Bank lisenziyalarının alınması qaydası dəyişir

Bank lisenziyalarının alınması qaydası dəyişirBank lisenziyalarının alınması qaydası dəyişir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Banklar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bu sahədə səlahiyyətli qurum Mərkəzi Bank olacaq. Beləliklə, bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Mərəzi Banka yazılı şəkildə müraciət edəcəklər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
Qüvvədə olan qanuna görə, bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən maliyyə bazarlarına nəzarət orqanı bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları maliyyə bazarlarına nəzarət orqanına onun tələb edə biləcəyi məlumatı verir.
Layihəyə görə, bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən Mərkəzi Bank bankın kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və inzibatçıların məqbul və lazımi keyfiyyətlərə malik olması və bankın nizamnamə kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz. Bu müddəa sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə), benefisiar mülkiyyətçi olan şəxslərə, yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil ediləcək.
İlkin müraciətə əlavə olunan sənədlərdə də dəyişiklik var. Hazırda bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamnamə kapitalında təklif edilən hər bir sahibin (səhmdarın) payı, onların digər təşkilatlarda mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs üçün bu hüquqi şəxsin kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar, bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı. Hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə, rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış və bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə və bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə də ilkin müraciətə əlavə olunan səbədlər siyahısındadır.
Layihəyə əsasən isə ilkin müraciətə əlavə olunan sənədlər siyahısında aşağıdakılar olacaq:
- bankın təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, bankda mühüm iştirak pay sahiblərinin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə mühüm iştirak pay sahibləri hüquqi şəxs olduqda onların nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar və sənədlər;
- bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, rəhbər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
- bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun vətəndaş qüsursuzluğuna dair məlumat, mühüm iştirak payının sahibi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
- bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
- Mərkəzi Bankın müəyyən etdiyi formada bankın səhmdarları arasındakı münasibətlər və bankın benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış.
Mərkəzi Bankın lisenziyalar verməsi qaydası müəyyənləşir
Maliyyə bazarları sahəsində lisenziyaların (icazələrin) verilməsi, verilmiş lisenziyaların (icazələrin) qüvvəsinin dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi maliyyə bazarlarını tənzimləyən qanunlara uyğun olaraq Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forma və məzmunu Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Mərkəzi Bank maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya (icazə) olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir, bu barədə məlumatı özünün rəsmi internet səhifəsində və mediada açıqlayır, habelə qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir Mərkəzi Bank nəzarət subyektlərinə verdiyi lisenziya və icazələrin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə nəzarət subyektlərinin və onların filial, şöbə və nümayəndəliklərinin adları, ünvanları, rəhbər şəxslərinin adları, verilmiş lisenziya və icazələrin qeydiyyat nömrələri və tarixi, qüvvəsi məhdudlaşdırılmış, dayandırılmış və ləğv edilmiş lisenziyalar və icazələr barədə, habelə maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda digər məlumatlar daxil edilir.
© APA* / marja.az

Banklar     Tarix: 05 iyun 2023

Oxşar xəbərlər

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin dollar məzənnəsi biznes krediti