Toysuz qalan şadlıq sarayları - PROBLEM

Toysuz qalan şadlıq sarayları - PROBLEMŞadlıq saraylarında artıq əvvəlki qədər toy keçirilmir. Toylarda isə qonaq sayı azdır. Ekspertlər belə dövrdə rəqabətə davam gətirənlərin bazarda qala biləcəklərini deyirlər.
"Toyların sayı xeyli azalıb. Əvvəllər orucluqdan sonra hər gün toy yazırdıq, indi heç o da olmadı. Ramazandan sonra aprelin 28-30-u normal toy oldu. Qalanları 50-70 nəfərlik idi. Qonaq sayı da azalıb. 80-100 nəfərlik toy edənlər artıb. Qonaq sayı az olan toylar da şadlıq sarayı üçün elə də gəlirli deyil. 500 nəfərlik toylar indi maksimum 250 nəfərlə keçirilir. Heç vaxt Azərbaycanda olmayan haldır".
FED.az xəbər verir ki, bu sözləri "Xudafərin" şadlıq sarayının administratoru Səyavuş Əsgərov söylədi.
"Neolit"in administratoru Rafət Şahmarov da əvvəlki kimi sifariş götürmədiklərini deyir: "Əvvəllər mart-aprel aylarında hər ay 15-18 toy tuturduqsa, bu il 4-5 toy oldu. 600-700 nəfərlik toylar yoxdur. 200-250, maksimum 400 nəfərlə edirlər. Ayda 500-600 nəfərlik maksimum bir toy olur".
"Qazanc yoxdur"
Başqa bir neçə administratorla da söhbətləşdik. Deyirlər ki, indi çox ailə qız-oğlan toyunu bir edir. Bu da ümumi toy sayına təsir göstərir. Qiymətlərlə bağlı da insanların narazılıqları var. Bəziləri mümkün qədər imici qorumaq şərtilə uyğun qiymət təqdim etməyə çalışdıqlarını bildirdilər, "qazanc yoxdur" dedilər.
Birinin isə qeydi belə oldu: "Əvvəllər 5 müraciətdən 3-4-ü ilə razılaşırdıqsa, indi 5-indən biri ilə razılaşanda papağımızı göyə atırıq".
Nə etmək haqqında düşünürlər? Sualımıza cavabları təxminən eynidir: "Yayı gözləyirik".
Əslində, durum məlumdur. Mərasim evinə çevrilən, yerində market açılan və s. şadlıq sarayları var. Bəs bu sektoru nə gözləyir?
"İnvestorlar bu günü görməli idilər"
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, toyların azalmasının bir neçə səbəbi var: "Ərzaq qiymətləri bahalaşır, şadlıq sarayları da müvafiq olaraq menyu qiymətlərini artıra-artıra gedirlər. Əhali də bunu qarşılaya bilmir. Ona görə oğlan-qız toyunu birləşdirirlər, yaxud daha az qonaqla ayrı-ayrı edirlər. Üstəlik, 300-500 nəfəri toyuna çağıran adam sonra onların toyuna getməli idi. İnflyasiya fonunda artıq adamlar görürlər ki, sonra o xərcləri qarşılamaq ciddi problemdir. Bunu görənlər az adam çağırır ki, özü də az toya getsin. Toy davranışında bu cür dəyişiklik varsa, cəmiyyət olaraq sevinməliyik. "Qonşudan geri qalma" prinsipi ilə ənənələr formalaşmışdı. Lazımsız ciddi istehlak israfı müşahidə olunurdu".
X.Kərimli deyir ki, məlum sahəyə investisiya yatıran biznes adamları əslində, bunun olacağını görməli idilər: "Eyni ərazidə nə qədər şadlıq sarayı tikilib. O vaxt toylar çox idi, işləri də yaxşı gedirdi. Biznes qurularkən tələb-təklifin dəyişə biləcəyi proqnozlaşdırılmalıdır. Ən böyük günahları odur ki, sektorun potensialını, gücünü, perspektivini düzgün hesablaya bilməyiblər. Təbii ki, bazara gələnlər bu riskləri - bu günü də görməli idilər".
"Rəqabətdə kim udacaqsa..."
İqtisadçı bu gün rəqabət yarandığını, qaliblərin bazarda qalacağını deyir: "Şadlıq sarayı çox, əhalinin alıcılıq qabiliyyəti isə aşağıdır. Artıq bu sahədə rəqabətlilik dövrü yaranıb. Müştərilər üçün üstünlükdür. Özlərinə uyğun və yaxşı olanı seçirlər. Rəqabətdə kim udacaqsa, sektorda qalacaq".
Şadlıq sarayları həm də bir çoxları üçün iş yeri idi. X.Kərimli bildirdi ki, toy azdırsa, onsuz da orada çalışanların gəliri normal olmur: "Hansısa aktiv olmayan biznesin bağlanması iqtisadiyyat üçün yaxşıdır. Səmərəsiz məşğulluq iqtisadiyyata fayda gətirmir. Həmin insanlar özlərinə yeni iş tapacaqlar. İqtisadiyyat daha səmərəli şəkildə fəaliyyətini davam etdirəcək".
İnvestorlara gəlincə isə, X.Kərimli onların fərqli sahələrə yönəlib yenə də biznes fəaliyyətlərini davam etdirə biləcəklərini qeyd edir: "Adamlar səhv hesablayıb investisiya qoyublar. İndi bazardakı durumdan dolayı səhvlərini bu və ya digər dərəcədə düzəltməyə çalışırlar. Onlar böyük investorlardır. Maliyyələri var. Perspektiv olmadığını görsələr, fərqli biznesə keçəcəklər. Bu da normal haldır".
Qiymət cibimizə uyğun olmasa...
Marketoloq Seymur Quliyev bildirdi ki, düzgün marketinq strategiyası olan, uyğun qiymətlər təklif edənlər bazarda qala biləcəklər: "Ola bilər ki, əvvəlki qədər toy yoxdur, yaxud daha az qonaqla toylar edirlər. Bəs toy edənlər hansı şadlıq saraylarını seçirlər? Qiyməti daha münasib olanları. Bazarda qalmaq istəyənlər ilk olaraq keyfiyyəti salmadan, mümkün olduğu qədər qiymətləri aşağı edə bilərlər. Bu, insanları birinci cəlb edən məsələdir.
Eyni zamanda, düzgün marketinq strategiyası qurmalıdırlar. Oturub gözləmək yox, maraqlı, fərqli təkliflərlə çıxış etmək zamanıdır. Məsələn, qonaq sayı nə qədərdən çox olsa, ev sahibinə hədiyyə verə bilərlər - bal ayı, üzük... Həmin restoranda toyundan bir il keçən cütlükləri hansısa kampaniyaya dəvət edə bilərlər. Bütün hallarda qiymət məsələsini insanların cibinə uyğunlaşdırmalıdırlar". (Kaspi.az)

Biznes     Tarix: 16 may 2023

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta


iqtisadi xeberler bitkoin qiymeti biznes qurmaq rubl mezenne depozit faizleri