Özəl pensiya fondları, distant kreditlər və yaşıl taksonomiya – 2025-ci ildə Azərbaycanın maliyyə bazarını nə gözləyir?

Özəl pensiya fondları, distant kreditlər və yaşıl taksonomiya – 2025-ci ildə Azərbaycanın maliyyə bazarını nə gözləyir?2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasının 5 mühüm sütunundan biri də maliyyə sektorunun dayanıqlığını möhkəmləndirməkdir. Bu istiqamətdə Mərkəzi Bankın yaxın dövrdə əsas fəaliyyəti bütün seqmentlər üzrə maliyyə dayanıqlığının tənzimləmə çərçivəsinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və risk əsaslı nəzarətin tətbiqi olacaq.
Bu sözləri Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.
O, təmsil etdiyi qurumun maliyyə bazarlarında tənzimləmə strategiyası, "Yaşıl Taksonomiya"nın ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyəti, məsafədən kreditləşmədən, eləcə də ölkədə özəl pensiya sisteminin qurulması üzrə indiyədək atılan addımlar və hədəflərlə bağlı sualları cavablandırıb.
Mərkəzi Bankın baş direktoru əvvəlcə Azərbaycanın maliyyə sektorunun dayanıqlığının möhkəmlənməsində atılan addımlardan və bu yöndə görülməsi planlaşdırılan işlərdən danışıb. O bildirib ki, Mərkəzi Bank haqqında Qanuna əsasən, maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, o cümlədən maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi Mərkəzi Bankın əsas funksiyalarındandır: "Mərkəzi Bank tərəfindən həyata keçirilən proaktiv nəzarət tədbirləri, həssaslıq zonalarını formalaşdıran risklər üzrə prudensial tələblərin gücləndirilməsi, habelə sektor ilə intensiv dialoq, tənzimləmə və nəzarət çərçivəsinin modernizasiyası üzrə görülmüş işlər bu istiqamətdə Mərkəzi Bankın fəaliyyətini əks etdirir. Ötən ilin sonu maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində strateji baxışını əks etdirən Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi və "Risk əsaslı nəzarət üzrə Siyasət" konsepsiyası sənədləri təsdiq olunmuşdur. Bank sektorunun dayanıqlığını artırmaq və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək üçün 2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0,5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi ilə bağlı qərar qəbul edilmişdir".
"2024-cü ildə bank sektorunda tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi məqsədilə aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması üzrə requlyativ tələblər gücləndirilmiş, əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının artırılması məqsədilə ölkədə agent bankçılıq modelinin tətbiqi, habelə istehlak krediti götürən fiziki şəxslərin həyat sığortası risklərinin azaldılması üçün tənzimləmə tələbləri müəyyən edilmiş, korporativ idarəetmə standartları təkmilləşdirilmişdir. Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin stimullaşdırılması və bu seqmentin tənzimlənməsinin gücləndirilməsi məqsədilə bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi üzrə requlyativ çərçivə formalaşdırılmış, habelə bu növ kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi qaydaları, o cümlədən kapital və ehtiyatlanma tələblərinə, yeni prudensial normativlərin tətbiqinə başlanılmışdır", – deyə Ş. Mahmudzadə xatırladıb.
O, eyni zamanda sığorta sektorunda tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi məqsədilə əldə olunan nailiyyətlər və gələcək hədəflərlə bağlı sualı da cavablandırarkən bunları qeyd edib: "Sığorta sektorunda tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi məqsədilə sığortaçılarda korporativ idarəetmə standartları təsdiq edilmiş, sığorta ehtiyatlarının tərkibi, formalaşdırılması və sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanması, həmçinin katastrofik risklər üzrə ehtiyatın hesablanmasını tənzimləmək məqsədilə hazırlanmış qaydalar təsdiq edilmişdir. Eyni zamanda dövr ərzində sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları təsdiq edilmiş, avto-icbari məhsulunun təkmilləşdirilməsi istiqamətində qanunvericilikdə dəyişikliklər həyata keçirilmişdir.
Bundan başqa, il ərzində qiymətli kağızlar bazarı və ödəniş sistemləri üzrə də tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyət həyata keçirilmişdir.
2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasının 5 mühüm sütunundan biri də maliyyə sektorunun dayanıqlığını möhkəmləndirməkdir. Bu istiqamətdə Mərkəzi Bankın yaxın dövrdə əsas fəaliyyəti bütün seqmentlər üzrə maliyyə dayanıqlığının tənzimləmə çərçivəsinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və risk əsaslı nəzarətin tətbiqi olacaq".
Həmçinin, tənzimləyici qurumun baş direktoru Mərkəzi Bankın xüsusi təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə vahid taksonomiya üzərində işlərin davam etdiyini diqqətə çatdırıb. O, vahid taksonomiyadan gözləntilərini bölüşüb: "Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mərkəzi Bank tərəfindən beynəlxalq tərəfdaşlar (IFC, SBFN, IPSF, UNDP) ilə birgə "Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi" hazırlanmış və elan olunmuşdur.
