"Xarici mallar bazarı tutub, yerli istehsalı dayandırmaq həddindəyik" – SAHİBKAR HÖKUMƏTƏ MÜRACİƏT ETDİ - TAM MƏTN

Azərbaycanda bəzi mallar və məhsullarla bağlı tətbiq edilən gömrük tənzimləmələri yerli istehsala mənfi təsir etməyə başlayıb.
FED.az xəbər verir ki, istehsal üçün ölkəyə gətirilən xammala rüsumların tətbiq edilməsi, hazır malların isə əksinə, vergidən azad edilməsi onunla nəticələnib ki, bəzi sahələrdə xaricdən hazır məhsul idxal edib satışı ilə məşğul olmaq, bu məhsulu ölkə daxilində istehsal etməkdən daha sərfəli olub.
Belə sahələrdən biri də plastik məmulatların istehsalıdır. Bu sahədə fəaliyyət göstərən "Azplasttech" MMC şirkətinin təsisçisi və direktoru Əfsun Orucov FED.az biznes və maliyyə portalına  müraciət edərək sektorda yaranan vəziyyəti açıqlayır və problemin həlli üçün hökumətdən kömək istəyir.
Qeyd edək ki, 2016-cü ildə təsis edilən müəssisə əsasən streç film istehsalı ilə məşğuldur. İndiyədək zavoda 2 milyon manata yaxın vəsait yatırılıb. Müəssisə ayrıca ərazidə inşa edilib, buraya xarici ölkələrdən avadanlıqlar və dəzgahlar alınıb.
Burada ümumilikdə 100 nəfərin işlə təmin olunması üçün şərait yaradılıb. Amma son vaxtlar bazarda yaranan əlverişsiz vəziyyət nəticəsində müəssisə işçilərin bir hissəsini ixtisar etməli olub və hazırda burada 35 nəfər çalışır. 
"Azplasttech" MMC şirkətinin üzləşdiyi əsas problem xaricdən gətirilən xammalın yüksək rüsuma cəlb edilməsi, eləcə də ölkəyə gətirilən hazır məhsulun isə rüsuma cəlb edilməməsidir.
Nəticədə şirkətin istehsal etdiyi məhsulların maya dəyəri yüksəlir, rəqabət qabiliyyəti azalır. Əvəzində xaricdən, İrandan gətirilən hazır məhsulun isə qiyməti aşağı olduğundan yerli şirkətlər bazarı itirməli olurlar.
İş adamı hökumətə bunun əksini etməyi, xaricdən gətirilən xammalı vergidən azad etməyi, hazır məhsulun isə rüsumunu qaldırmağa təklif edir.
Əfsun Orucovun sözlərinə görə, ölkədə istehsal edilməyən, yəni rəqibi olmayan xammalın rüsuma cəlb edilməsinin səbəbi ona aydın deyil: "Bizim istehsalatımızda istifadə etdiyimiz LLDP, Layner Lodense Polietilen - gömrük qeydiyyatında "xətli polietilen" kimi adlandırılan - bu xammal Azərbaycanda yerli istehsalı olmadığı, yerli alternativi olmadığı halda 15  faiz rüsuma cəlb olunur (gömrük kodu 390110100)".
Bu yerli hazır məhsulu bahalaşdırır. Qonşu İranda isə xammalın ucuzluğu, dövlət tərəfindən subsidiya verilməsi, həm də yerli valyutanın dollar qarşısında ucuzlaşması nəticəsində hazır məhsul kəskin ucuzlaşır və hətta Azərbaycan bazarında yerli məhsuldan da ucuz qiymətə enib: "Bu da bizim istehsalata, yerli istehsalımıza çətinliklər yaradır. Bizim məhsulların rəqabət qabiliyyətni çox aşağı səviyyəyə salır".
Nəticədə indiyədək bu sahədə istehsalal məşğul olan şirkətlər istehsalı dayandırmağa və İrandan hazır məhsulu idxal edib satmağa üstünlük verirlər. Bu isə yerli istehsalın dayanmasına iş yerlərinin ixtisarına səbəb olur: "Nəticədə biz vaxtilə istehsal üçün qurduğumuz müəssisənin fəaliyyətini dayandırmağa və istehsalla məşğul olmaq üçün topladığımız işçilərimizin sayını azaltmağa məcburuq, bəzi şirkətlər artıq belə də edir, amma biz istehsalçı kimliyimizi itirmək istəmirik".
Qeyd edək ki, "Azplasttech" MMC-nin strec film istehsal gucu 4 avadanlıqla 1 ayda 500 ton təşkil edir. Azərbaycanın bu məhsula aylıq tələbatı isə 300-350 ton təşkil edir. Yəni müəssisə təkbaşına ölkənin ehtiyaclarını tam qarşılaya bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin biznesə münbit şərait yaradılması ilə bağlı tapşırıqlarını xatırladan iş adamı, Dövlət Gömrük Komitəsini və sözügedən rüsumlarla bağlı qərarları qəbul edən Nazirlər Kabinetini bu qərarlara yenidən baxmağa və yerli istehsala dəstək olan mexanizmlər tətbiq etməyə çağırır.
