Uorren Baffet və Çarli Manqer: "Süni intellekt düşündüyümüzdən başqa hər şeyi dəyişəcək"
ABŞ iqtisadiyyatı bir sıra ciddi problemlərlə üz-üzədir: regional banklar problemi, davamlı inflyasiya və suveren borc üzrə defolt ehtimalı. Əgər kimsə deja-vü hiss edirsə, bunun səbəbi Amerikanın daha əvvəl də belə çətinliklərlə üzləşməsidir. Milyarderlər Uorren Baffet və Çarli Manqer əmindirlər ki, çətin vaxtlarda yaxşı şirkətləri almaqla böyük pul qazanmaq olar.
Cinayətkar Culs Uinnfild 1994-cü ildə "Kriminal qiraət" filmində silahlı quldurla qarşılaşdıqda dediyi kimi: "Sizi məyus etdiyim üçün üzr istəyirəm, amma bu gün mənə silah tuşlamış ilk insan deyilsiniz".
Və bu optimizm əsassız deyil. İnflyasiya göstəricisi düzgün istiqamətdə hərəkət edir və əgər Federal Ehtiyatlar Sistemi (FED) uçot faiz dərəcəsinin kəskin artımından çəkinərsə və ya hətta onu aşağı salarsa, bu, gəlirlilik əyrisinin düzəlməsinə və mübadilə aktivlərinin dəyərinin artmasına kömək edəcək. Borc tavanına gəlincə, tərəflər arasında kəskin qarşıdurmalar həmişə son anda sövdələşmə ilə başa çatıb, çünki tərəflərdən heç biri pul itirmək istəmir.
"Omaha orakulunun" müdrikliyi
Bəlkə də, heç vaxt kölgədə qalmayan milyarderlərə qulaq asmaq lazımdır. Şənbə günü, mayın 6-da Nebraska ştatının Omaha şəhərində "Berkshire Hathaway"in illik yığıncağında prezident və baş direktor Uorren Baffet vitse-prezident Çarli Munqer ilə birlikdə səhmdarların və "CNBC" müxbiri Bekki Kuikin suallarını cavablandırmaq üçün beş saatdan çox vaxt sərf ediblər.
Amerika Biznesinin yüksəliş trayektoriyası ilə bağlı nikbinliyi sayəsində Baffet və Munqer sərvətlərini qat-qat artırıblar. Builki korporativ görüşdə hər iki investor dəyərdən düşmüş səhmlərin gələcəyi və s. şeylər arasında, süni intellektin təsirini də müzakirə ediblər.
Orta Şərqin investisiya üzrə ekspertləri
Həm Baffet, həm Manqer Omahada böyüyüblər və 1959-cu ildə şam yeməyində tanış olublar. Baffet Kolumbiya Universitetini yenicə bitirmişdi, burada o, səhm investisiyaları sahəsində qabaqcıl müəllim Benjamin Grahamın yanında işləyirdi. Harvardın hüquq fakültəsinin məzunu olan Maqner isə Cənubi Kaliforniyada çalışırdı və 1943-cü ildə Kaliforniya Texnologiya İnstitutuna meteoroloq kimi təlim keçmək üçün gəlmişdi.
Gənclər başa düşdülər ki, onlar eyni prinsiplərə sadiqdirlər, həm də sərmayə qoymağa ağlabatan və uzaqgörən yanaşmaları təqib edirlər. 1970-ci illərin sonlarında onlar Baffetin 1965-ci ildə aldığı "Berkshire Hathaway"də birgə işləməyə başladılar. Səhmdarlarla görüş zamanı investorlar üçün bu, sözün əsl mənasında möhtəşəm idi, çünki belə bir tədbirdə eyni səhnədə yan-yana oturan canlı əfsanələrdən dərin bilik və hikmət xəzinəsindən çoxlu vacib və maraqlı məlumatlar öyrənmək olardı.
Sizə bu yaxında baş tutan "Berkshire Hathaway" görüşünün əsas məqamlarını təqdim edirik.
Uorren Baffet: Birinci rübdə 8 milyard dollardan bir qədər çox əməliyyat gəliri haqqında məlumat vermişdik. Əməliyyat gəliri haqqında danışarkən, əslində "Berkshire Hathaway"in həm reallaşdırılmış, həm də reallaşdırılmamış kapital qazancından söhbət gedir. Əks halda, səhm nəyə lazımdır? İşlər həmişə rəvan getmir, amma sonda hər şey yaxşı olur. Bununla belə, istənilən gündə və ildə qiymətli kağızların qiyməti gözlənilməz şəkildə dəyişir. Bizim üçün bu səhmlər tam hüquqlu biznesdir.
Mən deyərdim ki, bütövlükdə iqtisadiyyatın və yəqin ki, öz müəssisələrimizin əksəriyyətinin gəlirliliyi bu il (əvvəlki illə müqayisədə) aşağı olacaq. Biznes İkinci Dünya müharibəsindən bəri maliyyə sektorunda bəlkə də ən heyrətləndirici dövrün sonuna gəlib. İkinci Dünya müharibəsi illərində vəziyyət xeyli ağır olsa da, bu dəfə də asan olmayıb.
Bu il artımın keçən illə müqayisədə daha yavaş olacağını düşünsəm də, biz əslində yaxşı vəziyyətdəyik, ona görə də bu il investisiyalarımızın gəlirliliyinin ötən illə müqayisədə xeyli yüksək olacağını gözləyirəm. İndi bizim qısamüddətli sərmayələrimizin həcmi 125 milyard dollar cuvarındadır. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, ancaq biz cəmi 0.04% gəlir əldə etmişdik. Bu, bizə ildə 50 milyon dollar gəlir gətirirdi, lakin elə ötən gün bazarda yaranmış gülməli vəziyyət və dövlət borcunun tavanı ilə bağlı qeyri-müəyyənlik səbəbindən 5.92% gəlirlilik ilə 3 milyard dollarlıq istiqraz almışıq.
Pul özü ələ gəlir
Baffet "Berkshire Hathaway" səhmləri üzrə dividend ödəməməsi ilə məşhurdur, lakin investorlar haqlı olaraq pulu özlərində saxlamaqdansa, Baffetə həvalə etməyi üstün tuturlar.
Forbes USA: Cənab Baffet, cənab Manqer, siz çox mühafizəkar olmaq və sərmayə qoyarkən həddən artıq aqressiv addım atmaq arasında orta yol tapmısınız. Bəzən emosiyalara əsaslanaraq pis qərarlar verdiyiniz olubmu? Və bunun qarşısını almaq üçün nə edirsiniz?
Uorren Baffet: Biz tez-tez uğursuz qərarlar veririk. Mənim Çarli ilə müqayisədə daha çox uğursuzluqlarım var, çünki ümumi olaraq daha çox qərar verirəm. Ancaq şirkətin tarixində emosiyalar üzərində bir şeyə qərar verdiyimizi xatırlamıram. Biz biznesdən danışırıq. Adi həyatda təbii ki, emosiyalardan imtina etmək mümkünsüzdür. Ancaq işləyərkən və ya bizneslə məşğul olarkən bütün emosiyalar kənara qoyulmalıdır.
Forbes USA: Süni intellektin və robot texnikasının inkişafını nəzərə alsaq, sizcə, bu texnologiyalar qiymətli kağızlar bazarına və ümumilikdə cəmiyyətə necə təsir edəcək? Faydaları və zərərləri nə olacaq?
Çarli Manqer: Dünyada robotların sayı çoxalacaq, amma şəxsən mən süni intellekt ətrafında olan həyəcanlara şübhə ilə yanaşıram. Məncə, köhnə intellekt daha yaxşı işləyir.