COP29-dan sonra tərəfdaşlar Yol xəritəsinin icrası üzrə işlərə start verilmişdir. Yol Xəritəsi müxtəlif təşkilatların bu sahədə fəaliyyətlərini uzlaşdırmaq, təkrarlanmaların qarşısını almaq və hər bir təşkilat tərəfindən həyata keçirilən tədbirlərin Yol Xəritəsinin əsas sütunları ilə əlaqəliliyini təmin etmək üçün bir platforma kimi fəaliyyət göstərəcək. Yol xəritəsinin hazırlanmasında olduğu kimi, onun realizasiyasına da Mərkəzi Bank əsas tərəflərdən biridir".
Taksonomiya həm yerli, həm də xarici investorlar üçün yaşıl layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi prosesini asanlaşdıraraq, yaşıl iqtisadiyyata keçidi sürətləndirəcək…
Mərkəzi Bankın İdarə Heyətinin 7 noyabr 2024-cü il tarixli qərarı ilə "Yaşıl Taksonomiya"nın təsdiqləndiyini xatırladan qurum rəsmisi, onun ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətindən də danışıb. Ş. Mahmudzadə "Yaşıl taksonomiya"nın qəbul edilməsinin ölkədə dayanıqlı inkişaf hədəflərinə çatmaq istiqamətində atılmış önəmli addımlardan biri olduğunu vurğulayıb: "Bu sənəd ekoloji cəhətdən dayanıqlı iqtisadi fəaliyyətlərə vahid yanaşmanı təmin etməklə, yaşıl maliyyələşdirmənin sistemli şəkildə inkişaf etdirilməsinə və maliyyə bazarlarında ekoloji aspektlərin nəzərə alınmasına şərait yaradır.
"Yaşıl Taksonomiya"nın tətbiqinin dəstəklənməsi məqsədilə Mərkəzi Bank tərəfindən "Yaşıl" və "Dayanıqlılıqla əlaqəli" kreditlərin verilməsi təlimatı qəbul edilmişdir. Təlimatın qəbul edilməsi bankları taksonomiyaya əsaslanan yaşıl kredit portfelini formalaşdırmaqda dəstəkləyəcək. Qeyd edək ki, ölkənin bank sektoru COP-29 çərçivəsində 2030-cu ilədək Azərbaycanın dayanıqlı və aşağı karbonlu iqtisadiyyata keçidinə töhfə verəcək dayanıqlı və "yaşıl" layihələrin maliyyələşdirilməsinə 2 milyard manat ayrılması haqqında öhdəlik bəyanatını elan edib. Taksonomiya bu öhdəliyin reallaşdırıması üçün mühüm alət kimi çıxış edir".
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının ilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir…
Ş. Mahmudzadə son zamanlar cəmiyyəti maraqlandıran əsas mövzulardan biri kimi, özəl pensiya fondunun yaradılması ilə bağlı görülən işlərə və bu yeniliyin üstünlüklərinə də aydınlıq gətirib: "Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli Sərəncamı əsasında təsdiqlənmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" (Strategiya) üzrə "Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sisteminin təkmilləşdirilməsi" tədbiri müəyyən edilmişdir. Qeyd edilən tədbir çərçivəsində əsas icraçı qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyd edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilmiş və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanmışdır.
Nəzərinizə çatdırırıq ki, ölkədə effektiv qeyri-dövlət pensiya sisteminin qurulması və işlərin operativ qaydada aparılmasının təmin edilməsi məqsədilə Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr aparılmaqdadır. Eyni zamanda, yuxarıda qeyd olunan məqsədə nail olunmasına töhfə vermək üçün dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri də qarşılıqlı fəaliyyət göstərirlər.
Hazırda Strategiyadan irəli gələn bir sıra məsələlərin, o cümlədən ilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir".
"Ümumilikdə, özəl pensiya fondlarının qurulması ölkədə investisiya mühitinin təkmilləşdirilməsinə, yeni maliyyə institutlarının formalaşdırılmasına, uzunmüddətli maliyyə alətlərinin formalaşdırılmasına və maliyyə bazarlarının dərinləşməsinə şərait yaradılmasına imkan verməklə yanaşı, əhalinin sosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdan əvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahının artırılmasına, sağlamlığına və ya maddi təminatına dair yarana biləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbət təsir göstərəcək", – deyə Mərkəzi Bankın baş direktoru qeyd edib.
