Kapital Bank-ın İdarə Heyətinin Sədri Fərid Hüseynovla mətbuat konfransı keçirildi
Ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor Fərid Hüseynov 8 dekabr tarixində media nümayəndələri ilə görüşüb. Mətbuat konfransında Kapital Bank-ın 2023-cü il ərzindəki fəaliyyəti haqqında ətraflı məlumat verilib və 2024-2026-cı illər fəaliyyət strategiyası açıqlanıb.
Konfransda ilk olaraq 2023-cü ilin IV rübündə bankın gözlənilən maliyyə göstəriciləri açıqlanıb. Jurnalistin 2023-cü il ümumi olaraq Kapital Bank üçün necə yadda qaldı? İlin xülasəsinə nəzər salsanız nələrə diqqət yetirərdiniz sualına Fərid Hüseynov ətraflı cavab verib.
"Əlbəttə ki, rüb başa çatmamış mən dəqiq rəqəmləri açıqlaya bilməyəcəm. Amma, 11 ayın nəticəsinə istinadən deyə bilərəm ki, bankın xalis mənfəətdə 200 mln manatın üzərində nəticə göstərəcəyi gözlənilir. Bankın kredit portfeli 4,1 milyard manat, depozit portfeli isə 6,6 milyard manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il kredit portfelimiz 921 milyon, depozit portfelimiz isə 340 milyon manat həcmində artıb. Bundan əlavə bu il biz loyallıq proqramı çərçivəsində 100 milyon manata yaxın bir məbləğdə vəsaiti keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərimizə geri qaytarmışıq. Xatırladım ki, beynəlxalq reytinq agentlikləri – "Moodies" və "Standard and Poor" isə bankımızın reytinqini yüksək olaraq qiymətləndirir.
Ümumilikdə cari ildə bankımız bir sıra dövlət və region əhəmiyyətli infrastruktur layihələrinin reallaşdırılmasında iştirak edib. Məsələn, "Azərenerji"nin Mingəçevir İstilik stansiyasının yenidənqurma və modernizasiya layihəsi, TANAP, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun qaz infrastrukturunun qurulması, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə ölkə ərazisində strateju su anbarlarının tikintisi layihələri, "Aztelecom"-un ölkə üzrə optik internet xəttlərinin çəkilməsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə işğaldan azad olunan ərazilərdə yol infrastrukturunun qurulması və tarixi yolların bərpası layihələri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda şəhərlərin, kəndlərin bərpası, infrastrukturun qurulması, ərazilərin minalardan təmizlənməsi layihələrini qeyd edə bilərəm. Ümumilikdə bu kimi layihələrin maliyyəşdirilməsinə bankımız 1 milyard manata yaxın vəsait ayırmışdır".
– Fərid bəy, bank sektoru yüksək rəqabət mühiti olan və sürətlə inkişaf edən sektorlardan biridir. Bu baxımdan 2023-cü ildə bazarda hansı tendensiyalar müşahidə olundu?
"Bazarda müşahidə etdiyim müsbət tendensilardan ilk olaraq əhalinin sürətlə nağdsız dövriyyəyə keçidini qeyd edə bilərəm. Təkcə 2023-ildə müştərilərimiz tərəfindən əldə edilən debet və kredit kartlarının sayı 2,5 milyonu ötüb. Bunun da 35%-i başdan başa onlayn filiallara gəlmədən əldə edilib. Birbank mobil tətbiqinin aktiv istifadəçilərinin sayı isə artıq 3 milyona çatıb. Bildiyiniz kimi Kapital Bank ölkədə rəqəmsal xidmətlərin istifadəsini ən fəal təşviq edən banklardan biridir, bəzi xidmətlərdə isə birinci olduğu üçün son illərdə baş verən bu müsbət dəyişikliklər məni çox sevindirir. Elə bu dalğanı yüksələn tempdə saxlamaq, o cümlədən əhalinin maliyyə savadlılığını, bank xidmətlərinin əlçatanlığını, rəqəmsallaşmanın verdiyi rahatlığı ölkə üzrə təşviq etmək üçün bu il İnnovasiyalar Mərkəzi ilə əhəmiyyətli əməkdaşlıqlardan birinin əsasını qoyduq. Ölkə üzrə ASAN xidmətlərdə xidmət alan vətəndaşlarımız Birbank mobil tətbiqindən onlayn növbə alacaq və bütün dövlət ödənişlərini icra edə biləcəklər. Bu yeniliklərin reallaşması üçün hazırda komandalarımız texniki hazırlıq işləri aparır.
Ümumiləşdirsəm, mənə görə 2023-cü il bankımız üçün bir tərəfdən çox məhsuldar, yeniliklərlə dolu, bir çox dəyişikliklərin baş verdiyi, digər tərəfdən isə növbəti strateji dövrün strateji hədəflərinə keçid üçün zəmin yaratdığımız bir il oldu".
– Fərid müəllim, rəqəmsallaşmanın əhəmiyyətinə haqda danışdınız. Bu mövzuya daha dərindən baxsaq, bir tərəfdən də innovasiya və xidmət keyfiyyətinə toxunur. Bu baradə fikirlərinizi almaq istəyərdik.
"Tamamilə doğru qeyd edirsiniz. Biz hazırda sürətlə dəyişən bir dövrdə yaşayırıq. Bu isə öz növbəsində müştərilərin də xidmətə dair gözləntilərini dəyişir. Rəqəmsallaşma, innovativ həllər bu gözləntiləri reallaşdırmaq üçün çox gözəl vasitədir. Eyni zamanda da, ekologiyaya böyük qatqısı vardır. Biz rəqəmsal xidmətləri təşviq etməklə, həm də ekologiyanın dostu, yaşıl bankçılıq konsepsiyasına uyğun fəaliyyət göstərən bir bank olmaq istəyirik.
Əlbəttə ki, bu alətlərdən istifadə edə bilmək üçün təşkilat əvvəlcə yanaşma olaraq, daha sonra isə təşkilati struktur, biznes və texnoloji infrastrukturu ilə buna hazır olmalıdır. Bankımız 2020-ci ildə ənənəvi strukturdan "agile" struktura keçid etdi, 2021-ci ildə Rəqəmsal transformasiya layihəsini icra etdik və bu il data və texnoloji transformasiya layihələri ilə strateji dövrü başa vururuq. Həmçinin, bütün bu dəyişikliklərin əsasında öz əməkdaşlarımızın dayandığını da gözəl anlayırıq. Paraleldə insan resurslarımızın inkişafı istiqamətində böyük layihələr icra etmişik. Hətta bu il beynəlxalq "Great Place to Work" – "Mükəmməl iş yeri" sertifikatına da layiq görülmüşük. Qeyd edim ki, Azərbaycanda banklar arasında bu sertifikatı alan ilk və yeganə bank Kapital Bankdır.
Bizim tətbiq etdiyimiz yeni həllər məsələn müştərinin məsafədən identifikasiyası və eyniləşdirilməsi, bizə nağd pul krediti, kredit və debet kartlarının sifarişi və rəsmiləşdirməni başdan başa onlayn icra etməyə imkan yaratdı. Dekabrın əvvəli isə biz Birbank-da müştərilərimiz üçün depozit məhsulunu da tam rəqəmsal təqdim etdik. Beləliklə, artıq rahat deyə bilərəm ki, pərakəndə məhsullar üzrə rəqəmsallaşma tam spektr bank xidmətlərini əhatə edib. Eyni zamanda data əsaslı modellər və Aİ-alətlərin istifadəsi ilə biz kreditləşməni onlaynda maksimum 1-2 dəqiqəyə icra edə bilirik. Həmçinin, müştərilərimizin kart davranışına uyğun olaraq, hər birinə fərdi yanaşa bilirik. Hazırda Aİ-texnologiyasının istifadəsini müştəri sorğularının cavablandırılması üçün test edirik. Artıq görürük ki, burada da xidmət sürəti bir neçə dəqiqədən bir neçə saniyəyə qədər azalıb. Testlərimiz uğurla başa çatdıqdan sonra isə bu xidməti bütün müştəri bazamız üçün aktiv edəcəyik. Nəzərə alsaq ki, bankın ümumi xidmət göstərdiyi pərakəndə müştərilərin sayı 5 milyondan çoxdur bu kimi həllər birbaşa müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üçün vacib addımlardandır. Rəqəmsalda istifadə etdiyimiz innovativ həllərin artıq filial şəbəkəsində də tətbiqinə başlamışıq. Belə ki, kredit məhsulları rəsmiləşdirilərkən artıq kağız daşıyıcılardan istifadə etmirik. Bu təcrübə bankın digər məhsullarına da şamil olunacaq.
Bu ilin vacib yeniliklərindən daha biri isə alternativ ödəniş vasitəsinin bazara təqdim edilməsi oldu. Yəni, Birbank müştərilərimiz tətbiqin daxilində QR-a daxil olmaqla satış nöqtəsində kart istifadə etmədən kassa və ya POS terminalda QR-ı çəkməklə ödənişini icra edə bilir. QR ödəniş funksiyası ilə yanaşı, həm də QR nağdlaşdırma funksiyası da müştərilərimizin istifadəsindədir. Bankomatlarımızdan fiziki kart olmadan vəsait məxaric etmək də mümkündür. Beləliklə, müştərilərimiz bu gün əlində sadəcə bir telefonla bütün əməliyyatlarını icra edə bilirlər. Plastik sərfiyyatını isə minimuma endirmək üçün müştərilərimizə debetin bütün funksiaları olan rəqəmsal kart da təklif edirik. Kart sifarişi zamanı müştərilərimiz özləri kartlarının fiziki və ya plastik olub olmayacağına qərar verə bilirlər".
– Fərid bəy, pərakəndə sektor üçün rəqəmsallaşmanın əhəmiyyətindən danışdınız, bəs mikrobiznes, kiçik və orta sahibkarlıq istiqamətində bankın müştərilərini nə kimi yeniliklər gözləyə bilər?
– "Mikro, KOS və korporativ müştərilərimizi də əlbəttə ki, unutmadıq. Onlar üçün ən böyük yeniliklərimizdən biri Birbank Biznes mobil tətbiqinin bazara çıxarılması oldu. Xidmət keyfiyyətini artırmaq üçün isə çağrı mərkəzlərini ayırdıq. Belə ki, sahibkarlar 896-ya zəng etməklə daha rahat xidmət ala bilirlər.
Biz bilirik ki, biznesdə vaxt ən vacib resurslardandır. Ona görə də hazırda biznes müştərilərimiz hesab açmaqdan başlayaraq bütün növ bank əməliyyatlarını, tarif paketlərini, qarantiya və tender məktublarını, 100 min manatadək kreditləri tam onlayn şəkildə əldə edə bilirlər. POS terminalların alternativi olaraq, sahibkarlarımız tətbiqdən mobil pos xidmətini sifariş edib, ödənişləri birbaşa telefonla qəbul edə bilirlər. Daha əvvəl qeyd etdiyim QR-la nağdlaşdırma funksiyası biznes müştərilərimizə də açıqdır. Sahibkarları gözləyən yeniliklər sırasında isə sahibkarlar üçün taksit kartını qeyd edə bilərəm. Eyni şəkildə də pərakəndə biznesdə xidmət keyfiyyətinin artırılması istiqamətində istifadə etdiyimiz uğurlu Aİ-alətlərinin biznesdə tətbiqi planlaşdırılır. Biznes müştərilərimiz həmçinin qeyri-bank məhsullarından olan əmlakın və nəqliyyat vasiətlərinin sığortalanmasını da rəqəmsal olaraq həyata keçirə biləcəklər. Onu da qeyd edim ki, hazırda mikro və KOS müştərilimizin 99%-i bütün əməliyyatlarını Birbank Biznes tətbiqi və ya vebsayt üzərindən onlayn icra edir. Ümumi müştəri bazasına gəldikdə isə hazırda bankın 22 mindən çox KOS və 100 minə yaxın mikro seqmentdə müştərisi var".
– Müasir dövrün vacib mövzularından biri də rəqəmsal təhlükəsizlikdir. Rəqəmsal mühitdə təhlükəsizliyin təminatı barədə nə deyə bilərsiniz?
"Təhlükəsiz bank xidməti və dələduzluqla mübarizə bankın mərkəzi mövzularından biridir. Necə ki, bank sektoru, informasiya texnologiyaları bir yerdə dayanmır, inkişaf edirsə, eləcə də dələduzlar özlərini çox fərqli istiqamətdə dırnaqarası desəm inkişaf etdiririb müxtəlif yollarla vətəndaşların vəsaitinin mənimsəməyə çalışırlar. Əvvəla bu mövzuda bank mövcud qanunvericilik, requlyativ tələblərə və beynəlxalq təcrübələrə istinad edir. İSO27001 standartı üzrə 54 nəzarət mexanizmi, həmçinin informasiya təhlükəsizliyi insidentlərinin operativ həlli üçün 7/24 monitorinq mexanizmləri qurulub.
Eyni zamanda da müştərilərimizin ümumilikdə maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirmə işləri aparılır. Mütəmadi olaraq həm kütləvi resurslarımız vasitəsilə həm də, sms, tətbiq daxili bildirşlər kimi fərdi kanallardan istifadə etməklə müştərilərin diqqətli olmaları üçün çağırışlar edirik. Noyabr ayı ərzində Mərkəzi Bank və ABA ilə birgə maarifləndirici video materiallar hazırlayıb bütün sosial media kanallarımızda yayımlamışıq.
Bildiyiniz kimi bankın bütün kartlarında 3D qoruma sistemi mövcuddur. Doğrudur elə saytlar da var ki, orada əməliyyat zamanı müştəridən sms təsdiq kodu istənilmir, belə saytlarda keçən əməliyyatlar mütəmadi olaraq monitorinq olunaraq şübhəli kateqoriyasına düşdükdə bloklanır. Ümumiyyətlə, qeyd edim ki, hər gün yüzlərlə bu cür resurs Meta və dövlətin müvafiq qurumları ilə birgə əməkdaşlıq çərçivəsində qara siyahıya salınıraraq fəaliyyəti dayandırılır. Təkcə bu il ərzində minlərlə müştəri məlumatlarının sızdırılmasının qarşısı alınıb.
Amma bəzən müştərilərimiz dələduzlara inanaraq, onların istədikləri bütün məlumatları təqdim edirlər. Yaranan bu fürsətdən istifadə edərək müştərilərimizə müraciət etmək istərdim. İstifadə etdikləri kartı üçüncü şəxslərə verməsinlər. Kartın üzərində olan CVV kodu – yəni 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməsinlər".
– Fərid bəy, daha öncə bankın yer aldığı regional layihələrdən danışdınız. Beynəlxalq münasibətlər və ticarətin maliyyələşdirilməsi müstəvisində Kapital Bank-ın planları barədə nə deyə bilərsiz?
"Beynəlxalq arenalarda təmsil olunma və regional proseslərin tərkib hissəsi olmaq bankımız üçün prioritet məsələlərdən biridir. Buna görə müvafiq komandalar tərəfindən daimi olaraq xarici səfərlər təşkil olunur, partnor banklarla təcrübə mübadiləsi proqramları həyata keçirilir və həmçinin beynəlxalq tədbirlərdə daimi iştirak təmin olunur. Şərqi və Mərkəzi Avropa ölkələri üçün nüfuzlu tədbirlərdən olan "Euromoney", beynəlxalq banklararası tədbirlər arasında siyahıda öndə olanlardan biri "SIBOS", o cümlədən digər regional ölkədaxili və ölkəxarici tədbirlər bankımızın təmsil olunduğu əsas platformalardır. Bank demək olar ki, hər il davamlı olaraq müxbir bankçılıq, xəzinədarlıq, ticarətin maliyyələşməsi və investisiyalar sahəsində beşdən artıq nüfüzlu maliyyə institutunu əməkdaşlığa cəlb edir. Və növbəti strateji dövr ərzində bu istiqmətdə də fəaliyyətimizi davam etdirəcəyik".
– Fərid bəy, son günlərin aktual mövzularından biri də Naxçıvan Bank-ın kredit portfelinin Kapital Banka keçməsidir. Bu haqda sizdən məlumat alsaq daha yaxşı olar.
"Bəli, mən hətta mediada Kapital Bankın Naxçıvan Bankı aldığı iddiasını da gördüm. Mən bildirim ki, nə indi, nə də növbəti strateji dövrdə yerli və ya beynəlxalq hər hansı bir bankı almaq fikrimiz yoxdur. Bununla belə, mütəmadi olaraq müxtəlif bank və bank olmayan kredit təşkilatlarında hər hansı bir aktivin əldə edilməsi ilə bağlı danışıq apara bilərik. Naxçıvan Bank-la bağlı isə deyə bilərəm ki, hazırda istehlak kreditləri portfelinin 60 milyon manata yaxın bir hissəsi Kapital Bank-a ötürülüb".
– 2024-2026-cı illərin strateji dövrü üçün Kapital Bank-ın hədəfləri nələrdir?
"Ümiləşdirib deyə bilərəm ki, bankımızın növbəti inkişaf mərhələsində müştəri mərkəzdə yer alır. Bu dövr üçün bütün strateji təşəbbüslərimiz məhz daha rahat müştəri təcrübəsinin təmin olunmasına və xidmətdən məmnuniyyətin artırılmasına hədəflənlənib. Həmçinin də, maliyyə xidmətlərinin ölkə üzrə həm pərakəndə, həm biznes istiqamətdə əlçatanlığını maksimuma çatdırmaq prioritetlərimiz arasındadır. Buna bazara yeni məhsullar təqdim etməklə, mövcud məhsulların istifadəsində maksimum rahatlıq və sadəlik gətirməklə, fərdi yanaşmanı dərinləşdirməklə, loyallıq proqramlarını təkminləşdirməklə nail olacağımızı düşünürük. Əlbəttə ki, bu təşəbbüslərin reallaşdırılması insan kapitalının inkişafı, istedadların cəlbi və paraleldə də daha çevik, modern və təhlükəsiz texnoloji həllin tətbiqini tələb edir. Məhz buna görə də, sadaladığım istiqamətlər üzrə bir çox yenilikləri tətbiq edəcəyik".
Mətbuat konfransının sonunda Fərid Hüseynov media nümayəndələri ilə görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib. / banker.az