlərindən deyil, həm də depozit xərcləri, məcburi ehtiyat tələbləri və kredit riskindən asılı olması ilə izah edir.
Şirkətlər istiqrazlarla 198,8 milyon manat cəlb ediblər
2026-cı ilin ilk 9 ayında korporativ və dövlət müəssisələrinin istiqrazlarının kütləvi yerləşdirilməsi vasitəsilə 198,8 milyon manat vəsait cəlb olunub.
Bunun 163,8 milyon manatı korporativ emitentlərin, 35 milyon manatı isə dövlət müəssisələrinin payına düşüb.
İstiqraz yerləşdirmələri üçüncü rübdə sürətlənib. İkinci rübdə 41 milyon manat təşkil edən yerləşdirmələrin həcmi üçüncü rübdə 111 milyon manata çatıb. Bu, rüblük müqayisədə təxminən 2,7 dəfə artım deməkdir.
2026-cı ilin ilk doqquz ayında kütləvi yerləşdirilən istiqraz buraxılışlarının sayı da ötən ilin eyni dövründəki 40-dan 53-ə yüksəlib.
Bununla belə, istiqraz bazarında maliyyə sektorunun üstünlüyü qorunub. Belə ki, yerləşdirmələrin 96%-i və ya 190,3 milyon manatı maliyyə qurumlarının payına düşüb. Real sektorun cəlb etdiyi vəsait isə cəmi 8,5 milyon manat təşkil edib.
BFB-nin məlumatına görə, üçüncü rübdə istiqraz bazarında daha aşağı kupon dərəcələrinə keçid müşahidə olunub.
Rüb ərzində yerləşdirilmiş 111 milyon manatlıq istiqrazların 79 milyon manatı, yaxud 71%-i illik kupon dərəcəsi 11%-dən aşağı olan qiymətli kağızlardan ibarət olub.
BFB bunu bazarda iştirak edən emitentlər üçün maliyyələşmə şərtlərinin yaxşılaşmasının göstəricisi kimi qiymətləndirir.
Sentyabrın sonuna Azərbaycanda dövriyyədə olan borc qiymətli kağızlarının ümumi nominal həcmi 11,78 milyard manat təşkil edib. Bu göstərici iyunun sonundakı 10,06 milyard manatla müqayisədə 1,72 milyard manat artıb.
Ümumi portfelin 6,42 milyard manatı dövlət qiymətli kağızlarının, o cümlədən Mərkəzi Bankın notlarının, 3,64 milyard manatı ipoteka istiqrazlarının, 990 milyon manatı dövlət müəssisələrinin istiqrazlarının, 730 milyon manatı isə korporativ istiqrazların payına düşüb. Bu göstəricilərə özəl yerləşdirmələr daxil deyil.
Borclanma alətlərinin müddət strukturunda da dəyişiklik baş verib. Bir ilədək müddəti qalan qiymətli kağızların həcmi iyundakı təxminən 500 milyon manatdan sentyabrda 1,7 milyard manata yüksəlib. Bu artım əsasən Mərkəzi Bankın notlarının buraxılışının genişlənməsi ilə əlaqədar olub.
Bununla belə, beş ildən artıq müddətə malik qiymətli kağızlar bazarın ən böyük seqmenti olaraq qalıb. Bu kateqoriyada əsas yeri ipoteka istiqrazları tutur.
2026-cı ilin ilk doqquz ayında istiqrazların təkrar bazarında 38 emitentin qiymətli kağızları üzrə əməliyyatlar aparılıb.
Ən böyük ticarət dövriyyəsi 111,5 milyon manatla "SOCAR" istiqrazlarının payına düşüb.
Sonrakı yerlərdə 29,7 milyon manatla ADY, 29,3 milyon manatla "Kapital Bank", 26,5 milyon manatla ABB və 12 milyon manatla Avropa Yenidənqurma və İnkişaf Bankı qərarlaşıb.
Ümumilikdə, korporativ və dövlət müəssisələrinin istiqrazları ilə ipoteka istiqrazlarının birgə ticarət dövriyyəsi 2026-cı ilin ilk doqquz ayında 33,5% azalaraq 1,31 milyard manata düşüb.
BFB hesab edir ki, korporativ istiqraz bazarının mövcud miqyası biznesin bank kreditləri ilə müqayisədə kapital bazarından məhdud istifadə etdiyini göstərir. Bununla yanaşı, istiqraz bazarının inkişafı ənənəvi bank kreditlərini tamamlayan alternativ maliyyələşmə mənbəyi kimi imkanlar yaradır.

Avropa İttifaqı və FED "UniCredit"in "Commerzbank"ı satın almasına razılıq verib
Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb
ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb
İcbari sığortanın müddəti bitəndə "mygov" da xəbər verəcək
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu
"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı
Sünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?
İban nədir?
Bitcoin necə işləyir?
İnvestisiyanın necə cəlb etmək olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv