Azərbaycan Mərkəzi Bankı faizləri azaltdı

Azərbaycan Mərkəzi Bankı faizləri azaltdıAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir. 2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5.9% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.5% təşkil edib. İllik baza inflyasiya 5% olub. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.
Azərbaycan Mərkəzi Bankı faizləri azaltdıCari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabildir. 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına çatıb.
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 9 ayda tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i məbləğində profisit formalaşıb. CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib. Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərən müsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Maliyyə Nazirliyinin depozit hərraclarının davam etməsi bank sistemində likvidliyə artırıcı təsir göstərməkdə davam edir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib. AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%, noyabrda 6.91%, dekabrın ötən dövründə isə 6.94% olub. Mərkəzi Bank əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə azalmalar baş verib. Ötən iclasdan sonra depozit və kredit faizlərində əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.
Baza ssenariyə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
Ötən iclasdan bəri inflyasiya riskləri balansında baş verən dəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyini göstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif – xərc amilləri hesabına formalaşmaqdadır. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.
Bu qərar 11 dekabr 2025-ci il tarixindən qüvvəyə minir.
Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2026-cı il üzrə ictimaiyyətə açıqlanması qrafiki ilin sonunadək yayımlanacaqdır.

Banklar     Tarix: 10 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri