"Yapı Kredi Bank Azərbaycan"ın gəlirlərində sıçrayış - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU

"Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin birinci yarısını 4 milyon 788 min manat xalis mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövründə 4 milyon 881 min manat xalis mənfəət açıqlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin xalis mənfəəti   2026-cı ilin birinci yarısınıda ötən ilin eyni dövrü ilə müqayisədə 93 min manat və ya 1,9 faiz azalıb.
Marja.az "Yapı Kredi Bank Azərbaycan" QSC-nin 30 iyun 2026-cı il tarixinə maliyyə hesabatlarına istinadən xəbər verir ki, Bankın vergidən əvvəlki mənfəəti artsa da, mənfəət vergisi və mümkün zərərlər üzrə ehtiyat xərclərinin yüksəlməsi yekun nəticəyə mənfi təsir göstərib.
Faiz gəlirləri 40 faiz, xərclər isə 2,6 dəfə artıb
2026-cı ilin yanvar-iyun aylarında "Yapı Kredi Bank Azərbaycan" QSC-nin faiz gəlirləri 32 milyon 453 min manat təşkil edib. Ötən ilin eyni dövründə Bankın faiz gəlirləri 23 milyon 149 min manat olmuşdu. Beləliklə, Bankın Faiz gəlirləri 2026-cı ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 304 min manat və ya 40,2 faiz artıb.
Artımın əsas mənbəyi müştərilərə verilmiş kreditlər olub. "Yapı Kredi Bank Azərbaycan" QSC kreditlərdən 24 milyon 688 min manat faiz gəliri əldə edib. Bu göstərici illik müqayisədə 8 milyon 229 min manat və ya 50 faiz yüksəlib.
Banklar və digər maliyyə institutlarına verilmiş kreditlər üzrə faiz gəlirləri 598 min manatdan 1 milyon 483 min manata çatıb. Artım 885 min manat və ya 2,5 dəfəyə yaxın olub.
Digər banklarda yerləşdirilən depozitlərdən əldə edilən faiz gəlirləri 738 min manat və ya 25,6 faiz artaraq 3 milyon 624 min manata yüksəlib.
Qiymətli kağızlardan faiz gəlirləri isə əks istiqamətdə dəyişib. Bu gəlirlər 814 min manat və ya 25,4 faiz azalaraq 2 milyon 391 min manata düşüb.
Faiz xərcləri gəlirlərdən dörd dəfə sürətli böyüyüb
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin faiz xərcləri 2026-cı ilin ilk yarısında 11 milyon 665 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 4 milyon 474 min manat idi. Bankın faiz xərcləri 7 milyon 190 min manat və ya 160,7 faiz artıb. Başqa sözlə, faiz xərcləri 2,6 dəfəyə yüksəlib.
Əsas artım depozitlər üzrə ödənilən faizlərdə qeydə alınıb. "Yapı Kredi Bank Azərbaycan" QSC-nin depozitlər üzrə faiz xərcləri 3 milyon 832 min manatdan 10 milyon 825 min manata çatıb. Depozitlərin faiz yükü bir il ərzində 6 milyon 993 min manat və ya 182,5 faiz artıb. Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər də 197 min manat və ya 30,7 faiz artaraq 840 min manat olub.
Faiz gəlirlərinin 40,2 faiz artmasına baxmayaraq, faiz xərclərinin 2,6 dəfə yüksəlməsi gəlirlərdəki sürətli artımın mühüm hissəsini neytrallaşdırıb. Nəticədə "Yapı Kredi Bank Azərbaycan" QSC-nin xalis faiz gəlirləri 20 milyon 788 min manat təşkil edib. Ötən ilin eyni dövründə xalis faiz gəlirləri 18 milyon 675 min manat idi. Artım 2 milyon 113 min manat və ya 11,3 faiz olub.
"Yapı Kredi Bank Azərbaycan" QSC kreditlərdən əldə etdiyi faiz gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Lakin depozitlər üzrə faiz xərclərinin təxminən üç dəfə yüksəlməsi Bankın maliyyələşmə qiymətinin kəskin bahalaşdığını göstərir. Faiz gəlirləri ilə faiz xərclərinin artım tempi arasındakı ciddi fərq xalis faiz marjasına təzyiq yaradır. Bank gələcək dövrlərdə kredit gəlirlərindəki artımı davam etdirə bilməzsə, bahalaşan depozit bazası mənfəət üzərində daha güclü təsir göstərə bilər.
Komissiya gəlirləri artıb, valyuta gəlirləri geriləyib
2026-cı ilin ilk yarısında "Yapı Kredi Bank Azərbaycan" QSC-nin qeyri-faiz gəlirləri 14 milyon 590 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 13 milyon 580 min manat təşkil etmişdi. Qeyri-faiz gəlirləri 1 milyon 10 min manat və ya 7,4 faiz artıb.
Bankın haqq və komissiya gəlirləri 1 milyon 508 min manat və ya 15,7 faiz artaraq 11 milyon 125 min manata yüksəlib. Komissiya gəlirləri "Yapı Kredi Bank Azərbaycan" QSC-nin qeyri-faiz gəlirlərinin 76 faizdən çoxunu formalaşdırıb.
Xarici valyuta əməliyyatlarından və məzənnə dəyişikliklərindən əldə olunan gəlirlər isə 374 min manat və ya 11,3 faiz azalaraq 2 milyon 937 min manata düşüb.
Digər qeyri-faiz gəlirləri 652 min manatdan 528 min manata enib.
"Yapı Kredi Bank Azərbaycan" QSC-də qeyri-faiz gəlirlərinin artımı əsasən komissiya gəlirləri hesabına baş verib. Komissiya gəlirləri valyuta əməliyyatları ilə müqayisədə daha sabit və təkrarlanan gəlir mənbəyi hesab olunur. Bu baxımdan valyuta gəlirlərinin azalmasına baxmayaraq, haqq və komissiya gəlirlərindəki 15,7 faizlik artım Bankın gəlir strukturunun keyfiyyəti üçün müsbət siqnaldır.
Xərclər 25 milyon manatı keçıb, əməkhaqqı yükü böyüyüb
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin qeyri-faiz xərcləri 2026-cı ilin ilk yarısında 25 milyon 733 min manata çatıb. Ötən ilin eyni dövründə bu xərclər 24 milyon 7 min manat olmuşdu. Qeyri-faiz xərcləri 1 milyon 727 min manat və ya 7,2 faiz artıb.
Əməkhaqqı və digər kompensasiya xərcləri 1 milyon 455 min manat və ya 17,1 faiz artaraq 9 milyon 978 min manata yüksəlib.
Ümumi və inzibati xərclər isə 255 min manat və ya 5,1 faiz azalaraq 4 milyon 691 min manata düşüb.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin amortizasiya xərcləri 373 min manat və ya 20,2 faiz artaraq 2 milyon 219 min manata, digər xərcləri isə 154 min manat və ya 1,8 faiz artaraq 8 milyon 845 min manata çatıb.
Bankın xalis faiz və qeyri-faiz gəlirlərinin cəmi 35 milyon 378 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 32 milyon 255 min manat idi. Əməliyyat gəlirləri 3 milyon 123 min manat və ya 9,7 faiz artıb.
Sadələşdirilmiş hesablamaya əsasən, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin qeyri-faiz xərclərinin əməliyyat gəlirlərinə nisbəti 74,4 faizdən 72,7 faizə düşüb.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin əməliyyat gəlirləri xərclərdən daha yüksək templə artıb. Bu səbəbdən xərc-gəlir nisbətində müəyyən yaxşılaşma baş verib. Lakin əməkhaqqı və amortizasiya xərclərindəki ikirəqəmli artım Bankın xərclər bazasının böyüməyə davam etdiyini göstərir. Ümumi və inzibati xərclərin azalması isə artan əməkhaqqı yükünün təsirini qismən yumşaldıb.
Vergi mənfəətdəki artımı tamamilə silib
"Yapı Kredi Bank Azərbaycan" QSC mümkün zərərlərin ödənilməsi üçün 2026-cı ilin ilk yarısında 3 milyon 268 min manat ehtiyat ayırıb. Ötən ilin eyni dövründə ehtiyat xərcləri 2 milyon 481 min manat idi. Bu xərc 787 min manat və ya 31,7 faiz artıb. Buna baxmayaraq, Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 610 min manat və ya 10,6 faiz artaraq 6 milyon 377 min manata çatıb. Lakin "Yapı Kredi Bank Azərbaycan" QSC-nin mənfəət vergisi xərci 886 min manatdan 1 milyon 589 min manata yüksəlib. Vergi xərci 703 min manat və ya 79,4 faiz artıb. Vergidən əvvəlki mənfəətdəki artımdan daha çox vergi hesablanması nəticəsində Bankın xalis mənfəəti 4 milyon 881 min manatdan 4 milyon 788 min manata düşüb.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin əsas əməliyyat nəticələri ötən illə müqayisədə yaxşılaşıb. Xalis faiz gəlirləri və komissiya gəlirləri artıb, vergidən əvvəlki mənfəət də yüksəlib. Bununla belə, ehtiyat xərclərinin 31,7 faiz, mənfəət vergisinin isə 79,4 faiz artması əməliyyat nəticələrindəki irəliləyişin xalis mənfəətə çevrilməsinə imkan verməyib. Yəni Bankın mənfəəti əsas fəaliyyətdə deyil, vergi mərhələsindən sonra geriləyib.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin 2026-cı ilin ilk yarısı üzrə mənfəət və zərər hesabatı ziddiyyətli mənzərə yaradır. Bir tərəfdən faiz gəlirləri 40,2 faiz, komissiya gəlirləri 15,7 faiz, vergidən əvvəlki mənfəət isə 10,6 faiz artıb. Digər tərəfdən depozitlər üzrə faiz xərcləri təxminən üç dəfə yüksəlib, ehtiyat və vergi xərcləri yekun mənfəəti aşağı çəkib. Bankın gəlir yaratmaq imkanları genişlənsə də, bahalaşan maliyyələşmə və yüksələn vergi yükü xalis nəticənin artmasının qarşısını alıb.
Aktivlər altı ayda  78 milyon manat böyüyüb
30 iyun 2026-cı il tarixinə "Yapı Kredi Bank Azərbaycan" QSC-nin aktivləri 870 milyon 732 min manat təşkil edib. 2025-ci ilin sonunda Bankın aktivləri 792 milyon 728 min manat idi. Altı ay ərzində aktivlər 78 milyon 4 min manat və ya 9,8 faiz artıb.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin nağd pul vəsaitləri və onların ekvivalentləri 10 milyon 48 min manat və ya 4,2 faiz artaraq 251 milyon 547 min manata çatıb.
Ticarət və investisiya qiymətli kağızlarının məbləği 6 milyon 701 min manat və ya 12,1 faiz artaraq 62 milyon 192 min manat olub.
Banklar və digər maliyyə institutlarına verilmiş kreditlərdə daha kəskin artım qeydə alınıb. Bu vəsaitlər 16 milyon 626 min manatdan 38 milyon 863 min manata yüksəlib. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin digər maliyyə institutlarına verdiyi kreditlərin həcmi 22 milyon 237 min manat və ya 2,3 dəfə artıb.
Kredit portfeli artıb 
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin müştərilərə verdiyi ümumi kreditlərin məbləği 496 milyon 741 min manata çatıb. 2025-ci ilin sonunda Bankın kredit portfeli 467 milyon 258 min manat idi. Altı ayda kreditlər 29 milyon 483 min manat və ya 6,3 faiz artıb. Kredit portfelinin artımı biznes və daşınmaz əmlak kreditləri hesabına baş verib.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin biznes kreditləri 26 milyon 425 min manat və ya 8,6 faiz artaraq 334 milyon 945 min manata yüksəlib.
Daşınmaz əmlak kreditləri 5 milyon 422 min manat və ya 8,8 faiz artaraq 67 milyon 136 min manata çatıb.
İstehlak kreditləri isə 2 milyon 364 min manat və ya 2,4 faiz azalaraq 94 milyon 660 min manata düşüb.
Kredit portfelinin 67,4 faizi biznes, 19,1 faizi istehlak, 13,5 faizi isə daşınmaz əmlak kreditlərindən ibarət olub.
Kredit ehtiyatları azalıb, xalis portfel daha sürətli artıb
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin müştərilərə verdiyi kreditlər üzrə yaratdığı məqsədli ehtiyatların məbləği 31 milyon 346 min manat təşkil edib. 2025-ci ilin sonunda bu göstərici 31 milyon 490 min manat idi. Kredit ehtiyatları 145 min manat və ya 0,5 faiz azalıb. Nəticədə Bankın xalis kredit portfeli 29 milyon 628 min manat və ya 6,8 faiz artaraq 465 milyon 395 min manata çatıb. Kreditlər üzrə yaradılmış ehtiyatların ümumi kredit portfelinə nisbəti 6,7 faizdən 6,3 faizə düşüb.