"Cücələrim"lə başlayan Amerika səyahəti – Nyu Yorkda "Bakı" restoranları açan azərbaycanlı – "HİLARİ KLİNTON DA GƏLİRDİ" - MÜSAHİBƏ
Mikayıl Davidov: "Kənardan baxıb deyə bilərlər ki, biznesmendir. Amma mən oturmurdum axı, yatmamışam, işləmişəm. Çox zəhmət çəkmək lazımdır"
Uşaq vaxtından incəsənət sahəsində olur, ta 29 yaşına qədər. Ancaq bir gün "Gedim görüm Amerikada nə var, nə yox" deyib bu ölkəyə köçmək qərarı verir. Azərbaycandakı evini əlindən alırlar, Amerikaya miqrasiya üçün imtina alır, 10 ay sənədsiz İtaliyada yaşamalı olur. İmtina alanlardan özünü asan, intihar edənlər də olur. Ancaq o "nələrsə etməliyəm" deyib, ayaqda qalmağa çalışır. Söhbət 34 ildir ABŞ-da yaşayan, bu ölkədə ilk dəfə tanınmış "Bakı" restoranlarını yaradan azərbaycanlı iş adamı Mikayıl Davidovdan gedir.
"İlk otelim yatırımı 7 ildə, ikinci 2 ilə çıxardı" - MÜSAHİBƏ
Mikayıl Davidovu Azərbaycanda demək olar ki, hamı nə vaxtsa görüb. O 70-80-ci illərdə məşhur olan "Cücələrim" ansamblında çıxış edib.
Mikayıl Davidov Bakıda olduğu müddətdə -ın suallarını cavanlandırdı, öz keçdiyi yolu, təcrübəsini bölüşdü.
- Sənət adamı idiniz, amma Amerikaya köçdünüz, orada biznes adamı oldunuz. Niyə Amerikaya getmək qərarı vermişdiniz?
- Uşaq vaxtı "Cücələrim" rəqs ansamblının üzvlərindən idim. 16 yaşımdan Azərbaycan Dövlət Rəqs Ansamblında işləməyə başladım. Rəqs ansamblı ilə Hindistan, Yaponiya, Fransa, İtaliya, Finlandiya və s. bir çox ölkələrə qastrol səfərlərimiz oldu. 89-cu ildə dedim ki, mən bu həyatı bir dəfə yaşayıram. Ömrümün 29 ilini burada yaşadım. Gedim görüm Amerikada nə var, nə yox? Həyat yoldaşım, 2 yaşlı oğlumla bir yerdə getdik.
- Məqsəd ancaq Amerikanı görmək, orda yaşamaq idi, yoxsa iş məqsədləri var idi?
- Həm cazı çox sevirdim, həm də Amerikada olmamışdım. Ona görə, seçimim bu ölkə idi.
- Sovet vaxtı Amerikaya getmək indiki qədər asan deyildi. Necə getdiniz?
- Bəli, gedişimiz heç də asan olmadı. O vaxt yəhudilər ancaq İsrail vizası ilə Amerikaya gedə bilərdi. Biz isə sovet ölkəsinin vətəndaşı olan yəhudi idik. Amerikaya getdiyimiz üçün sovet bizim evimizi, vəsiqələrimizi əlimizdən aldı. Bizi öz vətənini satan kimi qiymətləndirdi. O vaxtın siyasəti belə idi. Bakıdan Amerikaya reys yox idi. Heç Moskvadan da Nyu-York, Vaşinqton reysləri yox idi. Biz Avstriyaya gəlib İsrail vizası alıb Amerikaya getmək istəyirdik. İsrail vizası ilə gedirsənsə, İsraildə yaşamalısan - deyə bir şey yox idi. Harada istəsən, yaşaya bilərdin. Biz Avstriyaya düşdük, 5 gün qaldıq, orda yəhudi təşkilatı var idi, onlar bizi qarşıladılar. Sonra İtaliyaya getdik. Oradan da birbaşa Amerikaya getməli idik. Ancaq orada bizi miqrasiya ilə bağlı sorğu-sual etdilər. Orada yalan danışmadım, düzünü dedim. Əlimi sıxıb çox böyük təşəkkür etdilər, amma iki gün sonra imtina verdilər (Gülür).
- Nə barədə yalan danışmadınız?
- Mən gərək qaçqın statusunu təsdiq edərdim. Qaçqın statusu ilə Amerikaya gələndə, sizin hər bir sənədiniz hazır olur. Onun üçün "Biz yəhudiləri Romada sıxışdırırlar, ona görə Amerikaya getməliyik" deməli idim. Amma belə bir şey görmədiyim üçün yalan demədim. Onu deyənlər də olurdu. Mən edə bilmədim.
- Bəs sonra Amerikaya necə getdiniz?
- Əslində, İtaliyada "yox" deyildiyi hallarda 1-1,5 ay bu ölkədə saxlayırdılar, sonra problemsiz Amerikaya göndərirdilər. Amma biz 10 ay orda qalmalı olduq. 10 ay sonra Amerikaya getmək üçün icazə verdilər.
- İtalyan dilini yəqin ki bilmirdiniz. Üstəlik ailə ilə getmisiniz. Həmin 10 aylıq müddət yəqin ki asan olmayıb.
- Əlbəttə, asan olmadı. Birincisi ona görə ki, mən bizə imtina veriləcəyini gözləmirdim. İmtina verildi və sən yad bir ölkədəsən. Nə şəhəri tanıyırsan, nə dilini bilirsən. Qastrollara gedəndə, müəyyən qədər ingilis dilini öyrənmişdim. Amma dərin dil biliyim yox idi. İngilis dilini bilsəydim belə, bu məni xilas etməyəcəkdi. İtalyan dili lazım idi.
Görəndə ki, hələ getməyim alınmır, işləmək haqqında düşündüm. Qonşumuzdan velosiped götürüb Çivitavekkya şəhərinə getdim. Hansı ki orada imiqrantlar heç yaşamırdı. Orada pizza restoranında iş tapdım. Yavaş-yavaş işlədim. Düzdür, pulu az verdilər. Amma mənə nədənsə başlamaq lazım idi.
Sonra 4-5 iş tapdım, eyni vaxtda hamısında işləyirdim. Yavaş-yavaş italyanlarla tanış oldum. İtalyan dilini öyrəndim. 10 ay sonra artıq Amerikaya getmək icazəm oldu. İtaliyadakı dostlarım getməyimi istəmirdilər, qalmağım üçün biznes də təklif edirdilər. Amma məqsədim Amerikaya getmək idi deyə, qalmadım.
- "Yox" alanların hamısı bu yolu keçirdi?
- İndi danışanda, belə "imtina aldıq" kimi deyəndə, bəlkə də asan görünə bilər. Amma çox böyük tragediya idi. Şəxsiyyət vəsiqəniz yox, heç nəyiniz yox, dili bilmirsiniz. İstədiyiniz ölkəyə getməyiniz də alınmır. Nə irəli gedə bilirsiniz, nə geri. Çalışıb nələrsə edənlər təbii ki var idi. İmtina alanlardan özünü asan, intihar edənlər də olurdu.
- İngilis dili biliyiniz də olmayıb, Amerikada necə başladınız?
- İngilis dilini bilmədiyim üçün yenidən başlamaq lazım idi. Bu da çox vaxt aparacaqdı. Daha 10 ay itirmək istəmirdim. Amerikada – Nyu-Yorkda müxtəlif ölkələrə məxsus rayonlar var. Məsələn, çinlilər yaşayan var, çin rayonu deyirlər. Azərbaycan, italyan, ispan və s. rayonlar var. Mən italyan rayonunun olduğu yeri araşdırıb ora getmək qərarı verdim. Azərbaycanlılar olan yerə ona görə getmədim ki, mən fərqli ölkə üçün getmişdim. Ona görə italyanları seçdim.
- İtalyan rayonunda iş tapmağınız necə oldu?
- Deməli, öyrəndim ki Amerikada bütün restoran və kafelərdə hesabdan əlavə 10 faiz də "bəxşiş" qoyulur. Mən də italyanlar yaşayan küçədəki bütün restoranlar, kafelər, barların qarşısından keçdim, dedim görüm hansına daha çox adam gəlib-gedir? Yəni hansının müştərisi daha çoxdur (Gülür)? Uğurlu gördüyüm yerə yaxınlaşıb iş olub-olmadığını soruşdum. Məni sorğu suala tutdular. Dedilər italyan dilində yaxşı danışırsınız, amma ləhcəniz var. Dedim mən azərbaycanlıyam. Dedi bəs italyan dilini harda öyrənmisiniz? Dedim 10 ay İtaliyada qalmışam. Dedilər 10 aya italyan dilində belə danışmazlar. Dedim musiqiçiyəm, ona görə dilləri daha tez öyrənirəm. İtalyanda dostlarım olub-olmadığını soruşdular. Dostlarıma zəng vurdular, birinci mən danışdım. Sonra onlar da danışdılar. İnandıqdan sonra işə götürdülər. Axşam 8-dən səhər 8-ə qədər rejimli bir iş idi. İşə başlayandan sonra gördüm ki, sadə kafe deyilmiş. Ona görə belə sorğu-sual ediblər. Siciliya kafesi idi. 5 zalı var idi, kart oynayırdılar. Orada işlədim, sonra orada menecer oldum.
- Bəs öz biznes fəaliyyətiniz nə zaman başladı? İlk cəhdləriniz nə idi?
- İlk iki biznes cəhdim elə o kafedə işlədiyim dövrdə olmuşdu. Ən birinci biznesim mebel mağazası oldu. Bibim oğlu ilə bir yerdə açmışdıq.
Bir də o vaxt sovet respublikası yıxılandan sonra Rusiyada heç nə yox idi. Digər ölkələrdən ora mal aparırdılar. Biz də rəqs ansamblı vaxtı Moskvaya çox gedib-gəlmişdik. Bibimgil orda yaşayırdı. Moskvanı gözəl tanıyırdım. İşdən bir aylıq icazə alıb Moskvaya mal apardım. 2 həftəyə yaxşı pul qazandım. Amma adama inandım, 2 milyon rubldan çox pulu adam məndən oğurladı. Yenə qayıtdım Amerikaya işə başladım.
- 1993-cü ildə "Bakı" restoranını açmısınız. O vaxt işləyib ailə saxlayan biri olaraq əlinizdə pul qalmışdı ki, restoran açırdınız?
- Birinci restoranı italyanla şərikli açmışdıq. 5 il bir yerdə olduq, sonra ortaqlıqdan çıxdı.
- Digər restoranları özünüz açdınız?
- Bəli. Digərlərində ortağım olmadı.
- İlk restoranınızdan danışaq.
- Birinci "Baku" restoranımız 75 nəfərlik idi, amma həddindən artıq populyar olmuşdu.
- Amerikada "Bakı" restoranı necə populyar oldu? Müştərilər kimlər idi?
- Müştərilərimizin çoxu sovet ölkələrindən idi. Onlar da ən gözəl müştərilər idi. Onlar Azərbaycan mətbəxinin, Qafqaz yeməyinin nə olduğunu bilirlər. Hər şey təbiidir.
Həm də restoran aeroport yolunda idi. Aeroportdan Manhettenə getmək üçün "Bakı" restoranının yanından keçirdin. Eşidən, bilən Amerikaya gələndə, çamadanlarla restorana gəlirdi, yemək yeyirdi, sonra gedirdi. Qayıdanda da bizim restoranda yeyirdilər.
O vaxt heç kim Amerikada manqalda kömürlə kabab bişirə bilmirdi. Biz onu birtəhər edirdik. Yoxlama gələndə, manqalı gizlədirdik. Bozbaş, dolma, qutab və s. hamısı var idi.
Bir çox məşhur adam o restoranda olub. Demək olar ki, o vaxtın bütün azərbaycanlı nazirləri olublar. Eyni zamanda Müslüm Maqomayev, Mstislav Rastropoviç olub, İqor Krutoy, Valery Meladze, Vaxtan Kekabidze, Nana Briqvadze kimi məşhur sənətçilər qonağımız olmuşdu. On il ərzində dünyada boks üzrə ağır çəki dərəcəsində üstünlüklərini qoruyub saxlayan Kliçko qardaşları. Balaca "Bakı" idi, amma qonaqları çox idi.
- Ona görə digər restoranları açmısınız.
- 1993-cü ilin noyabrında "Bakı" restoranını açmışdım. 1995-ci ildə "Abseron"u açdım. 1999-cu ildə artıq restoranı böyütmək üçün başqa yer götürməli olduq. 360 nəfərlik gözəl bir yer. Nyu-Cersi ştatında isə "Baku Green House"ı açdım. 2001-ci ildə isə "Baku Palace"ı tikməyə başladıq.
- O restoranlardan hansılar indi davam edir?
- "Baku Palace" hələ də davam edir. Çünki o brend oldu. O restoran 2003-cü ildə açılıb. Bruklində, çox gözəl yerdə yerləşir. Çay kənarı, gözəl mənzərə, yaxtalar və s. Hillary Klinton 2 dəfə orda olub. Konqresmenlər, senatorlar və s. gəlirdi.
- Maraqlıdır, Amerikada belə uğurlu bir restoran qurmaq üçün nə qədər maliyyə lazım gəldi?
- 6 milyon dollar.
- Müştərilərindən və brend olmağından görünür ki, xərcini çıxarıb.
- (Gülür) Bəli. Amma mənim üçün pul o qədər önəmli deyildi. Əvvəlki "Bakı" restoranını hamı tanıyırdı, qazanırdım da. Yəni pul qazanmaq fikri çəkmirdim. Azərbaycanı, Bakını daha çox tanıtmaq istəyirdim. Azərbaycanın adı olan məkan daha böyük, daha gözəl olsun deyirdim. Elə də oldu. Bütün bizim bayramlarımız, özəl günlərimizi qeyd edirdik.
- Azərbaycan yeməklərinin dadını Amerikada yüzdəyüz almaq mümkün olur?
- Hər bir yeməyimizi edirdik. Düzdür, Azərbaycandakı məhsullar tamam başqadır, ordakı tamam başqa. Amma mən hər zaman cəhd etmişəm ki, yaxşı məhsullardan bişirək. Maksimum səviyyədə yaxşı edək.
- Azərbaycan yeməklərinin Amerikada satışı hansı qiymətlə aparılır?
- Əvvəllər qiymətlə tamam başqa idi. Bu gün yeməklərimizin çoxunu 30-35 dollara təqdim edilir. Qutablar 3-3,5 dollara satılır. Amerikada dollar qazanırlar, ona görə orada qazanan üçün böyük pul deyil.
- Restoranlarınızda işçilər kimlər idi?
- Amerikada işçilərimizin çoxu azərbaycanlılar idi. Digər tərəfən, iş üçün yanıma gələn azərbaycanlıları canla-başla işə götürürdüm. Yanımda işləməyiblərsə, işə düzəltmişəm. Özümü tərifləmək üçün demirəm, amma buna çalışırdım.
- Restoranınız böyük olub, toylar da keçirilib. Azərbaycan və amerikalıların toyu arasında nə kimi fərq olurdu?
- 5 banket menyumuz var idi. 65 dollardan 220 dollara qədər idi. Hər kəs özünə uyğun qiymətə olanı seçirdi. Əsas fərq qonaqların sayında olurdu. Amerikalılar toyu az adamla edirdi. Maksimum 100-120 nəfərlik. Bizim toylarımız isə ən azı 270-300 nəfərlə olub.
- Amerikada restoran biznesi necədir?
- Ümumiyyətlə, restoran biznesi çox çətindir. Çünki restoranda bir neçə istiqamətdə peşəkar yanaşma olmalıdır. Dizayn, servis, musiqi, mətbəx gözəl olmalıdır. Amma hamısını gözəl şəkildə etmək asan deyil. Başqa bizneslərdə bu qədər xidmət bir arada cəmləşmir. Özü də Amerikada, seçim çox olan yerdə. Azərbaycan mətbəxini orada təqim etmək, adımıza restoran açmaq bir az çətin idi. Allahın köməkliyi ilə bacardıq.
- Bir də məşhur səsyazma studiyası biznesiniz olub.
- Bəli, 1995-ci ildə bir ortağımla Manhettendə "LN flyers" səsyazma studiyası aldıq. 20 il idi ki işləyən studiya idi. 1996-97-ci ildə 2 il davamlı olaraq o studiya "Billboard" jurnalına düşdü. İkinci dəfə dünyanın "Top 10" studiyasına düşdük. Dünyanın ən gözəl 10 studiyasından biri idi.
- O zaman məşhur ulduzların üz tutduğu yer olub…
- Robetra Flak, 50 Cent, Ne-You və s. ulduzlar gəlirdi.
- Sonra o biznesdən uzaqlaşmısınız. Niyə?
- 12 il şərikli işlətdik. Sonra o biznesdən mən çıxdım. Çünki başqa bizneslərə də fokuslanmışdım. Tikinti sahəsində də oldum, klinika da açdıq. Səhərdən axşama qədər restoranda oturmurdum. Mən bir yerdə otura bilmirəm.
- Ən çox hansı biznes gəlir gətirir?
- Hər biri fərqli biznesdir. Bəlkə də müqayisədə nə isə tam olmaya bilər. Stabil biznes olaraq restoran biznesini deyə bilərəm. Tam inşaata köklənsən, davamlı layihələr işləsən, daha çox gəlir gətirər.
- Amerikada özəl klinikanın gəliri əsas nədəndir? Çünki sığorta sistemi var.
- Klinikamız Bruklində yerləşir. İcbari tibbi sığortadan əlavə könüllü sığorta sistemi Amerikada məşhurdur. İnsanlar sağlamlıqlarını özəl sığorta şirkətlərində sığortalayırlar. Sonra müayinə və müalicə üçün istədikləri klinikaya gedirlər. Bu zaman pulu özü deyil, sığorta şirkəti ödəyir. Bizim klinikaya da müştərilər elə gəlirlər. Sığorta olmasa, klinika xərcləri çox bahadır. Ona görə hər kəs könüllü sığorta etdirir.
- Amerikaya 30 il əvvəl deyil, indi getsəydiniz, nə edərdiniz?
- Bəlkə də indi getməzdim. Çünki mən vətənimi çox sevirəm. Amerikada restoranlarımın adını Davidov deyil, "Bakı", "Abşeron" qoymuşam.
- 34 il keçdi, bu gün 63 yaşınız var. Artıq Azərbaycana qayıtmaq fikriniz var, deyəsən.
- 25 ildən çox restoran işlətdim. Düzü, yoruldum. Restoran biznesi Amerikada adamı çox yorur. Azərbaycanda restoran açmaq yüngüldür. Orada çox çətindir.
Digər tərəfdən, ən yaxın dostlar kimdir? Uşaqlıq, gənclik dostların. Düzdür, Amerikada gözəl adamlar var. Çox adamlarla tanış oldum. Amma ürəyim Azərbaycanı istəyirdi.
- Restoranları necə etdiniz bəs?
- Bəzilərini satdım, binası mənim olanı isə icarəyə verdim.
- "Gedim görüm oralarda nə var, nə yox" – deyib Amerikaya getmisiniz. 34 il necə keçdi?