MÜRACİƏTİN TAM MƏTNİ
FED.az biznes saytına
Sahibkar, "Azplasttech" MMC- nin təsisçisi və direktoru
Orucov Əfsun Vilayət oğlu tərəfindən
Hörmətli redaksiya,
Sizdən xahiş edirik ki, bizim üzləşdiyimiz problemimi işıqlandırmaqda kömək edəsiniz. Problemimizin iki tərəfi var – xaricdən gətirilən xammal və hazır məhsulun gömrük rüsumuna cəlb edilməsi ilə bağlıdır.
Qeyd edim ki, təmsil etdiyim şirkəti 2016-cı ildə təsis etmişik. Fəaliyyət növümüz əsasən polietilen sahəsindədir, əsas istehsal gücümüz isə streç film istehsalatıdır. 
Məlum olduğu kimİ, artıq bir dəfə FED.az-ı müəssisəmizə dəvət edərək xammalla bağlı problemləri sizinlə müzakirə etmişdik. Hələ o zaman bildirmişdik ki, bizim istehsal üçün Azərbaycana idxal olunan xammal gömrükdə 15  faiz rüsuma cəlb olunur. Baxmayaraq ki, bu xammalın alternativi Azərbaycanda istehsl edilmir. Eyni zamanda, Azərbaycanda istehsal olunan xammalın eynisi, xaricdən idxal edildikdə rüsum ödənilmir, yəni "sıfır" dərəcə ilə tutulur. Halbuki, bu əksinə olmalıdır.
Fakt üzrə desək, Azərbaycanda istehsal olunan xammal olan LDPE, polipropilen (PP),  HTPF Azərbaycanda istehsal olunduğu halda bu məhsulların eynisi xaricdən idxal edildikdə onların gömrük idxal rüsumu sıfırla tutulur. Amma bizim istehsalatımızda istifadə etdiyimiz LLDP, Layner Lodense Polietilen - gömrük qeydiyyatında "xətli polietilen" kimi adlandırılan - bu xammal Azərbaycanda yerli istehsalı olmadığı, yerli alternativi olmadığı halda 15  faiz rüsuma cəlb olunur. Qeyd edim ki, bu 2019-cu  ilin yanvar ayından tətbiq edilib və artıq bu rüsum bizdən tutulur (gömrük kodu 390110100).
Soruşa bilərsiniz bu bizə nə kimi mənfi təsirlər  göstərir?
Nəticədə, bizim istifadə etdiyimiz xammal baha başa gəldiyinə görə (15 faizlik rüsum səbəbindən),  bizim yerli istehsalımız olan məhsullar da baha başa gəlir və rəqabət qabiliyyəti aşağı düşür.
Məsələni n başqa tərəfi də var – xaricdən gətirilən və bizim məhsullara rəqib olan hazır məhsul. 
Deməli, bu gün qonşularımızdan biri olan İranda yerli valyutaı dollar qarşısında günü-gündən qiymətdən düşür. Nəticədə burada istehsalda məşğul olan şirkətlər xammalları çox ucuz qiymətə ala bilirlər. Onların yerli istehsalçıları xammalı ucuz aldığına görə, məhsulu da ucuz şəkildə istehal edir və hazır məhsulu qonşu dövlətlərə ucuz qiymətə təqdim edirlər. Belə ölkələrdən biri də bizik, yəni İrandan hazır mallar bizə ucuz gəlir. Bu da bizim istehsalata, yerli istehsalımıza çətinliklər yaradır.
Yenə də təkrar edim - bizim eyni məhsulu istehsal etdiyimiz xammal da İrandan gətirilir, amma biz bu xammalı 15 rüsumla idxal edirik, ona görə də bizim hazır məhsul daha baha başa gəlir.
Bu da bizim məhsulların rəqabət qabiliyyətni çox aşağı səviyyəyə salır. Yerli bazarda İranın hazır malları ucuz olduğuna görə,  biz istehsalçı vəziyyətindən idxalçı vəziyyətinə düşməyə, yəni istehsal etmək gücümüz olduğu halda, həmin məhsulu idxal etməli oluruq, çünki bu daha sərfəli alınır.
Nəticədə biz vaxtilə istehsal üçün qurduğumuz müəssisənin fəaliyyətini dayandırmağa və istehsalla məşğul olmaq üçün topladığımız işçilərimizin sayını azaltmağa məcburuq. Əvəzində isə istehsalımızı dayandırmaqla İranın istehsal etdiyi hazır məhsulu öz bazarımıza təqdim edirik.
