Mərkəzi Bank faiz qərarını verdi- Ardıcıl üç iclasda gözləmə mövqeyini seçib

Mərkəzi Bank faiz qərarını verdi- Ardıcıl üç iclasda gözləmə mövqeyini seçibAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər və ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb. Bu da bu həftə Banker.az analitiklərinin verdiyi proqnozla üst-üstə düşüb.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilir.
İllik inflyasiya hədəf daxilindədir və baza ssenari üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin mayında 12 aylıq inflyasiya 5.6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.9% olub. İllik baza inflyasiya 5.6% təşkil edib.
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 5 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27%-ə enib. Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən 28.8% artaraq 560.1 mln. ABŞ dolları təşkil edib.
Valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 mlrd. ABŞ dolları məbləğində və ya 10.4% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb.
Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkənin xarici ticarətində 7.2 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisitinə dair proqnozunun daha da yaxşılaşması gözlənilir. Bu, son aylarda qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin martın sonundan başlayaraq 6.43-6.44% intervalında olub. İzafi likvidlik şəraitində Mərkəzi Bank tərəfindən AZIR-i uçot dərəcəsinə yaxın səviyyədə idarə etmək üçün əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. May ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 7 günlük depozit əməliyyatlarının payı 88.7% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir. May və iyun aylarında bütün müddətlər üzrə notların gəlirliliyi azalma meyilli olub. İlin qalan dövründə bank sektorunda izafi likvidliyin daha da artması gözlənilir.
Cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməz qalır. Bununla belə, inflyasiyanın xarici mənşəli xərc amillərində aktivləşmə müşahidə edilir.
Ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını artırır. Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyanın xarici risk amillərini artıra bilər. Bu amillərin dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil.
Cari ilin qalan dövründə də faiz dəhlizinə dair növbəti qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcəkdir. Faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar verilərkən bank sektorunda likvidliyin dinamikası, onun birbaşa və dolayı təsirləri də nəzərə alınacaqdır.
2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edilib. Belə ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi 2026-cı il avqust ayının 5-dən iyul ayının 31-nə dəyişdirilib. Ekspertlərlə görüşün də həmin gündə təşkil olunması nəzərdə tutulub.

Banklar     Tarix: 24 iyun 2026

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler en son xeberler depozit faizleri birbank kicik biznes