- Bəli, getməyimə dəydi. Doya-doya yaşadım. Evimiz, gəlirimiz oldu. Hər şeyi gördüm. Yaxşı yaşadım. Həddindən artıq çox zəhmət çəkdim. Amma həmişə Allahdan razıyam. İstədiyim həyatı yaşadım. İstəmək olar, amma istəmək yetərli deyil. Onun üçün çalışdım da. Məqsədiniz varsa, gərək çox şeydən imtina edəsiniz, fokusunuz o olsun. Mən İtaliyada 4-5 yerdə işləyirdim. Yaxud Amerikada kafedə işlədiyim dönəmdə axşam 8-dən səhər 8-ə kimi kafedə işləyirdim. Səhər 11-də də mebel dükanında olurdum. 5-ə kimi də orda olurdum. Gündə 2 saat yatırdım. Danışanda, yüngül gəlir, amma çətin keçirdi. Həmin kafenin özündə işləmək də asan deyildi. Çünki elə-belə yer deyildi. İlk dəfə biləndə, dedim ki, mən hara düşmüşəm? Amma geri dönməmişəm. Dedim qismətim burdadır, nə qədər lazımdır işləyəcəm.
Özüm üçün heç nə almırdım. 4 ağ köynəyim, 2 qara şalvarım, 1 ayaqqabım var idi. Başqa heç nə almırdım. Qazandığımı yığıb vəziyyətdən tez çıxmaq istəyirdim. Onları hər zaman almaq olar.
- Yəni istədiklərimiz özü ayağımıza gəlmir.
- Mən özümə söz vermişdim ki, nəsə edəcəm. Deyirdilər ki, İtaliyada nə edəcəksən? Deyirdim ki, küçələri süpürəcəm. Pizza yerində nə edirdim? Onu yu, bunu yu, onu daşı, bunu daşı. Bunlar mənim üçün problem deyildi. İşləmək ayıb deyil. Bu gün ayaqyolu təmizləyə bilərəm, amma sabah başqa yerdə ola bilərəm. O vaxt Azərbaycandan gedənlərdən eləsi var idi ki, domino oynayırdı, deyirdi ki, saatıma 5 dollar istəmirəm, 8-10 dollar versinlər işləyim. Amma sən nə bacarırsan ki, o qədər pul versinlər? O adamlar elə də oturublar. İllər keçdi, heç nə edə bilmədilər. İndi kənardan baxıb mənə deyə bilərlər ki, biznesmendir. Amma mən oturmurdum axı. Yatmamışam, işləmişəm. Çox zəhmət çəkmək lazımdır.
- Azərbaycana dönsəniz, nə etmək fikriniz var?
- Vətənimdən ləzzət alacam. İş cəhətdən soruşursunuzsa, nələrsə edəcəm. Təkliflər var. Deyirlər ki, gəl restoran açaq? Deyirəm ki, yenə restoran? Azərbaycanda mənə restoran açmaq asandır, nəinki Amerikada. İndi Amerikada da açmaq asandır, o vaxt çətin idi. Bakıda hər şey əlinin altındadır. Aşpaz, məhsul ən yaxşısını tapa bilərsən.
- Sonda diaspora fəaliyyətinizdən də danışaq. Çünki Amerikaya getdiyiniz zamandan bu istiqamətdə aktiv olmusunuz.
- O vaxtı Amerikada çox azərbaycanlı yox idi. Biz getdiyimiz dönəmlərdə diaspora fəaliyyətinə başladıq. Biz Amerikaya təzə gəlmişdik. Anam, nənəmgil hələ Bakıda yaşayırdılar. Biz Azərbaycanda 20 Yanvar hadisəsini eşitdik. Evə zəng vurduq, anam dedi ki, burada vəziyyət çox pisdir. Onu eşidib Nyu-Yorkda türk evinə getdim. Ordan Azərbaycanın milli hərəkat dövründəki bayraqlarını götürdüm. 5-6 nəfər də pakistanlı, əfqanlı tapdım ki, bizə bir az oxşasın. Bir nəfərdən də xahiş etdim ki, dil cəhətdən bizə köməklik etsin. Çünki ingilis dilini bilmirdim. Etiraz etdik. Neçə illər keçdi. Ümumilli lider Heydər Əliyev bunu eşitmişdi, bizi tapmağı tapşırmışdı. Elə birinci dəfə görüşümüz oldu. Sonra Heydər Əliyevlə 5-6 dəfə görüşümüz olub. Bir dəfə də mənimlə xüsusi görüşmüşdü.
Xüsusi olaraq üçün Aygün Asimqızı / fed.az