Müqayisə üçün bildirim ki, bu hal qardaş Türkiyədə də yaranmışdı. Amma Türkiyədə dövlət bu vəziyyətə müdaxilə etdi, alternativ tədbir görərək, yəni hazır məhsulun statistik dəyərini qaldıraraq yerli istehsalçıların rəqabət gücünü artırıb. Məsələn, xaricdən gətirilən hazır məhsulun qiyməti 1000 dollardırsa, Türkiyəyə idxalda həmin mallar 3000 dollar dəyərində qiymətləndirib, o qiymət əsasında gömrük rüsumuna cəlb edirdi.
Nəticədə artıq İrandan Türkiyəyə hazır məhsul axını dayandı, və yerli istehsalçılar öz fəaliyyətini davam etdirə bildilər. Bu kimi hallar tək bizim sahədə deyil, bir çox istehsalatlarda rast gəlinir.
Yəni İran hökuməti hazırda embarqo altında olduğuna görə, hazır məhsulunu rahat sata bilmədiyinə görə dövlət yerli istehsalçılara güclü təşviqlər verir, nəticədə hazır məhsulun qiyməti azalır və rəqabət qabiliyyəti artır.
Bugünkü gündə özünüz də qəbul edərsiniz ki, Azərbaycan logistik coğrafi mövqeyi baxımından çox da uğurlu bir yerdə deyil. Onun üçün biz qonşularımızdan çox asılı bir vəziyyətdəyik.
Cənab Prezident İlham Əliyev çıxış etdiyi bütün iqtisadi forum və platformalarda bütün qurumlara sahibkarlığın inkişafı üçün  müsbət şərait yaradılması barədə tapşırıq verib. Buna baxmayaraq Gömrük Komitəsində və Nazirlər Kabinetində verilən düzgün olmayan qərarlar isə artıq demək olar ki, bizim kimi istehsalçıların, sahibkarların fəaliyyətini bloklayır, inkişafını ləngidir və hətta, demək olar ki, inkişafdan saxlayır. Xahiş edirəm, bir jurnalist kimi bizə dəstək verəsiniz və bizim səsimizi lazımi səviyyələrə çatdıra sınız.
Biz elə bir mühit istəyirik ki, həm özümüzü inkişaf etdirək, öz istehsal sahəmizi genişləndirərək yeni-yeni məhsullar istehsal edək, yeni əməkdaşlar cəlb edək, həm öz sahəmizə və ümumilikdə Azərbaycan sahibkarlığına öz töhfəmizi verək. Yenə deyirəm, sahibkarlığın inkişafı sahibkar və dövlətin birlikdə əməyi nəticəsində, işbirliyi nəticəsində mümkün ola bilər. Amma hazırda qüvvədə olan qayda və qanunlar – istehsal üçün istifadə etdiyimiz xammalın rüsuma cəlb edilməsi, hazır məhsulun isə cəlb edilməməsi - bizim inkişafımızı və irəliləyişini çox çətin vəziyyətə gətirib çıxarır.
Bununla bağlı əgər lazım olarsa, mən detallı şəkildə xammal kodlarını və yaxud da ki, bizim istehsal gücümüzün Azərbaycan bazarına kifayət etməsi haqqında rəqəmləri sizə detallı şəkildə təqdim edə bilərəm.
Hörmətli redaksiya, nəzərinizə çatdırım ki, bu istehsalat sahəsi ilə məşğul olan tək bizim şirkət deyil.  Bizdən başqa iki və yaxud daha artıq müəssisə də bu istehsalla məşğul olur.
Təkcə bizim müəssisənin strec film istehsal gucu 4 avadanlıqla 1 ayda 500 ton təşkil edir. Bizdən başqa aylıq istehsal gücü hər biri 100 ton olan basqa 2 müəssisə də var. Azərbaycanın bu məhsula aylıq tələbatı isə 300-350 ton təşkil edir.
O biri müəssisələr artıq fəaliyyətlərini böyük jumbolar şəklində alıb yarımfabrikat şəklində istehsal etməklə davam etdirirlər. Amma bizim istehsalımız əsaslı, köklü olduğuna görə, istehsalımızı o cür formaya salmaq istəmirik. Elə etdiyimiz halda gərək işçilərimizi işdən çıxaraq və bayaq da vurğuladığımız kimi istehsalat kimliyimizdən uzaqlaşıb, idxalçı kimliyinə keçək. Bu da bizim şirkət prinsiplərimizə ziddir.
Məlumat üçün bildirim ki, Strec film məhsulunun gomruk kodu – 39201024-dir.
Təqdim etdiyi şəkillərdən də görünldüyü kimi, Azərbaycanda istehsal olunmayan xammallar ölkəyə gətirilərkən vergiyə cəlb edilir. Ölkədə istehsal edilən xammal malları isə vergiyə cəlb edilmir.
Ona görə də, sizdən xahiş edirəm ki, bu cür nizamsızlığın, qanuna uyğunsuzluğun aradan qaldırılması üçün bizə köməklik edəsiniz və lazımı dövlət orqanlarına sahibkarların səsinin çatdırılmasına şərait yaradasınız ki, bu vəziyyətə bir əncam çəkilsin