Mərkəzi Bank məsafədən kreditləşmə prosesinin tənzimlənməsi üçün müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işləri davam etdirir…
Ş. Mahmudzadə həmçinin, Azərbaycanda məsafədən kreditləşmənin tənzimlənməsi ilə bağlı son işlərdən danışıb və onun bütün bank və bank olmayan kredit təşkilatlarına (BOKT) tətbiq edilib-edilməyəcəyi ilə bağlı fikirlərini bölüşüb: "Son illərdə rəqəmsal transformasiya və maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində, o cümlədən məsafədən kreditlərin verilməsi ilə bağlı mühüm addımlar atılmışdır. Bu çərçivədə qəbul edilmiş yeni tələblər müştəri autentifikasiyasının gücləndirilməsini, məsafədən identifikasiya üsullarının tətbiqini və təhlükəsiz ödəniş əməliyyatlarının təmin edilməsini nəzərdə tutur.
Ötən il qəbul edilmiş yeni qaydalara əsasən BOKT-lar da məsafədən krediti verərkən banklar üçün məsafədən kreditin verilməsi ilə bağlı tələbləri özündə əks etdirən "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası"na əməl etməlidirlər.
Bununla yanaşı, Mərkəzi Bank məsafədən kreditləşmə prosesinin tənzimlənməsi üçün müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işləri davam etdirir. Belə ki, məsafədən kreditlərin verilməsi zamanı istehlakçıların hüquqlarının qorunması, şəffaflıq, ədalətli rəftar, məsuliyyətli kreditləşmə prinsiplərinə riayət edilməsi və risklərin effektiv idarə olunması əsas prioritetlərdən biridir və bu istiqamətdə yeni normativ sənədlər hazırlanmaqdadır. Qeyd olunan sənədlərin BOKT-lara da tətbiq edilməsi nəzərdə tutulub".
"Həmçinin qeyd etmək lazımdır ki, "Banklarda kredit risklərinin idarə edilməsi qaydası"na edilən son dəyişikliklərə əsasən kreditlərin verilməsi prosesində davranış modellərin istifadəsi mümkündür. Bu modellər əsasında borcalanın proqnozlaşdırılmış gəlir məlumatları müəyyən edilə və həmin məlumatlar borcalanın ödəmə qabiliyyətinin hesablanması zamanı nəzərə alına bilər. Qeyd olunan yenilik banklara istehlakçıların ödəmə vərdişlərini daha yaxşı qiymətləndirmək və kreditlərin həm məsuliyyətli, həm də əlçatan verilməsini təmin etmək imkanını yaradır", – deyə Ş. Mahmudzadə əlavə edib.
Maliyyə təhlükəsizliyini artırmaq üçün əhalinin məlumatlılıq səviyyəsinin yüksəldilməsi vacibdir…
Mərkəzi Bankın rəsmisi sonda bank sektorunda kibertəhlükəsizlik tədbirləri ilə bağlı atılan addımlardan, eləcə də bu istiqamətdə yeni mexanizmlərin tətbiqinin nəzərdə tutulub-tutulmamasından danışıb. Onun sözlərinə görə, Mərkəzi Bank maliyyə sektorunda kibertəhlükəsizliyin təmin edilməsi və bazar iştirakçılarının məsuliyyətli davranışlarının təşviqi məqsədilə bir sıra tədbirlər həyata keçirir: "Bu çərçivədə "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər" qəbul edilmiş və tətbiq olunmaqdadır. Bu tələblər, banklar və digər maliyyə institutlarında informasiya təhlükəsizliyi və kiberdayanıqlılığı gücləndirmək məqsədi daşıyır.
Bu çərçivədə ictimaiyyətin potensial dələduzluq və fırıldaqçılıq halları ilə üzləşməsinin qarşısını almaq və maliyyə təhlükəsizliyini artırmaq üçün əhalinin məlumatlılıq səviyyəsinin yüksəldilməsi də vacibdir. Bu məqsədlə müxtəlif informasiya kanalları və kommunikasiya vasitələrindən istifadə edilmiş, sosial çarxlar hazırlanmış və yayımlanmışdır. Qeyd olunan materiallar "bizimpullar.az" səhifələrində, eləcə də sosial şəbəkələrdə yerləşdirilmişdir".
"Həmçinin, hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdə tədbirlərin davam etdirilməsi və ictimaiyyətin məlumatlandırılması üçün yeni təşəbbüslər həyata keçirilir. Bunun üçün digər dövlət qurumları və maliyyə sahəsində fəaliyyət göstərən assosiasiyalar ilə sıx əməkdaşlıq etdirilir. Əhalinin müxtəlif qruplarını nəzərə alaraq, dələduzluq və fırıldaqçılıq mövzularda vebinarlar və təlimlərin keçirilməsi, maarifləndirici videoçarxların və öyrənmə materiallarının hazırlanması planlaşdırılır", – deyə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə qeyd edib. / banker.az

Banklar     Tarix: 06 mart 2025

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler biznes xeberleri bitkoin online pul qazanmaq avtomobil xeberleri