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin kredit portfeli böyüdüyü halda, kreditlər üzrə yığılmış ehtiyatların cüzi azalması nəticəsində ehtiyatlanma səviyyəsi aşağı düşüb. Bu dinamika kredit portfelinin keyfiyyətində yaxşılaşma ilə əlaqəli ola bilər. Lakin problemli kreditlərin həcmi və gecikmə göstəriciləri açıqlanmadığından, yalnız ehtiyatların azalmasına əsaslanaraq kredit risklərinin zəiflədiyini söyləmək mümkün deyil.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin aktivləri altı ayda təxminən 10 faiz artıb. Artım təkcə kredit portfelində deyil, nağd vəsaitlərdə, qiymətli kağızlarda və digər banklara verilmiş kreditlərdə də qeydə alınıb. Kredit portfelinin əsas hərəkətverici qüvvəsi biznes kreditləri olub. İstehlak kreditlərinin azalması Bankın hesabat dövründə korporativ və biznes seqmentinə daha çox üstünlük verdiyini göstərir.
Öhdəliklər aktivlərdən daha sürətli artıb
30 iyun 2026-cı il tarixinə "Yapı Kredi Bank Azərbaycan" QSC-nin cəmi öhdəlikləri 740 milyon 762 min manat təşkil edib. 2025-ci ilin sonunda Bankın öhdəlikləri 669 milyon 155 min manat idi. Altı ay ərzində öhdəliklər 71 milyon 607 min manat və ya 10,7 faiz artıb. Öhdəliklərin artım tempi aktivlərin 9,8 faizlik artımını üstələyib.
Depozitlər 45 milyon manat artıb
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin depozit portfeli 572 milyon 968 min manata çatıb. 2025-ci ilin sonunda Bankda 527 milyon 743 min manat depozit yerləşdirilmişdi. Altı ay ərzində depozitlər 45 milyon 225 min manat və ya 8,6 faiz artıb.
Fiziki şəxslərin depozitləri 7 milyon 290 min manat və ya 7,6 faiz artaraq 103 milyon 700 min manata yüksəlib.
Hüquqi şəxslərin "Yapı Kredi Bank Azərbaycan" QSC-də yerləşdirdiyi depozitlərin məbləği isə 37 milyon 934 min manat və ya 8,8 faiz artaraq 469 milyon 267 min manata çatıb.
Hüquqi şəxslərin ümumi depozit portfelində payı 81,9 faiz təşkil edib. Bu göstərici Bankın depozit bazasının əsasən korporativ müştərilərdən formalaşdığını göstərir.
Bankın maliyyə institutlarına borcu 19 milyon manat artıb
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri 141 milyon 328 min manat olub. Bu göstərici 2025-ci ilin sonundakı 122 milyon 478 min manatla müqayisədə 18 milyon 850 min manat və ya 15,4 faiz artıb.
"Yapı Kredi Bank Azərbaycan" QSC aktivlərinin böyüməsini həm depozitlərin, həm də maliyyə institutlarından cəlb etdiyi vəsaitlərin artırılması hesabına maliyyələşdirib.
Depozitlər Bankın cəmi öhdəliklərinin 77,3 faizini təşkil edib. 2025-ci ilin sonunda bu nisbət 78,9 faiz idi. Maliyyə institutlarından borclanmanın depozitlərdən daha yüksək templə artması nəticəsində onların maliyyələşmədəki çəkisi yüksəlib.
Kreditlərin depozitlərə nisbəti 88,5 faizdən 86,7 faizə düşüb. Bu, kredit portfelinin artmasına baxmayaraq, depozitlərin daha yüksək məbləğdə böyüdüyünü və likvidlik mövqeyində müəyyən yaxşılaşma olduğunu göstərir.
Kapital 130 milyon manata yaxınlaşıb
30 iyun 2026-cı il tarixinə "Yapı Kredi Bank Azərbaycan" QSC-nin balans kapitalı 129 milyon 970 min manat təşkil edib. 2025-ci ilin sonunda Bankın kapitalı 123 milyon 573 min manat idi. Altı ay ərzində kapital 6 milyon 396 min manat və ya 5,2 faiz artıb. "Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdar kapitalı dəyişməyərək 55 milyon 381 min manat səviyyəsində qalıb.
Bölüşdürülməmiş mənfəət 4 milyon 788 min manat və ya 8 faiz artaraq 64 milyon 325 min manata yüksəlib. Artım hesabat dövründə əldə olunan xalis mənfəətə uyğundur.
