"Banklar BOKT-lara pul ayırmır, maliyyə qıtlığı var "- MÜSAHİBƏ

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva ilə müsahibə.
-Jalə xanım, müşahidələrimizə əsasən AMFA kiçik və orta biznesə, o cümlədən qadınlar arasında şəxsi biznesin yaradılmasına dəstək göstərir. İndiyə qədər AMFA daxil olan maliyyə təşkilatları tərəfindən qadın sahibkarlara hansı həcmdə kredit ayrılıb?
- Pandemiya dövründə mikromaliyyə sektorunun ümumi portfelinin 27%-ni qadın sahibkarlara ayrılan kreditlər təşkil edirdi. Azərbaycanda 2022-ci ilin sonuna sektor üzrə bu rəqəm 32%-ə yüksəlib. Qarşıdakı illərdə bu artım daha çox olacaq. Mikromaliyyə təşkilatlarının portfel analizi göstərir ki, problemli müştərilər arasında qadınlar demək olar ki, yox dərəcəsindədir. Kredit təkliflərinə 10 kişi müştəridən 8-i müsbət cavab verirsə, qadınlar arasında bu rəqəm 5-dir. Yəni, təşkilatlar daha az qadın müştəri cəlb edə bilir. Say baxımından daha çox bonus əldə etmək istəyən kredit işçisi kişi müştərilərə yönəlir. Bununla belə, kişi müştərilərlə bağlı portfeldə problemlər daha çoxdur. Ona görə də mikromaliyyə təşkilatları indi portfelin keyfiyyətinə görə bonus təklif edirlər. Yəni, müştəriyə verilən kreditin təkcə həcmi deyil, həm də keyfiyyəti vacibdir. Kreditlərin keyfiyyəti baxımından qadınların daha məsuliyyətli olması burada istifadə edilməli olan potensialın olduğunun göstəricisidir. Qadınlar ona görə kreditə az maraq göstərmirlər ki, onlara maliyyə resursu lazım deyil, sadəcə onların potensial risklərə qarşı yanaşması daha həssasdır, daha çox dəqiqləşdirici suallar verirlər, maliyyə terminlərini başa düşməyə çalışırlar, kredit şərtləri barədə məlumatları məhduddur, müxtəlif kredit məhsullarını müqayisə etmək üçün doğru suallar verməkdə çətinlikləri var. Qadınların kredit resurslarına çıxışını təmin etmək üçün maarifləndirmə işi mütləqdir.
- Mikromaliyyə təşkilatlarının təklif etdiyi kredit faizləri banklara nisbətən daha yüksəkdir. Qadın sahibkarlığın stimullaşdırılması üçün, kredit faizlərinin endirilməsi və ya hansısa xüsusi təkliflər gözlənilirmi?
-Kredit faizlərinin aşağı olması o zaman baş verir ki, orada bazar rol oynayır, yəni tələb-təklif məsələsi əsas rol oynayır. Əgər pul qıtlığı varsa, kredit faizi yüksək olacaq, əgər maliyyə resurslarına çıxış imkanları daha genişdirsə faizlər aşağı olacaq. 20 il əvvəlki faiz dərəcələri ilə müqayisədə indi kredit faizləri aşağı düşüb. Tendensiya bunu göstərir.
-Hazırki kredit faizləri sizi qane edirmi?
- Kredit faizlərinin məni qane etdiyini deyə bilmərəm. Maliyyə resurslarından danışarkən, onun yerli valyuta olması çox vacibdir. Yerli valyutada vəsaitlərin qıtlığı var. Məsələn, banklar özləri mikrokredit sahəsində işləməsələr də, o vəsaitləri bank olmayan kredit təşkilatlarına (BOKT) yönəltməkdə həvəsli deyillər. Banklar arasında yalnız bir bank mikrokredit sahəsində müştəri bazasını böyütmək üçün buna BOKT-lar vasitəsilə resurs ayırır. Hazırda bankların likvidliyi yüksək olsa da, özləri mikrokredit sahəsində fəaliyyət göstərməsələr də BOKT-larla tərəfdaş kimi çalışmırlar.
Digər tərəfdən Azərbaycanda xarici valyuta ilə maliyyə resursi cəlb etmək BOKT-lara sərfəli deyil. Bu, eyni zamanda müştərilər üçün də cəlbedici olmur. Digər bir məsələ ondan ibarətdir ki, bu gün mikromaliyyə təşkilatları birbaşa kredit verə bilmirlər. Krediti nağdsız formada "Azərpoçt"un kartı vasitəsilə verməyə məcbur olurlar. Bu da BOKT-lar üçün əlavə xərc yaradır.
Əsas məsələ odur ki, alternativ maliyyə alətlərinin hazırlanması üzərində iş gedir. KOBİA, İpoteka və Kredit Zəmanət Fondu və Azərbaycan Mərkəzi Bankı bunun üzərində çalışır.
- Son bir neçə ildə BOKT-lar maliyyə resursu cəlb etmək üçün istiqraz buraxmağa üstünlük verirlər. Bu nə ilə bağlıdır?
- Qeyd etdiyim kimi manat vəsaitlərinin cəlbində qıtlıq yaranıb. Mikromaliyyə təşkilatları yerli valyutada maliyyə resursunu necə əldə edə bilər? Ya bu dövlət fondları olmalıdır, ya kommersiya bankları, ya da alternativ maliyyə alətləri. Bu gün istiqraz buraxmaq daha əlçatandır. Bakı Fond Birjası resurs cəlbi üçün istiqraz buraxmağa imkan yaradır, mütəmadi olaraq seminar və təlimlər keçirirlər BOKT-lar üçün. BOKT-lar bu vasitə ilə yerli valyutada resurs cəlb edirlər və bu da çox uğurlu alınır.
- Kommersiya banklarının likvid vəsaitləri yüksək olduğu halda niyə BOKT-larla tərəfdaşlıqda maraqlı deyillər?
- Kommerisiya banklarının rolu əsasən artıq formalaşmış sahibkarları və ümumiyyətlə iqtisadiyyatın sektorlarını maliyyələşdirməkdən ibarətdir. Mikromaliyyə institutları banklar üçün sahibkarlar formalaşdırır və bir-birini tamamlayırlar. Bank olmayan kredit təşkilatları əsasən öz təsisçilərinin (səhmdarlarının) və investorlarının vəsaitləri ilə kreditləşdirmə həyata keçirirlər. Qeyd edilənlər nəzərə alınarsa, bank olmayan kredit təşkilatlarının hələ tam formalaşmamış və ya formalaşmasının ilk mərhələsində olan, dayanıqlı olmayan sahibkarlıq subyektlərinə kreditlər verməsi sistem əhəmiyyətli ciddi risklər yaratmır.
- BOKT-ların maliyyə resurslarının cəlbində çətinlikləri qeyd edirsiniz, amma onların fəaliyyətlərində çatışmazlıqlar da var. Bəzi BOKT-ların rəsmi elektron səhifələri yoxdur, bəziləri hesabatları açıqlamır. Belə olan halda bank həmin mikromaliyyə təşkilatını necə tərəfdaş kimi qəbul edə bilər?
- Bu gün bazar üzrə 55 BOKT fəaliyyət göstərir, onun 22-si AMFA-nın üzvüdür. Yəni, onların heç də hamısı arzuolunan səviyyədə fəaliyyət göstərmir. Biz AMFA olaraq bazarın aktiv iştirakçılarını dəstəkləyirik. Assosiasiyanın üzvü olan BOKT-ların veb səhifələri var. Son 3-5 ildə yaranan mikromaliyyə təşkilatları bazarda mütəmadi olaraq aktiv fəaliyyət göstərmir, bəzi BOKT-ların isə yalnız lisenziyası var. Çalışırıq ki, üzv olmayan BOKT-larla da əməkdaşlıq edək, maksimal şəkildə bütün təşkilatlar bizimlə əməkdaşlıq etsin. Banklar sistem əhəmiyyətli olduğu üçün tətbiq edilən qaydalar fərqlidir. Düşünürəm ki, ümumilikdə banklarla yanaşı, BOKT-ların da fəaliyyətində şəffaflığın təmin edilməsi qaydalarda öz əksini tapacaq.
- Bank sektorunda rəqəmsallaşmanın kifayət qədər genişləndiyinin şahidi oluruq. Mikromaliyyə sektoru rəqəmsallaşmaya nə vaxt keçid edəcək?
- Mövcud "Nağdsız hesablaşmalar haqqında" qanunda BOKT-lar yer almayıb. Yəni, bugünkü qanunvericilik mikromaliyyə təşkilatlarının rəqəmsallaşmasını dəstəkləmir. Azərbaycan Mərkəzi Bankı ilə mikromaliyyə təşkilatlarının inkişafı ilə bağlı mütəmadi müzakirələrimiz olur, təkliflər müzakirə olunur. İl ərzində bununla bağlı yeniliklərin olacağını gözləyirik. Bu isə öz növbəsində BOKT-lara rəqəmsallaşmaya investisiya etməyə stimul yaradacaq.
- Mərkəzi Bankla başqa hansı sahədə əməkdaşlıq edirsiniz?
- Biz həmçinin, Mərkəzi Bankın nəzdində maliyyə sektorunda fəaliyyət göstərən biznes assosiasiyaları ilə birgə müxtəlif səpkidə fəaliyyət göstərən işçi platformalarda əməkdaşlıq edirik: maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə işçi qrupunda, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunda. 2019-cu ildən həmin komissiyaya dəvət olunmuşuq. Görüşlərimiz onu göstərir ki, təkliflərə açıqlıq var, mütəmadi səsləndirdiyimiz təkliflər Mərkəzi Bank tərəfindən müzakirə olunur, müəyyən şərhlər verilir və müsbət baxılır.
© APA / marja.az

Banklar     Tarix: 06 aprel 2023

Oxşar xəbərlər

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,75 milyard ABŞ dolları həcmində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Vəsaitin xarici ticarəti

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"

"Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bəzən gün ərzind

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq Birbanklılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləy


iqtisadi xeberler biznes qurmaq bitkoin qiymeti dollar mezenne depozit faizleri