Uorren Baffet: O, inanılmaz şeylərə qadirdir. Bill Qeyts mənə süni intellektin ən son versiyasını göstərib. Bir şey bu qədər geniş spektrli tapşırıqları yerinə yetirdikdə, bir az narahat oluram, çünki başa düşürəm ki, sonra istəsək də bu ixtiranı ləğv edə bilməyəcəyik. İkinci Dünya müharibəsi zamanı biz atom bombası icad etdik, amma növbəti 200 il ərzində ona ehtiyacımız olacaqmı? Eynşteyn deyirdi ki, atom bombası insanların düşüncə tərzindən başqa hər şeyi dəyişdi. Eyni şeyi süni intellekt haqqında da deyərdim. O, insanların düşüncə tərzindən və davranışlarından başqa hər şeyi dəyişə bilər və bu, çox vacib addımdır.
Forbes USA: İndi əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə artıra bilən çox sayda texnologiyalar mövcuddur (buraya AI də daxildir). Yeni dövrdə biznesə investisiya qoymağın gələcəyini necə görürsünüz? Sizcə, investorlar hansı prinsipləri rəhbər tutmalıdırlar? Və hazırda sürətlə dəyişən mühitdə əmanətçilərə uğur qazana bilmələri üçün nə tövsiyə edərdiniz?
Çarli Manqer: Düşünürəm ki, dəyərindən aşağı qiymətləndirilən səhmlərə investisiya qoyanlar üçün bu daha çətin olacaq, çünki birjada rəqib çoxdur. Mən belə investorlara daha az qazanc əldə etməyə öyrəşməyi məsləhət görərdim.
Uorren Baffet: Deyərdim ki, imkanlar çoxdur. Dünya dəyişir, lakin imkanlar azalmır. Onları axmaq işlərlə məşğul olan insanlar yaradır. Və öz 58 illik təcrübəmizə əsasən deyə bilərəm ki, bazarda axmaq oyunçuların sayı artmağa davam edir. Bəzən onların axmaqlığı məni heyrətləndirir. Buna görə də, son 10 ildə siz 10 və ya 15 axmaq sığorta şirkəti yaradıb qazanc əldə edə bilərdiniz. Xoşbəxtlikdən, 1965-ci ildə etmək istədiyimiz axmaq işlər üçün heç kim bizə pul vermədi.
Çarli Manqer: İndi bu qədər pul ağıllı adamların əlindədir, hamı bir-birini qabaqlamağa, bacardıqca başqalarını aldatmağa çalışır. Bugünkü dünya ilk addımlarımızı atdığımız dünyadan əsaslı şəkildə fərqlənir. Mənə elə gəlir ki, yeni dünyada da müəyyən imkanlar olacaq, lakin xoşagəlməz məqamlar da istisna deyil.
Uorren Baffet: Dünya qısamüddətli perspektivə köklənib. Bu gün doğulub onu var-dövlətə çevirmək ümidi ilə cüzi məbləğlə nəyəsə nail olmağa çalışmaqdan çəkinməzdim. Yeri gəlmişkən, Çarli də həmçinin.
Çarli Manqer: Mən böyük pullarımı itirib kiçik pullarla qalmaq istəməzdim. Böyük pul böyük olduğu üçün yaxşıdır.
Uorren Baffet: Həll elədik.
Çarli Manqer: Həqiqətən də! Heç kim bizim qədər böyük pulları sevmir.
Forbes USA: Əmlakın planlaşdırımasında geniş yayılmış problem haqqında nə düşünürsünüz? Əksər valideynlər gənc nəsli əmlak mirasına hazırlaya bilmirlər.
Uorren Baffet: Mən bunu bir çox imkanlı ailələrdə görmüşəm və onların hər birinin problemləri fərqlidir. Məsələn, mənim ailəmdə elədir ki, mən vəsiyyətnaməni yalnız üç uşağım onu oxuduqdan, hər şeyi başa düşdükdən sonra imzalamışam. İndi mənim övladlarımın 60 yaşı var, amma mən bunu onlar 20 yaşında ikən etsəydim, uğur qazanmaq şansları çox az olardı. Hər şey konkret ailədən, uşaqların bir-birinə münasibətindən və müəyyən məsələlərlə bağlı fikirlərindən asılıdır.