Ümumi ehtiyatların məbləği 1 milyon 608 min manat və ya 18,6 faiz artaraq 10 milyon 265 min manata çatıb.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin tutulmalardan sonrakı I dərəcəli kapitalı 97 milyon 637 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 5 milyon 483 min manat və ya 5,9 faiz artıb.
Bankın II dərəcəli kapitalı isə 3 milyon 859 min manat və ya 22,3 faiz azalaraq 13 milyon 433 min manata düşüb. Tutulmalardan sonrakı məcmu kapital 1 milyon 623 min manat və ya 1,5 faiz artaraq 110 milyon 830 min manat olub.
Bununla yanaşı, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin risk dərəcəsi üzrə ölçülmüş aktivləri 79 milyon 627 min manat və ya 12,4 faiz artaraq 720 milyon 12 min manata çatıb.
Risk çəkili aktivlər kapitaldan daha sürətli böyüdüyü üçün kapital adekvatlığı göstəriciləri aşağı düşüb. Bankın I dərəcəli kapital adekvatlığı əmsalı 14,39 faizdən 13,56 faizə, məcmu kapitalın adekvatlığı əmsalı 17,05 faizdən 15,39 faizə, leverec əmsalı isə 11,09 faizdən 10,52 faizə geriləyib. Bununla belə, bütün göstəricilər hesabatda qeyd olunan minimum tələblərdən yuxarıdır. I dərəcəli kapital adekvatlığı üzrə minimum tələb 5 faiz, məcmu kapital üzrə 10 faiz, leverec əmsalı üzrə isə 4 faizdir.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin nominal kapitalı və I dərəcəli kapitalı artıb. Lakin kredit portfelinin və digər riskli aktivlərin genişlənməsi kapital üzərində əlavə yük yaradıb. Məcmu kapital adekvatlığının altı ayda 1,66 faiz bəndi azalması diqqətçəkən dəyişiklikdir. Əmsallar minimum tələblərdən yüksək qalsa da, risk çəkili aktivlərin kapitaldan daha sürətli böyüməsi davam edərsə, Bankın kapital buferi tədricən darala bilər.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin kapital mövqeyi hazırda normativ tələbləri qarşılayır və Bankın cari fəaliyyətini dəstəkləyəcək səviyyədədir. Bununla belə, məcmu kapitalın cəmi 1,5 faiz artdığı bir dövrdə risk çəkili aktivlərin 12,4 faiz yüksəlməsi kapitalın böyümə tempinin aktivlərin risk səviyyəsi ilə ayaqlaşmadığını göstərir.
YEKUN
"Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin ilk yarısında balansını və kredit portfelini böyüdüb, faiz və komissiya gəlirlərində ciddi artım əldə edib. Bankın aktivləri 78 milyon manat, kredit portfeli 29,5 milyon manat, depozitləri isə 45,2 milyon manat artıb.
Hesabatın ən güclü tərəfi müştərilərə verilmiş kreditlərdən faiz gəlirlərinin 50 faiz, komissiya gəlirlərinin isə 15,7 faiz yüksəlməsidir. Biznes kreditlərinin 26,4 milyon manat artması da Bankın korporativ kreditləşmədə fəal olduğunu göstərir.
Lakin gəlirlərdəki artım xalis mənfəəti yüksəltməyib. Depozitlər üzrə faiz xərclərinin təxminən üç dəfə, ehtiyat xərclərinin 31,7 faiz və mənfəət vergisinin 79,4 faiz artması nəticəsində "Yapı Kredi Bank Azərbaycan" QSC-nin xalis mənfəəti 1,9 faiz azalıb.
Digər diqqətçəkən məqam kapital adekvatlığı əmsallarının geriləməsidir. Bankın kapitalı artsa da, risk çəkili aktivlərin daha sürətli böyüməsi kapital buferini zəiflədib.
Ümumilikdə, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin yarımillik hesabatı biznes həcmləri və gəlirlərin artması baxımından müsbət, xalis mənfəət, maliyyələşmə xərcləri və kapital adekvatlığı baxımından isə ehtiyatlı qiymətləndirmə tələb edən nəticələr ortaya qoyur.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından  243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır. 2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini "Yapı Kredi Bank Azərbaycan" QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır.