Biznes     Tarix: 20 aprel 2023

Oxşar xəbərlər

"ESG prinsipləri yerli biznes üçün çox əhəmiyyətlidir"

Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsipləri ətraf mühitin qorunması, insan sağlamlığı və sosial inkişaf kimi vacib sivil elementləri əhatə etməklə yanaşı, müxtəlif aspektlərdən yerli biznes üçün çox əhəmiyyətlidir

Şirkət un məmulatlarının istehsalının inkişafı layihəsi üzrə ucuz kredit alıb

"Cooky Chefs" MMC un məmulatlarının istehsalının inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan güzəştli kredit əldə edib. İstixana təsərrüfatının inkişafı layihəsi üzrə güzəştli kredit ayrıldı. Fonda istinadə

Biz mənzil, maşın axtaranda o pul qazanır: Turbo.az, Bina.az və Tap.az-ın sahibi - Türk şirkətini $1,1 milyarda aldı

Türk dünyasında böyük alqı-satqı baş tutub. xəbər verir ki, Türkiyənin Rəqabət, yəni antiinhisar qurumu Türkiyənin məşhur "Həpsiburada" alış-satış platformasının Qazaxıstanın elektron ticarət nəhəngi olan şirkətin

"8-ci km bazarı"nın ətrafındakı küçə ticarəti yığışdırıldı

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafındakı küçə ticarəti yığışdırılıb. "8-ci km Ticarət Mərkəzi" MMC - LƏĞV OLUNDU. xəbər verir ki, bu faktı Nizami Rayon İcra Hakimiyyətində

"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək

"Aqroservis" ASC səhmdarlarının ümumi yığıncağı 2025-ci ilin 17 yanvar tarixində saat 15:00-da keçiriləcək. Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR. xəbər verir ki, yığıncaq Kənd Təsərrüfatı Nazirliyinin Bak

Türkiyənin logistika şirkəti Azərbaycan bazarından gedir

Tolkun Lojistik Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir. Azərbaycanda 44 minlik otel şirkətinin səhmləri - DÖVRİYYƏDƏN ÇIXARILIR. xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərin

Azərbaycanda 106 minlik şirkət - LƏĞV OLUNUR

"Azərbaycanda daha bir şirkət ləğv olunur. xəbər verir ki, "Səbail Market" ASC (VÖEN: 1700270651) ləğv olunduğunu elan edir. Modern Construction Group nizamnamə kapitalını 2,78 milyon manata saldı. Qeyd edə

"McDonald's" Azərbaycanda 25 illik yubileyini qeyd edir: Fəvvarələr meydanından yeni üfüqlərədək

199-cu ildə Fəvvarələr meydanında ilk "McDonalds" restoranının açılmasından artıq 25 il vaxt keçir. xəbər verir ki, bu illər ərzində "McDonalds Azərbaycan" şəhər həyatının ayrılmaz hissəsinə, hər gün minlərl

"Siemens" kütləvi işçi ixtisarı planlaşdırır

Siemens, müsbət fəaliyyət nəticələrinə baxmayaraq, dünya üzrə 5 minə qədər iş yerini ixtisar edəcəyini elan edib. "Audi" şirkəti 4 500 işçisini ixtisar edəcək. xəbər verir ki, bu addım şirkətin baş direktoru Rolan


iqtisadi xeberler bank faizleri online pul qazanmaq biznes xeberleri rubl mezenne