Mən əminəm ki, əgər uşaqlar artıq yetkindirlərsə və vəsiyyətnamənin elanı zamanı mərhumun niyyətini ilk dəfə eşidirlərsə, bu valideyn dəhşətli səhvə yol verir. Müxtəlif hallar görmüşəm, bəziləri övladlarına heç nə demir, hətta bəzən öz iradələri ilə şantaj edərək onları manipulyasiya etməyə çalışırlar. Valideynlər milyonlarla səhv edirlər, lakin bu səhv artıq düzəldilə bilməz. Buna görə problemi düzgün həll etmək vacibdir. Uşaqlara müəyyən dəyərləri aşılamaq istəyirsinizsə, özünüz də onları rəhbər tutmalısınız. Onlara necə bir insan olduğunuzu izah etməyiniz çox vacibdir.
Bununla yanaşı, yaxşı yazılmış vəsiyyətnamə valideyn qayğısını əvəz edə bilmir, onun sayəsində uşaqlar sizin həyat dəyərlərinizi mənimsəyir. Vəsiyyətnamə yalnız təsdiq üçündür. Çarli ilə mən həmişə belə deyirik. Əgər siz necə bir həyat yaşamaq istədiyinizi başa düşmək istəyirsinizsə, öz nekroloqunuzu yazın və sonra onu tərkib hissələrinə bölün.
Forbes USA: Qreq Abel və Ajit Jain – bu, "Berkshire Hathaway" liderlərinin növbəti nəslidir. Bu adamlar kimdir və öz vəzifələrində nə edirlər?
Uorren Baffet: Qəliz sualdır. Onların ən böyük şirkətlər və digər müxtəlif təşkilatlar qədər adamları yoxdur, lakin beş işçi də kifayət deyil. Çoxlu yaxşı menecerlər və ən yüksək səviyyədə kapitalı bölüşdürəcək və hər bir şöbənin başında səlahiyyətli bir rəhbərin olmasını təmin edəcək bir şəxs lazımdır.
Çarli Manqer: "Berkshire Hathaway" törəmə müəssisələrində çoxlu yaxşı adamlar var və şirkətlərimizin digər konqlomeratlardan daha yaxşı işləməsinin bir sıra səbəbələri var. Onlardan biri odur ki, biz menecerləri başqalarına nisbətən daha az dəyişirik və bu, bizə çox kömək edir.
Forbes USA: Hamıya Amerikaya qarşı mərc etməməyi tövsiyə edirsiniz. Sizcə, ABŞ-ın güclü qalmasına ən çox nə kömək edir?
Uorren Baffet: Amerika – çox gənc ölkədir. Dövlətimiz dünya arenasında kifayət qədər gənc oyunçudur. Yəni yarandığı gündən (4 iyul 1776-cı ildə 13 dövlətin müstəqilliyini elan etdiyi andan) cəmi 234 il keçir. Bu heç nədir. Çarli ilə mənim yaşadığım illəri toplasanız, ölkə tarixinin üçdə iksini alarsınız. Biz 46 ümummilli seçkidən keçdik, hətta vətəndaş müharibəsini gördük. Müəyyən mənada ölkəmizin çox böyü üstünlükləri var, çünki biz 1790-cı ildə dünya əhalisinin 1.5%-i ilə başlamışıq, bu gün isə qlobal ÜDM-ın demək olar ki, 25%-nə sahibik.
1940-cı illərdə atam Konqres üzvü idi, sonra hökumət qarışıqlıq içində idi. Müharibə müəyyən dərəcədə hamını birləşdirdi, lakin tərəflər arasında ziddiyyətlər hələ də qalırdı. Hesab edirəm ki, bizim indiki problemimiz siyasi məşğulluqdur. Görünür, məsələ müxtəlif qrupların təcrid olunmaq istəyindədir. Hamı bir-birindən uzaqlaşır və bu, cinayətlərin artmasına səbəb olur, amma dünyanın hər hansı bir yerində doğulmaq seçimim olsaydı, yenə ABŞ-ı seçərdim. Həyat heç vaxt indikindən yaxşı olmayıb. / banker.az