Nərgiz Əliyeva: "Daxili audit sadəcə yoxlama deyil"

Nərgiz Əliyeva: May ayı dünyada Daxili Audit Ayı kimi qeyd olunur. Unibank KB Daxili Audit Departamentinin direktoru Nərgiz Əliyeva ilə müsahibədə bankın fəaliyyətində daxili auditin rolu və imkanları haqqında danışdıq.
Nərgiz xanım, may ayının dünyada Daxili Audit Ayı kimi qeyd olunması təşəbbüsünün əsas məqsədi nədir və audit sahəsi üçün nə kimi əhəmiyyət daşıyır?
May ayı dünyada The Institute of Internal Auditor (IIA) tərəfindən Daxili Audit Ayı kimi qeyd olunur. Bu təşəbbüs ilk dəfə 1990-cı illərdə daxili audit peşəsinin əhəmiyyətini biznes ictimaiyyətinə və cəmiyyətə daha yaxından tanıtmaq məqsədilə yaradılıb. İllər ərzində təşəbbüs qlobal miqyasda genişlənərək dünyanın müxtəlif ölkələrindən 260 mindən çox üzvü əhatə edən böyük beynəlxalq peşəkar platformaya çevrilib.
Təşəbbüsün əsas məqsədi daxili auditlə bağlı stereotipləri qırmaq, onun korporativ idarəetmə və risklərin idarə olunmasındakı vacib rolunu vurğulamaqdır. Bu çərçivədə keçirilən tədbirlər həm peşəkar icmanı gücləndirir, həm də gənclərin bu sahəyə marağını artırır.
Daxili audit çox zaman yalnız yoxlama funksiyası kimi qəbul olunur. Sizcə daxili auditin bank üçün daha geniş rolu nədən ibarətdir?
Audit mahiyyətcə yoxlama funksiyası olsa da, onun məqsədi sadəcə təftiş və ya nöqsan axtarışı deyil. Burada əsas sual budur: Biz nə üçün yoxlama aparırıq və məqsəd nədir? Daxili Auditin əsas məqsədi təşkilatın daha təhlükəsiz, effektiv idarə olunmasına dəstək verməkdir.
Biz sadəcə yoxlama aparmırıq. Eyni zamanda nəzarət mexanizmlərini, idarəetmə yanaşmalarını və risklərin qarşısını almağa və idarə edilməsinə xidmət edən sistemləri qiymətləndiririk. Bu baxımdan audit daha geniş mahiyyət daşıyır və təşkilatın daha dayanıqlı, şəffaf və effektiv fəaliyyət göstərməsinə töhfə verir.
Daxili audit bankın gündəlik fəaliyyətinə necə təsir göstərir? Onu risklərin qabaqlanmasında hansı rolu ilə izah edərdiniz?
Bu, çox yaxşı sualdır. Bu yaxınlarda bir paylaşımda belə bir ifadəyə rast gəlmişdim: daxili audit çox zaman pərdə arxasında fəaliyyət göstərən bir funksiyadır. Həqiqətən də, gündəlik olaraq bankın hər bir əməkdaşı auditin gördüyü işi birbaşa hiss etməyə və ya görməyə bilər. Daxili audit çox zaman "pərdə arxasında" fəaliyyət göstərsə də, onun təsiri davamlı və aktivdir. Gündəlik iş prosesində əməkdaşlar rutin əməliyyatlara fokuslandığı halda, daxili audit həmin proseslərə kənardan, fərqli baxış bucağından və daha geniş prizmadan baxır. Mən bunu bəzən "3D baxış" adlandırıram.  Bu yanaşma riskləri daha erkən mərhələdə müəyyən etməyə və gündəlik fəaliyyətlərə fərqli perspektiv qazandırmağa imkan verir.
Müasir bankçılıqda risklər sürətlə dəyişir. Audit bu dəyişikliklərə necə uyğunlaşır?
Müasir bankçılıqda risk mühiti çox sürətlə dəyişir və təbii ki, daxili audit də bu dəyişikliklərə uyğunlaşmalıdır. Bu inkişaf tempindən geri qalmamağın əsas yolu davamlı peşəkar inkişaf və dəyişən mühit barədə məlumatlılığın artırılmasıdır. Buraya həm yeni risklərin, həm tənzimləyici tələblərin, həm də beynəlxalq standartların davamlı şəkildə izlənilməsi daxildir.
Daxili audit üçün vacib tələblərdən biri fəaliyyət göstərdiyi mühiti və təşkilatın strateji məqsədlərini anlamaqdır. Bankın hansı istiqamətdə inkişaf etdiyini, hansı risklərlə üzləşdiyini anlamadan keyfiyyətli audit xidməti təqdim etmək mümkün deyil. Buna görə audit daim dəyişən risk profilini izləməli və öz yanaşmalarını yeniləməlidir.
Əslində bu, peşənin ayrılmaz hissəsidir. Qlobal Daxili Audit Standartları da auditorların davamlı peşəkar inkişaf keçməsini, bilik və bacarıqlarını mütəmadi olaraq artırmasını tələb edir.
Rəqəmsallaşma və yeni texnologiyalar audit proseslərinə hansı yenilikləri gətirib?
Rəqəmsallaşma və yeni texnologiyalar audit yanaşmalarını da ciddi şəkildə dəyişib. Əvvəlki dövrlərdə audit daha çox seçmə üsulu əsasında aparılırdı, yəni auditorlar ümumi əməliyyat həcmi içərisindən müəyyən sayda əməliyyatı seçərək onları yoxlayır və nəticələri həmin nümunə üzərindən qiymətləndirirdilər. Bu gün isə bank sektorunda rəqəmsal məhsulların və əməliyyatların həcmi sürətlə artdığı üçün artıq yalnız seçmə yanaşması kifayət etmir.
Hazırda audit daha çox data analitikası və məlumatların geniş şəkildə təhlili üzərində qurulur. Məqsəd yalnız ayrı-ayrı əməliyyatlara baxmaq deyil, bütöv məlumat bazasını analiz edərək daha dəqiq və əsaslandırılmış nəticələr əldə etməkdir. Bunun üçün müxtəlif alətlər və texnologiyalardan istifadə olunur ki, onlar böyük və kompleks məlumatları analiz etməyə imkan verir.
Güclü audit sistemi bankın ümumi etibarlılığına və müştəri etimadına necə təsir edir? Audit nəticələri bank daxilində hansı dəyişikliklərə və inkişaflara səbəb olur?
Daxili audit təşkilat daxilində müstəqil fəaliyyət göstərən bir funksiyadır. Müstəqil bir funksiyanın prosesləri obyektiv qiymətləndirməsi həm rəhbərlikdə, həm də müştərilərdə əlavə inam yaradır.
Daxili audit bankın müxtəlif funksiyalarını, proseslərini və onların bir-biri ilə əlaqəsini qiymətləndirir. Nəticədə həm risklərin idarə olunması, həm də əməliyyatların keyfiyyəti baxımından inkişaf imkanları müəyyən olunur.
Eyni zamanda audit müəyyən mənada fərqli strukturlar arasında kommunikasiya körpüsü rolunu oynayır. Çünki audit bir prosesi "end-to-end"- yəni başlanğıcdan sonadək görə bilir və bu prosesdə iştirak edən hər bir strukturun rolunu qiymətləndirir. Bu yanaşma funksiyalar arasında koordinasiyanın güclənməsinə və problemlərin daha sistemli şəkildə həll olunmasına kömək edir.
Nəticə etibarilə daha güclü nəzarət mühiti formalaşır, proseslər optimallaşır və bu da son nəticədə müştəri məmnuniyyətinə müsbət təsir göstərir. Bank daxilində proseslərin effektiv qurulması birbaşa xidmət keyfiyyətinə təsir edən amillərdən biridir.
Bizim əsas hədəfimiz sadəcə bir nöqsanı aradan qaldırmaq deyil, problemin "kök səbəbini" (root cause) müəyyən etməkdir. Məhz kök səbəbin aradan qaldırılması proseslərin optimallaşmasına və dayanıqlı nəzarət mühitinin formalaşmasına səbəb olur.
Audit sahəsində çalışan əməkdaşlar üçün hansı bilik və bacarıqlar xüsusilə vacibdir?
Daxili audit multidisiplinar bir sahə olduğu üçün auditorlardan müxtəlif istiqamətlər üzrə geniş bilik və bacarıqlar tələb olunur. Auditor maliyyə, daxili nəzarət sistemləri, dələduzluq riskləri, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi kimi sahələr üzrə əsas anlayışlara sahib olmalıdır. Burada məqsəd hər sahənin texniki eksperti olmaq deyil, həmin istiqamətlərin əsas prinsiplərini başa düşmək və prosesləri obyektiv qiymətləndirə bilməkdir.
Eyni zamanda analitik düşüncə, effektiv kommunikasiya və dəyişən risk mühitinə sürətli uyğunlaşma qabiliyyəti audit peşəsinin ən vacib elementlərindəndir.
Sonda, audit sahəsinə maraq göstərən gənclərə nə tövsiyə edərdiniz?
Daxili audit maraqlı və dinamik peşələrdən biridir, amma eyni zamanda ciddi hazırlıq tələb edən bir sahədir. Məncə, yaxşı auditor olmaq üçün yalnız nəzəri bilik kifayət etmir. Bu peşə müəyyən bacarıqlar, analitik düşüncə, davamlı öyrənmə, yüksək ünsiyyət və fərqli sahələri başa düşmək qabiliyyəti tələb edir. Peşəkar auditor kimi formalaşmaq zaman və təcrübə tələb edən bir prosesdir.
Sualınıza gəlincə, gənclərə tövsiyəm odur ki, bu sahəyə yalnız "yoxlama" fəaliyyəti kimi baxmasınlar. Audit çox geniş baxış bucağı qazandıran, insanın həm peşəkar, həm də şəxsi inkişafına ciddi töhfə verən, fərqli sahələri dərindən öyrənməyə imkan yaradan çox maraqlı bir karyera yoludur. / banker.az

Banklar     Tarix: 14 may 2026

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler dollar kursu biznes ideyalari bitkoin almaq avtomobil xeberleri