"Azərlotereya"nın sədri: "Lotereya satışından yığılan pulların 63-68%-i uduşlara yönəldilir" - MÜSAHİBƏ

Azərbaycanda lotereya oyunları sahəsində baş verən yeniliklər, iri lotereya uduşları, lotereyaların təhlükəsizliyi və Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinə idarəetməyə veriləndən sonra "Azərlotereya"nın fəaliyyətindəki dəyişikliklər barədə FED.az-ın suallarını  "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu cavablandırır.
- Zafer bəy, əvvəlcə özünüz haqqında qısa məlumat verin. Lotereya sahəsində nə qədər təcrübəlisiniz? Neçə ildir bu sahədə çalışırsınız?
- Türkiyə vətəndaşıyam. Bundan əvvəl energetika sahəsində, pərakəndə satış, marketinq, turizm kimi bənzər sektorlarda fəaliyyət göstərmişəm. Daha öncə "Total", "ECE" kimi beynəlxalq şirkətlərdə və Türkiyənin aparıcı qruplarından biri olan "Demirören Holding"də satış, marketinq sahələrində və xüsusi layihələrin idarə edilməsi üzrə rəhbər olaraq çalışmışam. Əmək fəaliyyətimdə qısa müddətlik də olsa, jurnalistika sahəsinə də yer vermişəm. "Yeni Alanya" qəzetində köşə yazarı kimi çıxış etmişəm. 2019-cu ildən şans oyunları sektorunda çalışmağa başlamışam.
- "Azərlotereya" sizin şirkətin idarəçiliyinə keçdikdən sonra burada əsas hansı dəyişikliklər aparıldı?
- "Azərlotereya" ASC keçən ilin avqustundan Türkiyənin dünyada nüfuzlu "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinin törəmə müəssisəsi olan "YMT Sans B.V." şirkətinə 10+5 illik müddətə idarəetməyə verilib. Ötən dövr ərzində "Azərlotereya"nın fəaliyyəti yenidən təşkil olunub, yeni iş imkanları yaradılıb, lotereyaların uduş fondları artırılıb, satış şəbəkələri genişləndirilib, "qara bazar"la mübarizə tədbirləri gücləndirilib.
"Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinin lotereya oyunları sektorundakı yeni beynəlxalq oyun texnologiyalarını və sektorda qazandığı təcrübəni Azərbaycanda tətbiq edərək bu işdə xaricdən mütəxəssislər cəlb etdik.
- Bu dövrdə hansı yeni lotereya növləri yaradıldı?
- Azərbaycan bazarına yeni ani lotereyalar çıxardıq. "Qızıl", "Şans ulduzu", "Brilliant" ani lotereyaları satışa buraxıldı. Sonradan bu seriyanı davam etdirərək "5X", "40 000 000 Pul yağışı","Uğurlu 7", "10X" və "Zümrüd"ün satışını təşkil etdik. Ani lotereyalarda milyonlarla uduşların qazanılması cəmiyyətdə də xoş qarşılandı.
Tirajlı lotereyalarda da dəyişikliklər oldu. "Azərlotereya" ASC-nin təşkil etdiyi "5/36" lotereyasının oyun qaydası dəyişdirilərək "Meqa 5/36" oldu. Ölkəyə 1 000 000 manat uduş imkanı yaradan "Super keno" oyununu gətirdik.
Bununla yanaşı, "Azərlotereya"nın tirajlı lotereyalar verilişinin yayımlandığı televiziya kanalını başqası ilə əvəzlədik. Verilişin studiyasını yeniləyərək müasir avadanlıqlarla təmin etdik. Lotereya sahəsində ən son texnoloji məhsulları ilə tanınan Dünya Lotereya Assosiasiyasının üzvü olan Fransanın "Akanis Technologies" şirkətindən lototronlar aldıq.
Bu istiqamətdə dünya təcrübəsini daim izləyir, yeni layihələr üzərində çalışmağa davam edirik.
- Zafer bəy, yeni lotereya növləri tətbiq ediləndə onlar hansı prinsiplərlə seçilir? Məsələn, burada yeni lotereyalar tətbiq ediləndə Türkiyə təcrübəsi də nəzərə alınırmı?
- Yeni lotereyaların təşkilində həm Türkiyə, İngiltərə və digər dünya ölkələri təcrübəsi, həm də lotereya həvəskarlarının maraqları nəzərə alınır.
Biz Azərbaycana "Demirören Holding"in şans oyunları üzrə anoloqu olmayan təcrübəsini gətirmişik. "Demirören Holding" lotereya sənayesində dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir, ən son texnoloji yeniliklərin tətbiqi ilə tanınır. Türkiyədə şans oyunlarının şəffaflıqla, yüksək təhlükəsiz şəraitdə keçirilməsini təmin edir. Bu istiqamətdə "Demirören Holding"in təcrübəsi bizim buradakı fəaliyyətimiz üçün mükəmməl nümunədir.
- Zafer bey, bəs hazırda "Azərlotereya" ASC-nin məhsulları, lotereya biletləri necə yayılır? Bunun üçün ölkədə neçə satış nöqtəsi fəaliyyət göstərir?
- Ani lotereya biletlərinin satışı bütün ölkə üzrə "Azərlotereya" ASC-nin rəsmi distribütor və dilerləri, eləcə də "Azərpoçt" MMC-nin filialları vasitəsilə həyata keçirilir. Satış şəbəkələri ilə əməkdaşlığımız daha da genişlənir.
Bilet satışı, həmçinin Azərbaycanın rəsmi idman mərc oyunlarının operatoru olan "Misli" məntəqələrində təşkil edilir. Hazırda ölkə üzrə 170-ə yaxın "Misli" məntəqəsi fəaliyyət göstərir. İlin sonunadək belə məntəqələrin sayının artırılması nəzərdə tutulur.
Satış nöqtələrinin ünvanları ilə "Azərlotereya" ASC-nin rəsmi saytından (https://azerlotereya.com/) tanış olmaq müakündür.
- Keçək əhalini ən çox maraqlandıran məsələyə – lotereya uduşlarına. Hazırda "Azərlotereya"da uduş fondu nə qədərdir? Yəni satılan biletlərin pulunun neçə faiz uduş məbləğinə yönəldilir? Ən yüksək uduş fondu hansı lotereyadadır?
- Uduş fondu "Lotereyalar haqqında" qanunda nəzərdə tutulan qaydada tənzimlənir. Bu qanunun tələbinə görə uduş fondu müvafiq tiraj üzrə buraxılmış və yaxud satılmış lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az ola bilməz. Sadə şəkildə desək, lotereya satışından gələn məbləğin azı 50%-i uduş fonduna yönlməlidir. Amma bizdə bu məbləğ daha yüksəkdir. Hazırda ani lotereyalarımızda uduş nisbəti 63-68%-ə çatır. Yəni satışdan əldə edilən gəlirin 68%-dək hissəsi uduş olaraq qaliblərə ödənilir.
Ən yüksək uduş fondu isə "10X" ani lotereyasındadır. Ən böyük uduş məbləği 200.000 manatdır.
Tirajlı lotereyalarda bu barədə əvvəlcədən təxmin etmək olmur, çünki uduş fondu satılan lotereya sayından asılı olur.
- Ümumiyyətlə, lotereyalarda uduş məbləğləri və fondları necə müəyyən edilir?
- Əvvəla qeyd edim ki, uduş məbləğinin bölgüsü  beynəlxalq təcrübəyə və ölkə qanunvericiliyinə əsaslanır. "Lotereyalar haqqında" qanunun 6.5-ci maddəsinə uyğun olaraq, ani lotereyanın uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az olmamalıdır. Ani lotereyalarımıza baxsaq görərik ki, bizdə bu göstərici qanunda göstərilənin xeyli üzərindədir.  Məsələn, yeni satışa çıxarılmış "10X" ani lotereyasında uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 68%-ni təşkil edir.
Hər oyun üzrə uduş fondu ilə bağlı "Azərlotereya" ASC-nin rəsmi saytında və biletlərin arxasında məlumatlar qeyd edilib.
- Bəs lotereya uduşlarından vergi necə tutulur? Vergi bütün uduşlardan tutulur?
- Baxın, hər bir lotereya növünün uduş fondu fərqlidir və uduşun strukturundan asılı olaraq fərqli məbləğdə vergi tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.  Yəni, 500 manatadək olan uduşlar gəlir vergisindən azaddır. Bunu misalda izah edim, nümunə kimi "Zümrüd" lotereyasına baxsaq görərik ki, burada 525 ədəd uduş vergi tutulan uduşdur, 2 611 000 ədəd uduşlu bilet üzrə uduşlar isə vergiyə cəlb edilmir.
- Zafer bəy, lotereya oyunlarının şəffaflığı, onun təhlükəsizliyi necə təmin edilir, ona necə zəmanət verə bilirsiniz?
- Bu bizim üçün çox həssas və vacib mövzudur. Lotereya oyunlarına inam onun təhlükəsizliyi və şəffaflığı ilə  birbaşa əlaqədardır.
Əvvəla onu qeyd edim ki, "Azərlotereya" ASC Dünya Lotereya Assosiasiyası (WLA), eləcə də Avropa Dövlət Lotereyalar və Toto Assosiasiyasının (The European State Lotteries and Toto Association) üzvüdür. Bura üzv qəbul edilmək üçün şirkt Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirməli, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşmalı və bir sözlə, Dünya Lotereya Assosiasiyasının meyarlarına cavab verməlidir. Yəni bizim şirkətdə bütün bu tələblər yerinə yetirildiyi üçün üzvlüyə layiq görülmüşük.
Daha detallı danışsaq, biz lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan Böyük Britaniyanın məşhur "Scientific Games" şirkətilə əməkdaşlıq edirik.
Qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti oyun proqramlaşdırılması, məhsulun idarə edilməsi, şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərdə çox həssasdır.
Bizim bütün ani lotereya biletlərimiz "Scientific Games" şirkətində hazırlanır, dizayn və çap edilir. "Scientific Games" - bu sahədə, yəni lotereya biletlərinin hazırlanmasında dünyada ən qabaqcıl texnologiyaya əsaslanan peşəkar şirkətdir və 1974-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır.
Bundan əlavə, tirajlı lotereya oyunlarının keçirilməsində də Fransanın "Akanis Technologies" şirkətindən alınmış müasir avadanlıqlardan istifadə edilir. Bu şirkət də Dünya Lotereya Assosiasiyasının (WLA) üzvüdür.
- İndiyədək ən böyük uduşlar hansı bölgədə qazanılıb, necə deyərlər, "ən şanslı bölgələr" hansıdır?
- Uduşların qazanılması tamamilə şansa bağlıdır. Növbəti uduşun harada və kimin udacağını müəyyən etmək qeyri-mümkündür.
"Azərlotereya" ASC-nin sosial media hesablarında uduşlar barədə məlumatlar mütəmadi olaraq təqdim olunur. Bu məlumatlar əsasında hazırlanan uduş xəritəsi hər ayın sonu yenilənir. Lotereya həvəskarları Bakı və digər bölgələr üzrə qazanılan məbləği uduş xəritələrindən izləyə bilərlər.
Yüksək uduşların reytinqində Bakı birinci yerdədir. Rayonlar arasında isə reytinq cədvəli aylar üzrə dəyişə bilir. Məsələn, "40 000 000 Pul Yağışı" ani lotereyasında iki Ağcabədi sakini 200 000 manata sahib olub. Demək olar ki, bütün bölgələr üzrə böyük uduşlar qazanılır. Onlar arasında Quba, Şəmkir, Gəncə, Ucar, Beyləqan, Ağdam və digər rayonların adların çəkə bilərik.
- Uduşlu ani lotereya biletlərini necə "tanımaq" olar? Bəzən belə məlumatlar yayılır ki, biletlərin üzərindəki nömrələrə baxıb onların uduşlu olub olmadığını bilmək olar. Bu doğrudurmu? Onların etibarlı qorunmasına kim zəmanət verir?
- Baxın, dediyim kimi, bütün ani lotereya biletlərimiz Böyük Britaniyada "Scientific Games" şirkətində dizayn və çap edilir. Uduşlu biletlərin kimə, hansı bölgəyə nəsib olacağını öncədən təyin etmək mümkün deyil. Ani lotereya biletləri iştirakçı tərəfindən udulanadək onların uduşlu olub-olmadığı barədə kompüter sistemləri xaricində kimsə məlumatlı deyil.
Hər bir lotereyanın detalları barədə rəsmi saytımızda və hər biletin arxasında məlumatlar qeyd olunub.
Vətəndaşlara gəlincə, onlar bir məsələdə diqqətli olmalıdırlar – yəni bilet əldə edərkən onun hər hansı bir hissəsinin daha öncə pozulub-pozulmadığından əmin olmalıdırlar. Hər bilet unikal seriya nömrəsinə malikdir. Biletin həqiqiliyini gözlə asanlıqla kontrol etmək mümkündür. Biz özümüz də prosesə xüsusi sistem vasitəsilə nəzarət edə bilirik.
- Zafer bəy, əhalinin lotereyalara marağı yüksəkdirmi?
- Bəli, yüksəkdir, müşahidələrimiz göstərir ki, bu sahədə idarəetmənin beynəlxalq standartlara uyğun aparılması, şans oyunlarının dünya təcrübəsinə malik mütəxəssislərlə birlikdə hazırlanması, oyunların çeşidinin, ümumi uduş fondunun və uduş imkanlarının artırılması lotereya oyunlarına populyarlıq qazandırıb. Həmçinin böyük uduşlara sahib olan qalibləri görən hər kəsdə lotereya oyunlarının şəffaf keçirilməsinə əminlik yaranır, inam hissini artırır. Bu niyyətlə düşünülə bilər ki, Azərbaycanda lotereya oyunlarına böyük maraq var. Təbii ki, insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblər də ola bilər. Bura sosial-psixoloji amilləri də aid edə bilərik. Bu nəinki bizim ölkədə, dünya təcrübəsində də belədir.
- Azərbaycanda lotereyada böyük məbləğdə uduş barədə məlumatlar tez-tez yayılır, amma bəzən qazanan şəxsin adı, kimliyi açıqlanmır. Bu da bəzi insanlarda inamsızlıq yaradır. Uduş qazanan insanların adlarının açıqlanmaması nə ilə bağlıdır?
- Uduşlar barədə mütəmadi olaraq "Azərlotereya" ASC-nin sosial media səhifələri və rəsmi saytında məlumatlar paylaşılır. Biz qurum olaraq şəffaflığın təmin edilməsi naminə qaliblərin adlarının açıqlanmasının tərəfdarıyıq və bütün uduş sahiblərinə adlarını açıqlamalarını icazə vermələri üçün daim müraciət edirik. Amma bu, onların qərarından asılıdır. Lotereyada udan şəxslərin razılığı olduğu halda, onların adları açıqlanır, şəkilləri yerləşdirilir, onlar haqqında videoreportaj hazırlayır, uduşları göstəririk.
Məsələ bundadır ki, lotereyada qalib şəxsin kimliyinin açıqlanması məsələsi qanunvericiliklə tənzimlənir.
- Söhbət hansı qanundan gedir?
- "Lotereyalar haqqında" qanuna əsasən lotereyada udan şəxsin yazılı razılığı olmadan onun adı açıqlana bilməz. Bu tələb qanunun 8-1.2-ci maddəsində öz əksini tapmışdır. Kimsə icazə vermirsə, onun adını açıqlamağa, foto və video görüntüsünü yaymağa ixtiyarımız yoxdur. Beynəlxalq təcrübəyə əsasən də qalib şəxs kimliyinin açıqlanması və ya gizlədilməsi ilə bağlı qərarı özü verir.
İndiyədək olan təcrübədən deyə bilərəm ki, adətən böyük uduş sahibləri adlarının açıqlanmamasının tərəfdarı olurlar. Buna səbəb kimi sosial-psixoloji amilləri göstərmək olar.
Amma adlarının açıqlanmasını istəyən şəxslər də az deyil. Qeyd edək ki, son vaxtlar qalib olan şəxslərin kimliyi barədə rəsmi saytımızda və sosial media səhifələrimizdə paylaşdığımız məlumatlarla tanış ola bilərsiniz. Buna misal olaraq, qaliblərdən Füzulidə "40.000.000 Pul Yağışı" ani lotereyasında böyük uduş – 200 000 manata sahib olan Ərşad Əliyev, eyni məbləğdə böyük uduşu qazanan Ağcabədi rayon sakini Cahandar Süleymanov, "Brilliant -3" ani lotereya biletində böyük uduş – 100 000 manatı qazanan Şamaxı şəhər sakini Elçin Qədimov, "Uğurlu 7" ani lotereya biletində isə 50 000 manata sahib olan Xırdalan şəhər sakini Həsrət Göyçəyev və digərlərinin adlarını çəkə bilərik.
Mən özüm də vaxt tapdıqca uduşlarını götürmək üçün "Azərlotereya"ya gələn qaliblərlə görüşməyə çalışıram. Olduqca maraqlı hekayələrlə tanış oluram. Şəxsi məlumatlar olduğu üçün burada paylaşa bilmirəm.
- Zafer bəy, özünüz də qeyd etdiniz ki, lotereyalara böyük maraq var. Amma bəzi hallarda vətəndaşlar özləri də bilmədən lotereyaya aludə olaraq iri məbləğlər itirə bilərlər. Siz bunu nəzərə alırsınızmı, və bununla bağlı hər hansı xəbərdarlıq edilirmi?
- Əlbəttə, bu çox vacib bir məqamdır. Biz hər zaman bildiririk ki, şans oyunları sadəcə əyləncədir. Buna gəlir mənbəyi və ya məşğuliyyət növü kimi baxılmamalıdır. Yəni lotereya oynamağa, şansını sınamağa - əyləncə kimi baxmaq, asudə vaxtın xoş keçirilməsi kimi yanaşmaq lazımdır. Biz xüsusi olaraq bununla bağlı "Azərlotereya" ASC-nin rəsmi saytında və sosial media səhifələrində "Məsuliyyətlə oyna!" adlı maarifləndirici layihəyə başlamışıq.  Biz vətəndaşlara çağırışlar edir, lotereya oyunlarına məsuliyyətlə yanaşmalarını, oyuna məlumatlı başlamalarını, oyun şərtləri və əmsalları ilə mütləq tanış olmaları barədə tövsiyələr veririk.
Məqsədimiz lotereya həvəskarlarına əyləncəli və xoş zaman qazandırmaq, həmçinin əldə edilən gəlirlə Azərbaycan iqtisadiyyatına böyük töhfələr verməkdir.
- Mərc oyunlarına – "Misli"yə maraq necədir? "Misli" indiyədək tətbiq edilən mərc oyunlarından nə ilə fərqlənir?
- "Misli" məntəqələri Azərbaycanın paytaxt və regionlarında bu ildən – daha dəqiqi 17 yanvar 2022-ci il tarixindən fəaliyyətə başlayıb.
"Misli" - idman yarışlarına əsaslanan sabit ehtimallı mərc təklif edən rəsmi mərc məhsuludur. "Misli" məntəqələri idman mərc oyunları və lotereya həvəskarları üçün şans və yeni əyləncə məkanına çevrilib və ona böyük maraq var.
"Azərlotereya" "Misli.az" veb-saytı, eləcə də "Misli" məntəqələri vasitəsilə dünyanın ən məşhur futbol matçlarına mərc etmək imkanı yaradır.
Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və digər dünya üzrə populyar liqalar da "Misli"də yer alır. Bundan başqa, "Misli"də futbolla bərabər basketbol, tennis, voleybol, həndbol, buzüstü hokkey, stolüstü tennis, snuker, MMA, "Formula-1" və digər idman hadisələri üzrə mərc imkanları da mövcuddur.
Mərc həvəskarları "Misli" məntəqələrində həm sadaladığım idman mərc oyunları, həm də ani və tirajlı lotereyalar və virtual idman və "Ekspres Keno" lotereyası ilə real uduşlar qazana bilərlər. Xüsusi qeyd edim ki, Azərbaycanda virtual idman oyunlarına mərc etmək yalnız "Misli"də mümkündür.
Hazırda Azərbaycanın müxtəlif şəhər və rayonunda 170-ə yaxın "Misli" məntəqəsi fəaliyyət göstərir və il sonuna qədər sayın artırılması nəzərdə tutulur.
- Zafer bəy, bu sahədə başqa hansı yeniliklər gözlənilir, məsələn yeni xidmətləriniz və məhsullarınız planlaşdırılırmı?
- Bütün sahələrdə olduğu kimi, bu sahədə də yeniliklərin tətbiqi qaçılmazdır. Biz daima beynəlxalq standartları və iştirakçı marağını nəzərə alaraq qanunvericilik çərçivəsində əyləncəli oyun mühitini qorumağa çalışırıq. Eləcə də bu sahədə ən son texnoloji yenilikləri izləyir və onları Azərbaycan bazarına da təqdim edirik.
Bu prosesin nəticəsi olaraq bəzi lotereyalar satışdan çıxarılır, yeniləri əlavə olunur. Bu barədə məlumatlar ictimaiyyətə təqdim olunur. Gələcəkdə də yeniliklər olduqca, bu barədə məlumat verəcəyik.

Biznes     Tarix: 21 iyul 2022

Oxşar xəbərlər

"Bakı Sığorta" şirkəti ləğv olunur

"Bakı Sığorta" ləğv olunduğunu elan edir. xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər

"Siemens AG" konserni "Altair Engineering" şirkətini 10 milyard dollara alır

Siemens, ABŞ-ın sənaye proqram təminatı şirkəti Altair Engineering şirkətini 10,6 milyard dollara satın alaraq şirkətin tarixində ikinci ən bahalı anlaşmaya imza atıb. Azərbaycanda 60 min manat sərmayə ilə yeni şirkət yaradılıb

Azərbaycan və Özbəkistan birgə uşaq geyimləri brendi yarada bilər

Azərbaycan və Özbəkistandan olan qadın sahibkarlar birgə müəssisə və uşaq geyimləri brendinin yaradılması təşəbbüsünü nəzərdən keçirirlər. Azərbaycanda əhali ötən ay 1 milyard manatlıq geyim alıb. xəbər verir ki, bu barədə  b

Biz mənzil, maşın axtaranda o pul qazanır: Turbo.az, Bina.az və Tap.az-ın sahibi - Türk şirkətini $1,1 milyarda aldı

Türk dünyasında böyük alqı-satqı baş tutub. xəbər verir ki, Türkiyənin Rəqabət, yəni antiinhisar qurumu Türkiyənin məşhur "Həpsiburada" alış-satış platformasının Qazaxıstanın elektron ticarət nəhəngi olan şirkətin

"Qara cümə"də ən çox pulu bu ölkədə xərcləyirlər

İtaliya "qara cümə" və "kiber bazar ertəsi" endirimlərinə ən çox maraq göstərilən Avropa İttifaqı (Aİ) ölkəsidir. 5 gün ərzində 200 milyon nəfər - ALIŞ VERİŞ EDİB. xəbər verir ki, bu barədə "PwC"

Nvidia gəlirlərini kəskin artırıb - DETALLAR

Nvidia, süni intellekt texnologiyalarına tələbatın artması ilə 2023-cü ilin son rübündə də rekord göstəricilər əldə edib. Nvidia Apple-ı geridə qoydu, Dünyanın ən dəyərli şirkəti oldu. xəbər verir ki, şirkətin gəliri ötə

Tikinti şirkəti əmlakını və pullarını səhmdarları arasında böləcək - TOPLANTI

3 dekabr 2024-cü il, saat 10.30-da "Bakı Tikinti Konstruksiyaları" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Azərbaycanda çörək şirkəti - YENİDƏN TƏŞKİL EDİLİR. Ümumi yığıncağın gündəliyin

"Zümrüd" ani lotereyasında böyük uduş – 100 000 QAZANILDI

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunlarından olan "Zümrüd" ani lotereyasında növbəti böyük uduş – 100 00 manat qazanılıb. xəbə

"Cəlilabad Məişət" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR

"Cəlilabad Məişət" ASC səhmdarlarının 2023-cü ilin yekunlarına dair növbəti ümumi yığıncaq 10 dekabr 2024-cü il tarixdə saat 10:00 da  keçiriləcəkdir. 13,4 min manat nizamnamə kapitalına malik olan şirkət - LƏĞ


iqtisadi xeberler dollar mezenne bu gunun xeberleri valyuta xeberleri depozit faizleri