Banklar     Tarix: 14 iyul 2026

Oxşar xəbərlər

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib

Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. xəbər verir ki, "TuranBan

"Bank Respublika" Finlandiya fondundan 15 milyon avro cəlb edib

Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu (Finnfund) arasında kredit sazişi imzalanıb. Baank

Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu

Xankəndidə ABB-nin yeni Çağrı Mərkəzinin açılışı olub. Xankəndi Biznes Mərkəzində yerləşən Çağrı Mərkəzində ABB-nin məhsul və xidmətləri ilə bağlı məlumat dəstəyi üçün hər cür şərait yaradılıb. Mərkəz 10 əməkdaşla fəaliyyət

PAŞA Bank səhmləri üzrə overnight ödənişlərinin icrası uğurla tamamlandı

Ölkənin ilk korporativ IPO-su olan PAŞA Bank səhmlərinə abunə yazılışı müddətində investorlar tərəfindən yerləşdirilmiş vəsaitlərə illik 5%* hesablanmış overnight gəlirləri investorların hesablarına köçürülüb. Ödənişləri

PAŞA Bank sahibkarlar üçün yeni Ticarət Krediti məhsulunu təqdim edib

() Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank yeni təşəbbüslərini davam etdirir. Belə ki, Bank tədarükçülərdə

"Pul sadəcə yığılmamalıdır, işləməlidir" – Pərviz Qasımov AFB Bankın yeni yığım modelini izah edir

Stabil gəliriniz var, hər ay müəyyən məbləği kənara qoya bilirsiniz. Amma sual budur: həmin pul sadəcə hesabda qalmalıdır, yoxsa sizin üçün əlavə gəlir də yaratmalıdır?. AFB Bankın Pərakəndə Bankçılıq üzrə İcraçı direktor

Kapital Bank səhmdarlarına dividend ödənilməsi məsələsini müzakirə edəcək

"Kapital Bank" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, bankın səhmdarlarına ünvanladığı bildirişə əsasən, yığıncaq 28 iyul 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsim

Azərbaycanda islam bankçılığı bazarının genişlənməsi gözlənilir – AMB-nin baş direktoru Şahin Mahmudzadə

Azərbaycanda müvafiq qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsi ilə həm islam bankçılığı məhsulları təqdim edən bankların, həm də təqdim edilən məhsul çeşidinin sayının artması gözlənilir. Bunu Azərbaycan Mərkəzi Bankını

Unibank qadın sahibkarlara dəstək üçün 15 milyon dollar kredit cəlb edib

Global Gender-Smart Fund S.A., SICAV- Lüksemburqda qeydiyyatdan keçmiş alternativ investisiya fondu və Unibank KB ASC Azərbaycanda qadın sahibkarlığının inkişafına, maliyyə inklüzivliyinin genişləndirilməsinə və qadınları


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya 1000 manatla biznes internetden pul qazanmaq